Təyyarəmizin Kaspi üzərində toqquşduğu cismin texniki xarakteristikası və qəzanın dinamikası barədə ekspert rəyi... MÖVQE

22-08-2019, 20:52           
Təyyarəmizin Kaspi üzərində toqquşduğu cismin texniki xarakteristikası və qəzanın dinamikası barədə ekspert rəyi... MÖVQE
“İldə təxminən 5000-ə yaxın belə hadisə olur”

Azərbaycan Müdafiə Nazirliyi iyulun 24-də, saat 22.00 radələrində təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin “qara qutusundakı” məlumatları açıqlayıb.

Həmin rəsmi məlumatda bildirilir ki, iyulun 24-də, saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

Qeyd olunub ki, müdafiə nazirinin əmrinə əsasən, qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə, təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub: "Hadisənin başvermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən, pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarə olunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında (“qara qutu”da) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb.

Bildiririk ki, hər uçuşdan sonra “qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır.

Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik".

Qeyd edək ki, açıqlanan bu məlumatdan sonra da mövzu ətrafında müzakirələr davam edir. Hətta qırıcı təyyarənin səmada yad cisimlə toqquşub qəzaya uğraya bilməsi faktını ironik şəkildə şərh edənlər də tapılır.

Nazim Bayram: “Keçən il bənzər bir hadisə İsveçrədə olmuşdu, ancaq pilot son anda katapult oluna bilmişdi”
Bütün bu məsələlərə aydınlıq gətirmək üçün uyğun sahənin mütəxəssisi, hərbi icmalçı Nazim Bayramla söhbətləşdik. Ekspert “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Müdafiə Nazirliyinin verdiyi məlumat tam inandırıcıdır: ”Bəzən buna skeptik yanaşaraq, diletant səviyyəsində şərhlər verirlər. Heç iddialarını, nəyisə inkar etmələrini əsaslandıra da bilmirlər. Belə hadisələr dünyanın hər yerində baş verir. Təyyarə göydə yad cisim kimi ya başqa təyyarə ilə toqquşa bilər, ya da quş sürüsü ilə. Bu aspektdə başqa yad cismi təsəvvür etmək mümkün deyil. Adətən quşlar 100-200 metr hündürlükdə uçurlar. Yalnız köçəri quşlar bir qədər hündür məsafədən uçurlar. Köçəri quşlar dəstə ilə uçur və onların köçünə gecə saatlarında rast gəlinmir. Böyük ehtimalla, qırıcı təyyarə aşağı məsafədə uçan quşlar və ya quşla toqquşub. Çünki təyyarə gecə saatlarında etdiyi təlim uçuşları zamanı qəzaya uğrayıb. Görünür, təyyarə təlim uçuşunu Xəzərin üstündə etdiyi üçün çox da hündürdən uçmayıb. Nisbətən aşağı məsafədə manevrlər edib. Həmin məsafədə yüksək sürətlə uçan təyyarənin quşla və ya quş sürüsü ilə toqquşma ehtimalı mümkündür. Belə toqquşma zamanı pilotun kabinasının şüşəsi dağıdıla bilər. Belə olan halda, təbii ki, pilot müəyyən xəsarət almış olar. Çox adam deyir ki, quşun nə ağırlığı və ya nə çəkisi var ki, pilotun kabinasını dağıtsın. Bu, məsələyə səthi yanaşmadır. Burada elmi təhlil lazımdır. Biz fizikadan da bilirik ki, sürət çox şeyə qadirdir. İki yad cisim yüksək sürətlə bir-birilə toqquşursa, onda kütlə də artmış olur. Hətta quşun çəkisi 100 qram olsa belə, onun saatda 300-400 km sürətlə uçan təyyarəyə çırpılması əsl mərmi effekti verə bilir”.

Nazim Bayramın sözlərinə görə, birmənalı olaraq, qəzaya səbəb bu amil olub: “Quşların təyyarələrin qəzasına səbəb olması ilk hal deyil ki, baş verir. Mən buna olan reaksiyaları anlaya bilmirəm. Hətta quşların təyyarələrin mühərrikinə girdiyi halına da tez-tez rast gəlinir. Təsadüfi deyil ki, dünyanın bütün aeroportlarında quşlarla mübarizə aparan xüsusi xidmət fəaliyyət göstərir. Deməli, belə təhlükələr var ki, bu xidmət yaradılıb. Bir anlıq təsəvvür edin ki, avtomobillə 120 sürətlə hərəkət edirsiniz. Bu zaman lap balaca bir quş ön şüşəyə çırpılır. Təbii ki, şüşəni sındırıb sürücüyə xəsarət yetirə bilər. İndi təyyarənin bundan dəfələrlə böyük sürətlə hərəkət etdiyini təsəvvür edin. Mən bir neçə gündür bu məsələni şərh edirəm. Dünya praktikasında belə hallar heç də az olmur. İldə təxminən 5000-ə yaxın belə hadisə olur. Düzdür, bu o demək deyil ki, hamısı ölüm və ya təyyarənin məhv olması ilə nəticələnir. Bu göstərici həm hərbi, həm də mülki təyyarələrə aiddir”.

Ekspert bildirdi ki, burada hansısa başqa məna axtarmaq doğru olmaz: “ Statistikaya görə, Azərbaycan hərbi aviasiya sahəsində o qədər də çox təyyarə itirməyib. Buna görə də baş verən hadisəyə adi qəza kontekstindən yanaşılmalıdır. Keçən il bənzər bir hadisə İsveçrədə olmuşdu, ancaq pilot son anda katapult oluna bilmişdi. Mənim versiyam budur ki, Rəşad Atakişiyev xəsarət alandan sonra katapult olub canını qurtarmaq istəməyib, o çalışıb ki, təyyarəni xilas etsin. Yəni sona qədər mücadilə aparıb, amma səhhəti buna imkan verməyib. Pilotun katapult olunmaması daha çox təyyarənin ani vurulma halında baş verir. Pilot xəsarət alsa da, sona qədər əsl şərəfli zabit kimi davranıb”.

Məhəmmədəli QƏRİBLİ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.