“Qurd Cəbrayıl”ın gerçək TARİXÇƏSİ

11-07-2019, 21:38           
“Qurd Cəbrayıl”ın gerçək TARİXÇƏSİ
Əslində, Allahın rizası onu “Əlibaxış oğlu”, xaçpərəstlər “Çyornı”, zindan qanunları “Paxan”, yaşadığı həyatsa “Qurd Cəbrayıl” eləmişdi. Bilirdi, qismətdən artıq yemək olmaz, elədiyin hər əməlin cəzası var. Cahil dövründə cinayətkarlığa qurşansa da, ömrünün axırına kimi ədalətli olmağa çalışmışdı. O, Allahına inanan, taleyin qismətinə boyun əyən adamıydı. Amma…

… Tale ona aman verməmişdi. Südəmər vaxtında anasını itirib ögey ana umuduna yaşamışdı. 9 yaşındasa atasız qalır. Balaca Cəbrayıl nənəsi Fatmanisəyə sığınır.

Bir gün…

…Babası Sonqulu kişi dövrünün ən məşhur dovğa bişirəni sayılırdı. Onun dovğası əlbəəl gəzirdi. “O olmasın, bu olsun” filmindəki bazar səhnəsində “Kəblə Sonqulunun dovğası” ifadəsi yadınızdadır? O elə Cəbrayılın babası Kərbəlayi Sonqulu kişinin dovğasıdır. Baba nəvəsini avaraçılıqdan çəkindirsin deyə, öz yanına götürür, ona bişirdiyi dovğaları satmağı tapşırır. Bir günsə bazar əhli Kərbəlayi Sonquluya şikayət eləyirlər:

– Kəbleyi, səndən çıxmayan iş, deyəsən, dovğaya su qatırsan?

Kərbəlayi Sonqulunun ömrü boyu haramla işi olmamışdı. Kişi əlindəki piyaləyə baxır, barmağını dişləyir: “Bu yetim, deyəsən, doğrudan da haramzadalıq eləyir.”

Nəvəsə babanın hirsi yatana kimi onun gözünə görünməsin deyə, bir müddət qohumlarıgildə qalmaq fikrinə düşür. O vaxt qohumları Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi yeni fabrikin yanında yaşayırdı. Ora rahat gedib- gəlməkdən ötrü kiçik gəmilərdən istifadə olunurdu. Cəbrayıl babasının qorxusundan özünü tərpənməkdə olan gəmilərdən birinə atır…

…Bu bir gün onun həyat işarələrini dəyişir…



Oğlu Xoşqədəm Quliyev:

– Bir gün Yusif Vəliyev dedi, mənə bir rol veriblər- Qurd Cəbrayıl obrazı. Cinayətkar adamdı. Eşitmişəm, sənin atan da həbsdə olub. İstəyirəm, onun hərəkətlərini, danışığını, mimikalarını götürüm. Kinoya çəkiləndə təbii alınsın. Atamı razı salmaq çətin olmadı. 36 il həbsdə olsa da, incəsənəti sevən adamıydı. Yusif Vəliyev bir aya qədər atamın yanında oturub -durdu. Atam hara gedirdi, kimlə görüşürdü, o da yanındaydı. Amma film ekranlara çıxanda atam artıq rəhmətə getmişdi…

O vaxt Yusif Vəliyevin də, Cəbrayıl Baxşıyevin də filmdəki baş qəhrəmanın, əslində, kim olduğundan xəbərləri yoxuydu. Bəlkə də, Elçin Əfəndiyev “Ox kimi bıçaq” povestini yazanda elə Cəbrayıl Baxşıyevin obrazını qələmə alıb. Yazıçı bu obraz haqqında gerçək faktları DİN-nin arxivlərindən götürüb.

– O kinodakı hadisələr, həqiqətən, atamın həyatında olub. Kinoda bıçağı milis rəisinin arxasınca atır haa, o hadisə Salyanda baş verib. O vaxt belə bir qanun vardı: kim həbsdə çox yatmışdısa, onu Bakıya buraxmırdılar. Ona görə də bizi Salyana sürgün eləmişdilər. 50-ci illərdə Salyana köçmüşdük, 6 il orda yaşadıq. Atam Salyanda MTS-də gözətçi işləyirdi. Bir gün oranı yoxlamağa gəlirlər, işləyənlərin kim olduğuyla maraqlanırlar. Atamın adı, soyadı müstəntiqə tanış gəlir. Başlayır atamı araşdırmağa. Sən demə, həmin müstəntiq vaxtilə atamın öldürdüyü milis rəisinin nəvəsidir. Onda atam həmin müstəntiqi vurur. Atamı yenidən tuturlar, biz Bakıya qayıdırıq…

… Həyat işarələrinin dəyişdiyi gün. Gəmi onu qohumlarıgilə yox, yad bir məmləkətə gətirib çıxarmışdı. Demə, çaşıb Həştərxana gedən gəmiyə minibmiş.

