MiQ-29 müəmması: qəza, yoxsa təxribat? – Hərbi skandalın gizlinləri

21-08-2019, 00:53           
MiQ-29 müəmması: qəza, yoxsa təxribat? – Hərbi skandalın gizlinləri
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı Türkiyə ilə birgə keçirilən təlim zamanı itkin düşmüş Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-29 qırıcısı və pilotun nəşi tapılsa da qəzanın səbəbləri barədə məlumat verilmir.

Hadisədən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də qəzanın səbəbləriylə bağlı rəsmi məlumatın olmaması cəmiyyətdə müxtəlif iddiaların müzakirəsinə səbəb olub.

Bəzi təhlilçilərin iddialarına görə, təyyarənin qəzaya uğramasına səbəb Rusiyanın radio-texnika qüvvələrinin təsirləri ola bilərdi. Digərləri isə qırıcının qəzaya uğramasında Rusiya tərəfinin təsirini inandırıcı saymır və səbəblər barədə qəzanı araşdıran komissiyanın qərarını gözləməyi məsləhət görürlər.

Azərbaycan Müdafiə Nazirliyindən itkin düşmüş MiQ-29 qırıcısının axtarışları və qəzanın ilkin ehtimal edilən səbəbləri barədə şərh almaq mümkün olmayıb.

MiQ-29 təyyarəsi 24 iyulda təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb. Gecə saat 10 radələrində təlim uçuşlarını həyata keçirən üç hərbi təyyarədən ikisi uçuş bazasına qayıdıb, pilot Rəşad Atakişiyevin təyyarəsi isə qayıtmayıb.

Hərbi pilot Rəşad Atakişiyevin nəşi parçalanmış halda tapılıb

Qırıcının itkin düşmüş pilotu Rəşad Atakişiyevin qayınatası Qabil Hüseyinli deyib ki, pilotun bədəninin hissələri “deformasiya olunmuş halda tapılıb. Əvvəlcə bir ayağı sonra isə təyyarənin gövdəsindəki oturacağında bədəninin digər hissələri aşkar olunub”.

“Azərbaycan və Türkiyə heyəti lazımı axtarışları aparıb təyyarəni və pilotun nəşini tapıb çıxarıblar. Qırıcının qara qutusu da sudan çıxarılıb, amma hələ oxunmayıb. Pilotun oturacağı təyyarənin əsas gövdəsinin altında müəyyən edilib”, Qabil Hüseyinli deyib.

Onun sözlərinə görə, təyyarənin suya ön hissəsi üstə düşdüyü aydın olur və pilot oturacağının qırıcının gövdəsində olmağı “katapult” istifadə olunmadığını göstərir.

Qara qutu necə oxunur?

Qabil Hüseyinli bildirib ki, qırıcının qara qutusunun şifrəsinin açılması üçün əvvəlcə üzərində kimyəvi əməliyyatlar aparılır.

“Azərbaycanda qara qutunun oxunması üçün laborotoriya yaradılıb. Qara qutu elə Bakıda oxunacaq, amma ola bilər ki, Ukraynadan mütəxəssis cəlb olunsun”, cənab Hüseyinli bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu məsələ ilə bağlı “şərh verməyəcəklərini” bildiriblər.

Hadisədən 6 gün keçdikdən sonra hərbi təyyarənin Xəzər dənizindəki axtarışlarına Türkiyədən 10 nəfərlik mütəxəssis cəlb olunub.

Qabil Hüseyinli deyib ki, axtarışlara Rusiya heyəti qoşulmayıb. Onun sözlərinə görə, Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və onların gəlməsinə ehtiyac qalmayıb.

Azərbaycan Müdafiə Nazirliyi qırıcının axtarış tədbirləri barədə şərh verməyib.

Səbəb nə ola bilərdi?

Qırıcının radarlardan itməsindən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, qəzanın səbəbləriylə bağlı rəsmi məlumatın olmaması cəmiyyətdə müxtəlif iddiaların müzakirəsinə səbəb olub.

Hərbi məsələlər üzrə şərhçi Üzeyir Cəfərov deyir ki, onun itkin düşmüş qırıcı ilə bağlı bir neçə iddiası var və bu iddialar qırıcı barədə suallara aydınlıq gətirilənə qədər qüvvədədir.

“Mənim fərziyələrimdən biri odur ki, Azərbaycan qırıcısı Xəzər dənizi üzərində təlim uçuşları həyata keçirən zaman ona Rusiya Cənub Hərbi Dairəsinin Radio Elektron Qoşunlarının cihazları təsir edə bilər. Qəzanı araşdıran komissiya bu iddianı yoxlamalıdır”, Üzeyir Cəfərov deyib.

