Almaniyada necə evlənmək olar?

22-07-2019, 00:01           
Almaniyada necə evlənmək olar?
Son vaxtlar Almaniyada nikaha daxil olmaq qaydaları haqqında daxil olan müraciətlərin çoxluğunu nəzərə alaraq bu yazını hazırlamağa qərar verdik. Yazı hazırlanan zaman Almaniyanın Xarici İşlər Nazirliyinin, Almaniyanın Azərbaycandakı səfirliyinin saytından, nikaha daxil olmaq istəyənlərə verilən sənədlərdən, 5 saylı ASAN xidmətə etdiyimiz sorğuya verilən cavablardan istifadə olunub

► Almaniyada ailənin formaları

Almaniyada müasir ailənin əsas formaları aşağıdakılardan ibarətdir:
1. Rəsmi və ya dünyəvi nikah – bu dövlət hakimiyyət orqanlarında qeydə alınmış nikah birliyidir.
2. Eyni cinslilərin birgəyaşayışı – bu rəsmi olaraq qeydiyyatdan keçmiş və ya qeydiyyatdan keçməmiş birlik.
3. Hər iki tərəfin əvvəlki nikahından uşaqları olan ailələr (Patchwork-Familien).
4. Kilsə nikahı ilə yaşayan ailələr- indi Vətəndaşlıq Vəziyyəti Haqqında Qanunda (Personenstandsrecht) dəyişikliklərə əsasən, qeydiyyat şöbəsində (Standesamt) qeydiyyata almadan kilsə nikahı (kirchliche Trauungen) ilə birlikdə yaşamaq. Bu halda tərəflərin Mülki Qeydiyyat Bürosuna evlilik sənədi təqdim etmədən evlənməsinə icazə verilir.
Almaniyada qeydiyyatdan keçməmiş ailələrin sayı artmaqdadır və bu cür cütlər indi qeydiyyatdan keçənlər ilə bərabər hüquqlara malikdilər.

► Mövcud tendensiya

Xaricdə xüsusilə, Almaniyada xoşbəxtlik axtarmaq mövzusu indi Azərbaycanda çox aktulaldır. Bir alman vətəndaşı ilə və ya Almaniyada daimi və ya müvəqqəti yaşayan şəxslə evlənmək istəyən və Almaniyada yaşamaq istəyən şəxslərin sayı artmaqda davam edir.

► Harada nikaha daxil olmaq olar?

Almaniya vətəndaşı ilə evlənmək niyyətində olan Azərbaycan vətəndaşı həm Almaniya, həm Azərbaycanın Almaniyadakı səfirliyində, həm də Azərbaycanda Qeydiyyat İdarələrində nikaha daxil ola bilərlər. Danimarka kimi ölkələrdə də nikaha daxil olma qaydaları mövcuddur. Bu yazı Almaniyada nikaha daxil olanları məlumatlandırmaq üçündür.

► Tələb olunan viza

Evlənməyə qərar verənlərin əksəriyyəti Almaniyaya turist vizası ilə gəlir ki, bu da sonra ciddi problemlər yaradır. Evlənmək üçün şəxsin turist vizası ilə Almaniyaya gəlməsi , səlahiyyətli dövlət orqanları tərəfindən bir qayda olaraq immiqrasiya qanunlarının pozulması kimi qəbul edilir. Almaniyaya evlənmək üçün gələnlər nikah vizası ilə gəlməlidirlər.

► Əsas prosedurlar

Almaniyanın vətəndaşı ilə evlənməyi qərar verənlərin hüquqi prosedurları bilməsi çox vacibdir. Nikaha daxil olmaq proseduru olduqca mürəkkəbdir (daha dəqiq desək, tamamilə bürokratlaşdırılıb) və çox vaxt və səy tələb edir.
Nikaha daxil olmaq üçün ilk əsas hansı sənədlərin tələb olduğunu müəyyən etməkdir. Nikaha harada daxil olmasının sənədlərin toplanması baxımından öyrənilməsi çox vacibdir. Əgər siz Almaniyada evlənsəniz, tələb olunab sənədləri mütləq toplamalısınız.

► Hansı hallarda Almaniyada evlənmək olar?