– Atam orda ağlayır, özünü öldürür ki, məni Bakıya qaytarın. Amma tale elə gətirir ki, qayıda bilmir. Axırda Ravil adlı bir tatar onu oğulluğa götürür. Sən demə, bu kişi varlı-hallı bir adammış, amma övladı yoxmuş. Düz 17 yaşına qədər Ravil kişiylə arvadı Qaliya atamı öz balaları kimi baxıb böyüdürlər. Evin təsərrüfatını, ailəyə məxsus olan qənd fabriklərinin önəmli işlərini ona tapşırırlar. Atam da onların inamını doğrultmaqdan ötrü əlindən gələni eləyir.

17 yaşında bir cinayətin şahidi olur. Fabrikə gedirmiş, yolu qəbiristanlıqdan düşür. Görür, arxadan iki atlı gəlir. Qorxusundan bir köhnə qəbrin arxasında gizlənir. Atlılar ondan 5-10 metr kənarda atdan düşürlər, sonra bir çala qazırlar. İri bir çuvalı həmin çalada basdırırlar. Atlılar gedən kimi atam ora yaxınlaşır, çalanı qazır. Çuvalın ağzını açanda boynunun kökünə bıçaq saplanmış bir qızın meyidini görür. Atam bıçağı çəkib çıxarır. Elə o anda qan onun üst-başına fışqırır, birdən qız başlayır tərpənməyə. Atam qorxudan huşunu itirir. Bir də xəstəxanada ayılır.

Artıq ömrünün ilk “dopros”ları başlamışdı. Qanun qarşısında cavab verməli, günahsız olduğunu sübuta yetirməliydi. Yaxşı ki, qız sağ qalmışdı, bir neçə gün sonra onları xəstəxanada üzləşdirirlər. Qızın gözəlliyi gənc Cəbrayılın ağlını başından alır. Onlar nəzarət altında 15 dəqiqə söhbət eləyirlər. Qız “bu oğlan mənim həyatımı xilas edib, ondan əl çəkin” – deyir.
Günlər keçir, Cəbrayıl qızı –Yasəməni unuda bilmir. Bir gün onunla yenidən görüşür. Sən demə, Yasəmən də Cəbrayıla vurulubmuş. Qız başına gələnləri Cəbrayıla danışır.

– Yasəmən varlı-hallı bir kişinin qızıymış. Onu öldürmək istəyən adamsa bacısının əri, bir də onun qardaşıymış. Qızın atasından qalan mülkə, pula sahib olmaq istəyirmişlər. Yasəmənlə atam arasında sevgi başlayır. Aradan təxminən iki il keçir. Yasəmən öz qisasını alır, onu öldürmək istəyənləri zəhərləyir. Atam bu hadisədən çox qorxur. Amma izin itirilməsində Yasəmənə yardım eləyir. Görürlər ki, artıq burda qala bilməyəcəklər. Cəbrayıl qızla birlikdə Bakıya qayıtmağa qərar verir.



…Həştərxandan cəmi üç stansiya uzaqlaşmışdılar. Cəbrayıl nəsə alsın deyə, qatardan enir. O dəm ara qarışır, atışma düşür. Oğlan bir ağacın arxasında gizlənir. Bir daha geri –qatara qayıtmır. Yasəmənsə Cəbrayılın öldüyünü düşünür.Həyat onları bir də 3 ildən sonra qarşılaşdırır…

Cəbrayıl gecə yarısı Bakı istiqamətinə gedən başqa bir qatara minir. İki gündən sonra 12 il əvvəl ayrıldığı Bakıya yetişir.