Ehtiyatda olan polkovnik deyib ki, “bu avadanlıqların funksiyası qarşı tərəfin radio-elektron avadanlıqlarına ziyan vermək, onların düzgün işləməsinə mane olmaqla onları sıradan çıxarmaqdan ibarətdir”.

Onun sözlərinə görə, təcrübəli pilot polkovnik-leytenant Rəşad Atakişiyev hərbi hissənin rəhbərlərindən biri olub və bu qəzada pilot səhvi inandırıcı görünmür.

“Qırıcının elektron avadanlıqlarına uzaq məsafədən təsir mümkün olan haldır. Rusiyanın malik olduğu “Krassuxa-4″, “Leyer-3″ və digər bu kimi avadanlıqlar təyyarələrə 300-600 km məsafədən təsir etmək imkanlarına malikdir”, hərbi şərhçi Üzeyir Cəfərov deyib.

Hərbi şərhçi əmindir ki, qırıcının qara qutusunu oxunması üçün onu “Rusiyadakı laboratoriyaya göndərmək olmaz”.

“MiQ-29-un qara qutusunun şifrəsinin açılması üçün Azərbaycanda imkanlar yoxdur”, Üzeyir Cəfərov bildirib.

Polkovnik xatırladır ki, 2008 və 2011-ci ildə baş vermiş MiQ-29 və Su-25 avia qəzalarından qara qutular Rusiyaya göndərilib, lakin onlardan heç bir məlumat verilməyib.

“Bu məhsullar keçmiş Sovet istehsalı, Rusiyanın məhsullarıdır və nüfuzlarına xələl gəlməsin deyə Rusiya o barədə məlumat verməyin marağında olmaz. Qəzada müəyyən olunsa ki, burada Rusiyanın təsiri var, onlar bunu gizlədə bilərlər”, polkovnik Cəfərov deyib.

Şərhçi bildirib ki, iyulun 24-də olan qəzadan sonra Azərbaycanda MiQ-29-ların uçuşu dayandırılıb.

Təqaüddə olan polkovnik İsa Sadıqov “qırıcıya radio-texnika qurğuları ilə təsir olunması hallarının olmasını” istisna etmir.

Cənab Sadıqov əsaslı şübhələrinin olmasını Müdafiə Nazirliyinin məsələyə aydınlıq gətirməməsi ilə izah edib.

Onun sözlərinə görə, Rusiyadan alınan bu təyyarələrdə nasazlıq ola bilər.

“90-cı illərdə Rusiya hərbiçiləri bizə təhvil verdikləri texnikanı sıradan çıxarmaq üçün əllərindən gələni edirdilər. Yanacaq baklarına şəkər tozu tökmək kimi əməllər törədirdilər”, İsa Sadıqov “şəxsi təcrübələrinə” əsaslanaraq bu fikirləri söylədiyini deyib.

“Rusiyanın bu silahları verəndə səmimi olmasını düşünmək sadəlövlük olar. Naviqasiya və idarəetmə sistemləri onların əlindədir”, İsa Sadıqov bildirib.

Ehtiyatda olan kapitan Tərlan Eyvazov isə hesab edir ki, MiQ-29-ların Azərbaycanda və digər ölkərin ordularında istifadəsi tamamilə qəbulediləndir və bu texnika köhnə sayılmır.

“MiQ-29-lar coğrafi baxımından, iqtisadi baxımdan və kadr baxımından Azərbaycan üçün əlverişli silahdır. Bu texnikaların əsas hissəsi bizə Sovet ordusundan qalanlardır ki, Azərbaycan bunların bir çoxunu sonradan modernləşdirib”, Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycan son nəsil qırıcıları alsa belə onlar sürət yığana kimi ölkənin hüdudlarını keçəcək.

“500-1000 km məsafəni vura bilən raketləri almaq bizim nəyimizə lazımdır? Biz kiminləsə müharibə aparmağa çalışmırıq. Bizə lazım olan silahlar müdafiə silahlarıdır və bu da müdafiə üçün hələki işə yarayan texnikadır”, ehtiyatda olan kapitan Eyvazov deyib.

Tərlan Eyvazov onu da deyib ki, keçmişdə Rusiyadan alınan silahların bəzilərinin “yararsız olması halları ilə razılaşsa da, bunu bütün silahlara aid etmək olmaz”.

Tərlan Eyvazov bildirib ki, “Sovet ordusunda baxımsızlıq ucbatından heç də bütün texnika və silahların hamısı saz vəziyyətdə deyildi, Azərbaycana verilən silahlar arasında da saz vəziyyətdə olanları da olub, olmayanları da”.