Azərbaycan vətəndaşı Almaniyada bir qayda olaraq aşağıdakı hallarda evlənə bilər: əgər gələcək əri və ya arvadı Alman vətəndaşıdırsa və ya Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ və yayış yeri (daimi yaşayış yeri) varsa və Almaniyada yaşayırsa. Almaniyada rəsmi nikaha 18 yaşından etibarən icazə verilir lakin, müstəsna hallarda məhkəmə qərarı ilə daha tez də mümkündür.

► Kimə müraciət olunmalıdır ?

Nikaha daxil olmaq üçün müraciət (Anmeldung zur Eheschließung) Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyat Bürosuna (Standesamt) yaşayış yeri üzrə verilir

► Daha hansı ölkəni seçmək olar?

Almaniyada müvəqqəti və ya daimi yaşayan iki əcnəbi arasında nikahın qeydiyyatı zamanı çoxlu bürokratik problemlər yaradılır. Odur ki, Almaniyada müvəqqəti yaşayan həmvətənlərimizə Azərbaycan səfirliyində nikaha daxil olmalarını tövsiyyə edirik. Azərbaycanın himayəsindən istifadəsi mümkünsüz olan şəxslər isə yaxşı olar ki, bunun daha asan başa gəldiyi Danimarkada kimi ölkələrdə nikahlarını qeydiyyatdan keçirsinlər. Danimarkaya səfər üçün əlavə xərclər tələb olunsa da, orada daha az sənəd tələb olunur. Evlilik başqa bir Avropa ölkəsində həyata keçirilirsə, adətən, Almaniyada həmin evlilik tanınır. Nikahın qanuniləşdirilməsindən, habelə əvvəlki nikahlardan olan uşaqlarla və s. ilə bağlı yaranan problemlər üçün mütləq ailə hüququ üzrə mütəxəssislə əlaqə saxlamalısınız.
Onu da vurğulayırıq ki, Alman vətəndaşları ilə nikaha girəndən sonra ailənin birləşməsi prosesi, Almaniyada daimi və ya müvəqqəti yaşayan əcnəbi ilə nikaha daxil olma prosesi ilə müqayisədə əcnəbilərin nikaha daxil olması daha çətindir.

► Sığınacaq axtaranlar haqqında

Almaniyada nikaha daxil olmaq istəyənlərin bir qrupunu da Almaniyada qaçqın statusu üçün müraciət edən və hələ ki, cavab almayan şəxslər təşkil edir. Belə şəxslərə tövsiyə olunur ki, ilk olaraq Almaniyada nikah qeydiyyatı üçün səlahiyyətli orqana müraciət etsinlər. Orada nikahı qeydiyyatdan keçirmək üçün hansı sənədlərin lazım olması haqqında tələb olunan sənədlərin siyahısı veriləcək. Bunu ona görə etmək lazımdır ki, Almaniyanın hər bir Federal ərazisində nikaha daxil olmaq üçün tələb olunan sənədlərin siyahısı fərqlidir. Bundan başqa müxtəlif ölkə vətənaşalarından tələb olunan sənədlərin siyahıları da fərqlidir, yəni siyahı vətəndaşlıq mənsubiyyətinə görə yəni, ölkələrə görə də bəzən dəyişir. Qaçqın statusu üçün müraciət etmiş şəxslərin nikaha daxil olmaları haqqında müraciətləri daha ciddi araşdırılır. Odur ki, həmin şəxslərə tövsiyə edirik ki, sənədlərin toplanmasına daha ciddi yanaşsınlar.

► Tələb olunan sənədlər

Alman dövlətinin ərazisində nikah üçün, 3 dəst sənədlərin toplanması tələb olunur:
İlk dəst sənədləri Almaniyada yaşayan şəxs toplayır. Bu nikahla bağlı rəsmi dəvətnamə vermək üçün tələb olunan sənədlərin toplanması ilə bağlıdır.

İkinci dəst nikah vizasını almaq üçün Azərbaycan vətəndaşı tərəfindən toplanılan sənədlərdir. Bunlara aşağıdakı sənədlər daxilidir:

1. Almaniyadan gələn dəvətnamənin əsli və yüksək keyfiyyətli fotosürəti;
2. Nikah ərizəsinin qeydə alınmasını təsdiq edən, Almaniyanın qeydiyyat şöbəsinin verdiyi yazılı sürətdə olan təsdiqi (orijinal + 2 nüsxə);
3. Etibarlılq müddəti bitməsinə 6 aydan çox qalan umumvətəndaşlıq pasportu;
4. Dörd ədəd eyni formada olan fotoşəkil, onlardan üçü ərizə-anketlərə yapışdırırlır , dördüncüsü ayrıca verilir;
5. Üç ərizə-anket (AlmanEK-də dərc edilmiş və ciddi şəkildə ölkənin rəsmi dilində doldurulmuşdur);
6. Ümumvətəndaş pasportunun 1-ci səhifəsinin iki keyfiyyətli çıxarılmış sürəti;
7. Doğum haqqında şəhadətnamənin əsli və iki yüksək keyfiyyətli sürəti;
8. Ərizəçinin nikah münasibətlərində olmadığını təsdiq edən səlahiyyətli orqanın şəhadətnaməsi- subaylıq haqqında şəhadətnamə;
9. Boşanma haqqında şəhadətnamə;
10. Etibarlı şəxsiyyət vəsiqəsi;
11. Almaniyada nikaha daxil olmaq istədiyı şəxsin pasportunun sürəti;
12. Almaniyada yaşayacağı yer haqqında məlumat və ya qeydiyyat sənədləri;
13. Alaniyada yaşayan tərəfin maddı vəziyyəti aylıq gəlirləri haqqında arayış; (Əcnəbilər haqqında Qanununun 66, 68-ci maddələrində nəzərdə tutulan qalma üçün tələb olunan vəsait haqqında);
14. Almaniyada qeydiyyatda olduğu yaşayış yerinin bütün lazımi meyarlara cavab verdiyini təsdiq edən şənəd;
15. Nikaha daxil olmaq haqqında ərizəsi Alman qeydiyyat şöbəsində qeydiyyata alınmış (əsli + iki sürəti) verilməlidir;
16. Viza üçün rüsumun ödənilməsini təsdiq edən sənəd.
Almaniyaya səfər etməli uşaq olarsa onun da sənədləri əlavə olunmalıdır.


Üçüncü dəst sənədlərə Almaniyanın səlahiyyətli orqanında nikahın rəsmləşdirilməsi üçün tələb olunan sənədlərin toplusudur. İlk növbədə dəvət edən tərəf yaşayış yeri üzrə səlahiyyətli orqanın əməkdaşlarına müraciət etməlidir və tələb olunan sənədlər haqqında məlumat vərəqəsini almalıdır. Bu məlumat vərəqəsində nikahın qeydiyyata alınması üçün lazım olan sənədlərin siyahısı qeyd olunur. Federal ərazilərdə tələb olunan sənədlər fərqli olsa da, evlilik dəvətnaməsi əsasında gələnlərdən əsasən aşağıdakı sənədlər tələb olunur:
1. Ümumvətəndaş pasportu;
2. Almaniyada yaşayan tərəfin dəvətnaməsi;
3. Doğum şəhadətnaməsi;
4. Almaniyada yaşayan tərəfin nikahda olmadığını göstərən və səlahiyyətli orqan tərəfindən verilən bir sertifikat (zərurət olduqda boşanma sənədi verilir);
5. Azərbaycandan gələn tərəfin Alman dövlətinin ərazisində olmasına dair şəhadətnamə.

► Sənədlərin tolanma qaydası

Bir qayda olaraq nikaha daxil olmaq üçün Azərbaycan vətəndaşından tələb olunan sənədlər aşağıdakı qaydalara əməl olunmaqla hazırlanmalıdır:
1. Pasport (etibarlilıq müddəti keçməli deyil);
2. Doğum haqqında şəhadətnamə; Doğum haqqında şəhadətnamənin əsli və ya dublikatının notariat qaydada təsdiq olunmuş və leqallaşdırırlmış sürəti təqdim olunur. Leqallaşdırıma qaydası haqqında keçən yazımızda məlumat vermişdik. Şəhadətnamənin surəti Azərbaycanda notariat orqanı tərəfindən təsdiq edilməlidir. Sonra isə sənədin həmin sürəti 5 nömrəli ASAN xidmət mərkəzinə leqalizasiya üçün təqdim edilməlidir. Həmin xidmət təsdiq edilmiş sürətin üzərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (MFA) tərəfindən ilkin leqalizasiya möhürü (bu, apostil deyil) vurdurmaqla sənədin düzgün olmasını təsdiq edir. Bu proses İlkin Leqalizasiya adlanır və bir həftə ərzində həyata keçirilir və bunun üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulan dövlət rüsumu ödənilir. Əgər siz həmin sənədləri Almaniyada müvafiq orqanlara təqdim etməlisinizsə, mütləq bu proseduru keçməlisiniz, əks halda sənədiniz qəbul edilməyəcək və ya müəyyən müddətdən sonra sizə qaytarılacaq.
5 saylı Bakı “ASAN xidmət” mərkəzinin ünvanı:
Bakı, Nizami rayonu
Heydər Əliyev prospekti 115
[email protected]
Qaynat xətt: 108
3. Azərbaycanda hazırda qeydiyyatda olduğunuz ünvan haqqında arayış ( yaşayış yerindən arayış). Bu sənəd kecmiş SSRİ Respublikalarına baxanda yalnız Azərbaycan vətəndaşlarından tələb olunur. Bu sənəd də tərcümə edilməli və təsdiq olunmalıdır. Bu sənədin tələbi Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Çünki Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanununda yazılıb ki, şəxsiyyət vəsiqəsini təqdim edən şəxsdən yaşayış yerindən arayış tələb oluna bilməz.