…Həmin dövrdə iki rus balasıyla tanış olur, sən demə, onlar Odessadan gələn oğrularmış. Onlardan biriylə -Kolyayla dostlaşır. Bu dostluq sonradan Cəbrayılla kriminal aləmin məşhur oğrusu – Rəşid oğlu Məhərrəmin tanışlığına da səbəb olur. Beləcə, oğru dünyasının qapıları Cəbrayılın üzünə açılır, tezliklə bacarıqlı oğrulardan birinə çevrilir.
Qeyd: Çəmbərəkəndli Rəşid oğlu Məhərrəm SSSR-də qəbul edilən və tanınan ilk "vor v zakone" olub.(Teref.az)

– 1935-36-cı illərdə bizim köhnə məhləmiz indiki sirkin yerindəydi. Atam artıq hökumətin qara siyahısında olan məşhur oğrulardanıydı. Kömürçü bazarından aşağı düşəndə onu saxlayırlar. O vaxtlar tez-tez “oblava” olurmuş. Atamı da tutub milisə gətirirlər. Atamın boynunda qızıl zəncirlə asılmış “Quran” olur. Milliyətcə rus olan milis rəisinin müavini atamın üst-başını yoxlayanda soruşur ki, boynundan asdığın nədir? Atam da cavab verir ki, “Qurandı”. Rus atama bir söz demir. Türk, müsəlman olan rəissə atamla çox ədəbsiz rəftar eləyir, boynundakı “Quran”ı qırıb, ayaqlayır. Atam qəzəblənir, rəislə əlbəyaxa olurlar. Atam ona deyir: “Mən tutulsam da, sonra səni harda görsəm, öldürəcəm”.

Atamı dövlət adamına əl qaldırmaq adıyla bir illik damlayırlar. 5-6 ay yatandan sonra həbsdən qaçır. Günlərin birindəsə qaş qaralan vaxt evə gələndə qabağına həmin milis rəisi çıxır. Rəis də onu tanıyır, çaş-baş qalır, deyir, ayə, Cəbrayıl, bəs biz səni tutmamışdıq?! Atam da qayıdır ki, sizdən tutmaq, məndən də qaçmaq. Nəysə, bir az söhbət eləyirlər, atam görür, rəis onunla danışa-danışa xəlvətcə əlini tapançasına aparır. Rəis əlini tərpəndincə, atam onu düz alnından vurur. Yadınızdadırsa, filmdə Cəbrayılı sərrast bıçaq atan kimi çəkiblər, atam həm də sərrast güllə atıcısıydı. Onun gülləsindən bir quş da yayına bilməzmiş.

– Bu dəfə də qaçır?

– Həə, cinayətin izini itirib qaçır. Milislər rəisi kimin öldürdüyünü tapa bilmirlər. Axırda, milis rəisinin müavininin- həmin rusun ağlına gəlir ki, bunu öldürsə, Qurd Cəbrayıl öldürəcək. Atamı yenə tuturlar. Rəisin adamlarısa onu öldürmək istəyirlər. Pulla adam tuturlar ki, məhkəmədən çıxanda onu gülləylə vursunlar. Plan baş tutmur. Sonra rəisin qohumları öz adamlarını atamın yatdığı həbsxanaya göndərirlər. Bir gün atam əl-üzünü yuyanda ona iki nəfər arxadan hücum eləyir, bıçaqlayırlar. O da cəld tərpənir, gizlətdiyi bıçaqla adamları vurur. Biri ölür, o biri yaralanır. Amma buna görə atamın işinin üstünə iş gəlmirlər, özünü müdafiə eləyib deyə…

– Atanız “Arxadan vurulan zərbə” filminə baxsaydı, Cəbrayıl obrazını bəyənərdi?

– Yox. Filmdəki Cəbrayıl amansızdır. Amma atam ədalətli, mərd adam olub. Elə ona görə də, həm oğruların, həm də camaatın arasında hörmət qazanmışdı. Oğurladıqlarını bizə xərcləmirdi, kasıblara paylayırdı. Ən məşhur zamanlarında belə, malını-pulunu apardığı adamlarla kişilik şərtləri altında görüşməkdən çəkinmirdi. Həmin adamların çoxu Cəbrayılı ələ vermirdilər.

– Amma 36 il həbsdə yatmalı olub…

– Həə, əslində, 70 ildən çox həbs cəzası alıb, amma 36 ilini yatıb. 4 dəfə həbsxanadan, bir dəfə məhkəmə zalından qaçıb. İki dəfə ölüm cəzasına məhkum edilib, sonradan qərar ləğv olunub. Bank yarıb, şəhər lombardını oğurlayıb. Böyük oğruluqlar eləyib. O, ən çox ermənilərin, yəhudilərin mağazalarını oğurlayırmış. Ermənilərin qənimiydi, onların ağzı nəydi, birinə bir söz desin. Atamın Stalinlə, Nəriman Nərimanovla da əlaqəsi olub.

