“Axı, Müdafiə Nazirliyinin nə marağı var ki, bunu gizlətsin?”

23-08-2019, 16:12           
“Axı, Müdafiə Nazirliyinin nə marağı var ki, bunu gizlətsin?”
Şair Ramaldanov: “Qara qutu"nun oxunmasından sonra heç bir kənar rəyin yeri yoxdur”
Azərbaycana məxsus “Miq-29” təyyarəsinin Xəzər üzərində qəzaya uğraması, nəticədə peşəkar pilot Rəşad Atakişiyevin həlak olması cəmiyyətdə dərin təəssüf və üzüntü ilə qarşılanıb. Təyyarədəki “qara qutu”nun oxunmasından sonra qəzanın səbəbi ilə bağlı ictimaiyyətə açıqlama verən Müdafiə Nazirliyi, hadisəyə səbəb kimi quş və ya quşların timsalında yad cismin olduğunu bildirib.

Lakin “qara qutu”nun oxunmasından sonra da bəzi media orqanlarında xarici ekspertlərə istinadən qəzaya quş sürüsünün səbəb ola bilməyəcəyi, hadisənin başqa səbəblərdən baş verə biləcəyi ilə bağlı fikirlər səslənməkdədir.

Maraqlıdır, Müdafiə Nazirliyinin rəsmi açıqlaması ortada olduğu bir halda qəza ilə bağlı digər versiyalar səsləndirmək nə dərəcədə məntiqlidir? Bu cür yanaşma Müdafiə Nazirliyinin səsləndirdiyi rəsmi bəyanatına göstərilən etimadsızlıq kimi də dəyərləndirilə bilərmi? Belə bir etimadsızlıq üçün əsas varmı?

Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Müdafiə Nazirliyinin rəsmi bəyanatından sonra bu cür ehtimallar səsləndirməyin yersiz olduğunu vurğuladı:

“Biz dezinformasiya müharibəsi şəraitindəyik. Qarabağ müharibəsi bitməyib. Sadəcə, atəşkəs rejimidir. Aktiv müharibə informasiya müharibəsinə keçib. Ola bilsin ki, kimlərsə bu ekspertlərin dili ilə danışır, cəmiyyətdə hansısa fikir formalaşdırmağa çalışırlar. Məsələ bundadır ki, bu barədə bu cür əminliklə danışmaq üçün sadəcə yaxşı mütəxəssis olmaq da kifayət deyil. Bunun üçün həmin mütəxəssisin əılində ciddi faktlar olmalıdır.

Müdafiə Nazirliyinin axı nə marağı var ki, qəzanın əslı səbəbini gizlətsin? Qəzanın səbəbinin öyrənilməsində ən çox maraqlı olan elə Müdafiə Nazirliyidir. Təyyarəni idarə edən təcrübəli pilot olub. Əgər pilotun hazırlığı yetərli olmasaydı, düşünmək oalrdı ki, Müdafiə Nazirliyi bunu gizlətmək üçün başqa səbəb göstərir. Bu təyyarə ilk dəfə deyil ki, səmaya qalxırdı, tapşırıq icra edirdi. Elə olsaydı, düşünmək olardı ki, yəqin təyyarə yaxşı yoxlanılmayıb, hansısa texniki nasazlıq olub. Müdafiə Nazirliyi bu qəzanın əsl səbəbinin araşdırılmasında həm də ona görə maraqlıdır ki, gələcəkdə bu cür qəzalar baş verməsin.

Qəzanın səbəbləri ilə bağlı müxtəlif ekspert və şəxslər tərəfindən deyilənlər sadəcə fikirlərdir. Bu fikirlərin “qara qutu”nun oxunmasına qədər səslənməsini hardasa başa düşmək oalrdı. Lakin “qara qutu” oxunub və Müdafiə Nazirliyinin rəsmi mövqeyi bəllidir. “Qara qutu”nun oxunmasından, nazirliyin qəzanın səbəbi ilə bağlı rəsmi bəyanatından sonra heç bir kənar rəyin yeri yoxdur.

Mən Allahdan şəhid pilotumuza rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.