O, bu fikirləri 1991-ci ildə Müdafiə Şurasında, Rusiyadan silahların təhvil alınmasında iştirak edən şəxs kimi bildirib.

Cənab Eyvazov onu da deyib ki, MiQ-29-lar sonradan alınmış təyyarələrdir: “Onların alınmasına 30-40 milyon pul xərclənib və onların işləkliyini çox böyük komissiya yoxlayıb”.

Tərlan Eyvazov bildirib ki, MiQ-29-lar Ukraynada modernləşdirilib və bu silahların yararsız olması ehtimalı yoxdur.

Təlim uçuşu zamanı qəzaya uğrayan MiQ-29 qırıcısı və katapult edən pilot

Tərlan Eyvazovun sözlərinə görə, itkin düşmüş qırıcının axtarışından yayılan fotoşəkilərdən və məlumatlardan o qənaətə gəlib ki, MiQ-29 partlayaraq parçalanıb, katapult isə işləməyib.

“Sensasion iddialar üçün fakt yoxdur. Kiminsə nəsə deməsi hələ də fakt deyil”, Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov onu da deyib ki, “qəzanı araşdıran komissiyanın rəyi verilənə qədər müxtəlif iddialar bir fikir kimi yaşamaq hüququna malikdirlər”.

“Rusiyanın radio-texniki vasitələrinin MiQ-29-a zədə yetirməsi iddialarını doğru saymıram və burada məqsəd aydın deyil. Rusiya dəfələrlə Azərbaycana özünün MiQ, SU tipli hərbi təyyarələrini təklif edib, amma necə ola bilər ki, o markalı təyyarəni də qəzaya uğratsın”, cənab Eyvazov şərhinə əlavə edib.

Azərbaycanda əvvəlki MiQ-29 qəzası

Hərbi şərhçilərin sözlərinə görə, Azərbaycanda istifadə olunan 12 MiQ-29 qırıcısı Rusiyada istehsal olunsalar da, 2005-2007-ci illərdə Ukraynadan alınıb.

Azərbaycanda MiQ-29 qırıcısının qəzası ikinci dəfədir ki, baş verir. İlk belə qəza 2008-ci ilin yanvarında təlim uçuşu zamanı baş verib.

Qəza nəticəsində MiQ-29 təyyarəsini idarə edən hər iki pilot – polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak olublar. Kapitan Əfqan Aslanovun cəsədi tapılsa da polkovnik-leytenant Fəxrəddin Əsgərovun meyiti bu günə kimi tapılmayıb.

2019-cu ilin iyulun 24-də 11 il sonra Azərbaycan Hərbi Hava Qüvvələrinin ikinci polkovnik-leytenantını Rəşad Atakişiyev qəzaya uğrayıb.

Dünyada sayına görə ən çox MiQ-29 qırıcıları Rusiyadadır. İstehsalçı olan Rusiya da MiQ-29 qırıcılarının qəzaya uğramasından sığortalanmayıb.

Rusiyada 2008-ci ildən bu günə kimi 12 MiQ-29 qırıcısı və onun müxtəlif modifikasiyaları qəzaya uğrayıb.

MiQ-29 nədir?


MiQ-29 yüngül çoxfunksiyalı qırıcı təyyarədir və Mikoyan-Qureviça dizaynı ilə 1970-ci illərdə hazırlanıb.

Soyuq müharibə illərinin əsəri olaraq qəbul edilən MiQ-29 təyyarələri o dövrdə ABŞ və SSRİ arasında gedən silahlanma yarışı zamanı ərsəyə gəlib. O dövrdə SSRİ və ABŞ iki konsepsiyada ağır və yüngül qırıcılar hazırlayıb.

O dövrün Sovet hava qüvvələrində Sukhoi Dizayn Bürosu ağır təyyarələrindən Su-27 hazırlamışdı və onlar yüngül təyyarələrdən MiQ-29 ilə birlikdə xidmətə qəbul ediliblər.

Ağır hərbi təyyarələr bahalı sistemlərlə təchiz olunub və daha mürəkkəb tapşırıqlar üçün hazırlanıb. Yüngül qırıcılar isə hava döyüşləri və yerdə olan hədəflərə taktiki və operativ dərinliklərə zərbə vurmaq üçün dizayn edilib.

MiQ-29 qırıcıları bir neçə dəfə modernləşdirilib və onlardan ən sonuncusu MiQ-35 hesab olunur.

MiQ-29 tək Rusiya və keçmiş Sovet ölkələrində deyil, Yaxın Şərq, ərəb ölkələrində, hətta üç NATO ölkəsinin aviasiya bölməsində də istifadə olunur.

(BBC News Azərbaycanca)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.