4. Ailə vəziyyəti haqqında arayış. Bu sənəd yaşayış yerindən verilir və ailə tərkibi haqqında məlumatı özündə əks etdirir.
5. Boşanmış şəxslər üçün boşanma haqqında məhkəmənin qərarı; Qərarın əsli notariat qaydada təsdiq olunmuş və leqallaşdırılmış qaydada təqdim olunur. İlk olaraq qərarın surəti Azərbaycanda notariat orqanı tərəfindən təsdiq edilməlidir. Sonra isə sənədin həmin surəti 5 nömrəli ASAN xidmət mərkəzinə leqalizasiya üçün təqdim edilməlidir. Həmin xidmət təsdiq edilmiş surətin üzərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (MFA) tərəfindən ilkin leqalizasiya möhürü (bu, apostil deyil) vurdurmaqla sənədin düzgün olmasını təsdiq edir. Bu proses İlkin leqalizasiya adlanır və bir həftə ərzində həyata keçirilir və bunun üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulan dövlət rüsumu ödənilir

6. Boşanma haqqında şəhadətnamə-boşananlar üçün; Bu şəhadətnamənin əsli və ya dublikatının notariat qaydada təsdiq olunmuş və leqallaşdırırlmış surəti təqbim olunur. Şəhadətnamənin surəti Azərbaycanda notariat orqanı tərəfindən təsdiq edilməlidir. Sonra isə sənədin həmin surəti 5 nömrəli ASAN xidmət mərkəzinə leqalizasiya üçün təqdim edilməlidir. Həmin xidmət təsdiq edilmiş surətin üzərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (MFA) tərəfindən ilkin leqalizasiya möhürü (bu, apostil deyil) vurdurmaqla sənədin düzgün olmasını təsdiq edir. Bu proses İlkin leqalizasiya adlanır və bir həftə ərzində həyata keçirilir və bunun üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulan dövlət rüsumu ödənilir.

7. Dul olan şəxslər ərınin və ya arvadıının ölüm haqqında şəhadətnaməsi; Bu şəhadətnamənin də surəti Azərbaycanda notariat orqanı tərəfindən təsdiq edilməlidir. Sonra isə sənədin həmin surəti 5 nömrəli ASAN xidmət mərkəzinə leqalizasiya üçün təqdim edilməlidir. Həmin xidmət təsdiq edilmiş surətin üzərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (MFA) tərəfindən ilkin leqalizasiya möhürü (bu, apostil deyil) vurdurmaqla sənədin düzgün olmasını təsdiq edir.

► Azərbaycanda hazırlanan sənədlər haqqında

Eyni zamanda bildirmək istərdik ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (doğum, ölüm, nikah və s.) apostili Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən həyata keçirilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 13-1-ci maddəsinə əsasən müvafiq sənədə apostil verilməsinə görə, 10 manat məbləğində dövlət rüsumu nəzərdə tutulub.

Sənəd Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən apostil olunduqdan sonra Almaniya Federativ Respublikasına təqdim olunmaq üçün Xarici İşlər Nazirliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Konsulluq Xidmətləri Şöbəsində leqallaşdırılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.5.1-ci maddəsinə əsasən, sənədlərin Azərbaycan Respublikasında leqallaşdırılmasına görə 4 manat məbləğində dövlət rüsumu nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.