– Maraqli taledir, heç inanmaq olmur ki, cinayətkar haqqında danışırıq…

– Düzdü. Özü də, cavanlığında çox səliqəylə geyinərmiş. Heç kəs inanmazmış ki, bu adan cinayətkardı. Anam bizi onunla qorxudurdu. Amma o, özü bizi vurmurdu. Anamsa ondan çox çəkinirdi. Atam dünyasını çoxdan dəyişsə də, biz anama harasa getmək lazım olduğunu deyəndə, yenə onun şəklinə baxardı. Elə bil atamdan icazə istəyirdi.

– Ona niyə “Qurd Cəbrayıl” deyirdilər?

– Çox vaxt qurd kimi tək gəzirdi. Həm də çoxbilmişliyinə görə. Ermənilərsə ona “Çornı” deyirdilər. Oğru aləmində “Paxan” idi atam.

– Dünyasını necə dəyişdi?

– Çox rahat. Öz evində, 76 yaşında.

– Heç elədiklərinə peşman olurdu?

– Həə, deyirdi, təzədən dünyaya gəlsəydim, belə yaşamazdım. O həm də rəhmli adam olub. Yadımdadı, saqqız, konfet alıb cibinə tökərdi, məhəlləyə çıxanda uşaqlara paylayardı. Rus, erməni, tatar dillərində də sərbəst danışırdı. Elə ona görə də Rastovdan, Odessadan oğrular gələndə atamı onlarla danışmaq üçün “sxodka”lara aparırmışlar. Savadı yoxuydu, heç qol da çəkə bilmirdi. Amma kitabları sevirdi. Həbsxanada hər gün bir dustaq ona kitab oxuyurmuş. Evdə hələ də atamdanqalma çoxlu kitablar var.

***



…Cəbrayıl Həştərxandan 12 il əvvəl ayrıldığı Bakıya qayıdandan sonra həm göbəkkəsdisi, həm də doğma xalası qızı olan Minəxanımla evlənir. Onda Minəxanım başqa bir qohumuyla nişanlıymış. Qohum-əqrəba görür ki, qızın göbəkkəsdisi gəlib çıxıb, nişanı qaytarıb Minəxanımı Cəbrayıla verirlər.

Cəbrayıl Minəxanımla evlənsə də, Yasəməni unuda bilmir. Bir yandan da vicdan əzabı onu rahat buraxmır. Sən demə, atışma bəhanəymiş, özü qızı Bakıya gətirmək istəmirmiş.

– Atam qatarda fikirləşir ki, mən bu qızı hara aparıram? Atam yox, anam yox, babam da, yəqin, çoxdan ölüb. Harda yaşayacağıq, qohumlar bizi qəbul eləyəcəkmi? Yoldaca fikrini dəyişir, nəsə almaq bəhanəsiylə qatardan düşür. Elə bu zaman da atışma başlayır. Bu atışma atama göydəndüşmə olur. Bir ağacın arxasında gizlənir, bir də geri qayıtmır. Yasəmənsə onu çox gözləyir, elə bilir, Cəbrayıl atışmada ölüb. Kor-peşman Həştərxana qayıdır. Atamsa Bakıya…

Əslində, Cəbrayıl ev-eşik, güzəran dərdi çəkməməliydi. Yasəmən Həştərxandan çıxanda atasından qalan mal-mülkü satıb pula çevirmişdi. Üstəlik, dədə-babadan qalma daş-qaşları da Cəbrayıla etibar eləmişdi. Qadının fikri oydu ki, Bakıda özlərinə yaxşı ev-eşik qursunlar, bir yerdə xoşbəxt yaşasınlar.

…Cəbrayıl qatardan düşəndə qızın daş-qaşları onun cibində qalır. Onları özüylə Bakıya aparır.

– Atam daş-qaşların onda qaldığını sonradan bilib. Heç vaxt da onları xərcləməyib. O, Yasəmənin hesabına yaşamaq istəmirmiş. Elə ona görə də Yasəməni Bakıya gətirməyib. Fikirləşib ki, mən ona heç nə vəd eləyə bilmərəm. Onunsa pulu var, qoy gedib, özünə həyat qursun!

– Məncə, bu, bir az inandırıcı deyil, bəlkə, başqa səbəb də olub?

– Bəlkə də.

– Bəs yenidən necə görüşüblər?

– Atam bir gün yenidən Yasəmənin arxasınca Həştərxana yola düşür. Orda Yasəməni nə qədər axtarırsa, tapa bilmir. Geri qayıdanda Həştərxandan bir az aralıda yeməkxanaya girir. Yemək sifariş eləyir, görür, bir bığlı kişi ona bayaqdan göz qoyur. Özü də bu kişi Yasəmənə çox oxşayır. Fikirləşir, bəlkə, bu, Yasəmənin qohumudur, onu öldürmək istəyir?

Nə isə, yeməyini yeyib getmək istəyəndə bir nəfər ona yaxınlaşır ki, səni yeməkxananın sahibi yanına çağırır. Atam gedib görür ki, sahibkar bayaq ona göz qoyan bığlı kişidi. Kişi onu otaqda qoyub çıxır. Aradan bir az keçməmiş içəri bir qadın girir. Atam başını qaldırıb qadının üzünə baxan kimi onu tanıyır. Yəsəmənmiş. Sən demə, elə bayaqkı bığlı kişi də Yasəmənin özüymüş.

– Bəs niyə kişi cildindəymiş?

– O vaxt qadının yeməkxana işlətməyi asan məsələ deyildi axı. Başı dinc olsun deyə, belə eləyirmiş.

– Həə, sonra noolur?

– Yasəmən atama deyir ki, o vaxt sən məni niyə qoyub qaçdın? Deməli, daş-qaşları oğurlamaq istəyirdin? Mən onsuz da onları özümüzçün aparırdım. Bu zaman atam sinəsində gizlətdiyi daş-qaşları çıxardır. Deyir, bax, əlimi də vurmamışam. Sonra hər şeyi ona danışır.

– Evləndiyini də?

– Yox, bunu demir. Amma elə oradaca Yasəmənə deyir, gedək Bakıya, səninlə evlənəcəyəm. Yasəmən də razılaşır. Gəlirlər Bakıya. Yasəmən Bakıda öyrənir ki, Cəbrayıl evliymiş. Amma başqa çarəsi qalmır, anamla bir yerdə yaşamağa məcbur olur.

– Yəqin, çətin yola gediblər?

– Yox, çox mehriban yaşayıblar. Yadımdadır, anam deyərdi, Yasəmən mənə bacıdan artıq olub. O, anama, atama söz gəlməsin deyə, çarşab da örtürmüş. Amma sonra çıxıb getdi.

– Niyə?

– Onun övladı olmadı. Anam qardaşımı qucağına alanda, atam uşaqla oynayanda onun ürəyinə toxunurmuş. Bir gün deyib: “Cəbrayıl, mən gedirəm”. Atam razılaşmayıb. O həbsdə olanda evdən çıxıb.

– Həştərxana qayıdıb?

– Yox, elə Bakıda qalıb. Sonralar atam öyrənib ki, Yasəmən hansısa bağçanın müdiri işləyir. Savadlı qadınıydi, rus dilini gözəl bilirdi. Müharibə dövründə bizim ailə çox pis vəziyyətə düşmüşdü. Həmin dövrdə Yasəmən bizə çox əl tutur, anama pul verir. Amma atamla birdəfəlik qurtarmışdı.

– Yasəmən sonra ailə qurur?

– Həə, amma yenə övladı olmur. O, atamdan tez dünyasını dəyişir. Rəhmətə gedəndə atam qazamatdaydı. Qayıdıb gələndə yenə onu axtardı, öyrəndi ki, özü də, əri də rəhmətə gedib. Atam onu çox sevirdi. Yadımdadır, qoca vaxtında da onun haqqında mənə danışardı, deyərdi, kaş rəssam olardım, onun şəklini çəkərdim. Necə gözəl olduğunu görərdin.

– Atanızda onun fotoşəkli yoxuydu?

– Yox. Atamın dediyinə görə gözəl qadınmış. Atamı ona bağlayan təkcə gözəlliyi deyildi. Anam atamdan 10 yaş kiçik idi. Atam ona uşaq kimi baxırdı. Amma Yasəmənlə yaşıdıydılar.

– Atanız ananızla necə davranırdı?

– Atamın öz qanunları vardı. Anam onları pozanda atam çox qəzəbli olurdu.

– Onlar hansı qanunlarıydı?

– Məsələn, atam evə gələn kimi yeməyi, içməyi stolun üstündə olmalıydı. Köynəyini təmiz, ütülü geyinməliydi. Yadımdadı, köynəyi təmiz olmayanda onu çırıq-çırıq eləyirdi.

-Yazıq ananız!

– Həə, anam atama görə çox əziyyət çəkib. Zarafat deyil, atam 36 ilini həbsdə yaşayıb, anam 5 uşağı tək böyüdüb. Bir də, atam anama çox xəyanət eləyib. Tək Yasəmən olsaydı, dərd yarıydı. Yaman şorgöz kişi olub…

modern.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.