Aşura haqqında ağlasığmaz həqiqətlər

10-09-2019, 18:42           
Aşura haqqında ağlasığmaz həqiqətlər
İslamın sirli adət-ənənələrindən biri də Aşura mərasimidir. Bu mərasim İslam müqəddəslərinin Kərbəla çöllərində faciəvi surətdə öldürülməsi ilə əlaqələndirilir. Yazılanlara görə, Məhərrəm ayının onuncu günü, Hz Məhəmməd nəvəsi olan imam Hüseyinlə birliktə 72 nəfər, Yezid ordusuna qarşı döyüşdə şəhid olmuşlar. Kərbəla mərasimi də bu şəhidlərin və On iki İmamların acılarını yada salmaq için Məhərrəm ayı Matəm ayı kimi qəbul olunmuşdur.
Aşura günündə keçirilən yas mərasimində insanlar zəncirlə öz kürəklərinə döyür, sinə vurur, baş yarır, xəncərlə və s. əşyalarla əzadarlıq hərəkətləri edirlər. Mənbələrə görə həm peyğəmbər özü, həm də imamlar Məhərrəmlikdə əzadarlığın zəruriliyini vurğulayıblar. İmam Hüseynin Kərbəlada şəhid olacağını Peyğəmbər əvvəlcədən xəbər vermiş və ona ağlamağı tövsiyə etmişdi. Həzrət Muhəmməd özü, imam Hüseyn kiçik olarkən ona yas saxlamışdır.


İlk baxışdan adi görünsə də, bu mərasimdəki “ələm götürmə”, sinəvurma, zəncirdöymə və s. hərəkətlər Aşuranın hansısa mistik bir hadisə ilə bağlılığına işarə edir. Adi bir insanın ölümü ilə əlaqədar keçirilən mərasimin belə böyük miqyasda min ildən artıq davam etməsi ağlasığmazdır. Hz. Məhəmmədin özü və Əhli-beytin digər nümayəndələri üçün bu səviyyəli yas saxlanılmır. Deməli, bu mərasimin, qədim yazılar kimi hansısa gizli, yəni batini mənası vardır. Mən “Batini-Quran” kitabında və məqalələrimdə xüsusi olaraq qeyd etmişəm ki, bütün müqəddəs yazıların batini, yəni gizli mənası vardır və bu mənanı yalnız seçilmişlər bilmişlər. Qədim yazıların batini, yəni həqiqi mənası adi insanlar üçün ilk baxışda fantastik və qəbuledilməz görünür. Buna təsdiq kimi, rəvayətlərin birində peyğəmbərin silahdaşlarından olan Abdulla ibn Abbasın insanlara dediyi sözləri göstərə bilərik: “Əgər mən Quranın, yerlə-göyün yaradılması ilə bağlı ayəsinin (65:12) peyğəmbərdən eşitdiyim izahını söyləsəm, siz məni daş-qalaq edərsiniz”. Bu o deməkdir ki, Quranın batini mənası çətin anlaşılan bir hadisə ilə bağlıdır. Aşura gününün digər mistik hadisələrlə üst-üstə düşməsi, bu mərasimin də gizli mənasının olması və daha qədim bir hadisə ilə bağlı olması deməkdir.
Mənbələrə görə Aşura günü:
1. Hz. Adəmin tövbəsi qəbul edilmişdir.
2. Hz. Nuhun gəmisi Cudi Dağında dayanmışdır.
3. Hz. İbrahim Nəmrudun əmri ilə oda atılmışdır.
4. Hz. İbrahimin oğlu Hz. İsmail doğulmuşdur.
5. Hz. Davudun tövbəsi qəbul edilmişdir.
6. Allah, Hz. Musaya bir möcüzə göndərmiş, dənizi yararaq Fironun ordusunu sulara qərq etmişdir.
7. Hz. Yaqubun, oğlu Hz.Yusifin həsrətindən tutulan gözleri görməyə başlamışdır.
8. Hz. Əyyub xəstəliyindən qurtulduğu gündür.
9. Hz. Yunus balığın qarnından xilas olmuşdur.
10. Hz. Yusif qardaşlarının atdığı quyudan çıxmışdır.
11. Hz. İsa dünyaya gəlmiş və səmaya yüksəlmişdir və s.

Bütün bunlar onu göstərir ki, Aşura mərasimi heç də qəbul edildiyi kimi adi insanın ölümü ilə bağlı deyildir və daha dərin, sirli hadisələrlə bağlıdır.
Misirşünas Erdmanın fikrincə Aşura mərasimi – Tammuz/Ta-uz şəbihi ilə əlaqədar keçirilən mərasim ilə bağlıdır. Bu mərasim İslamdan min illər əvvəl qədim Finikiya, Misir, Yunanıstan, Suriya və s. ölkələrdə keçirilirdi və mənbələrdə Tammuz (Ta-uz), Osiris (Oziri), Adonis, Attis, Kibela və s. Allahların ölüb-dirilməsi mərasimi adlanırdı. Həqiqətən də, müsəlmanlarda matəm günü olan Aşura axşamı, yəni məhərrəm ayının 9-cu günü Tasua/Tasus adlanır ki, bu da Ta-uz adına, yəni Tammuz mərasiminin adına çox uyğun gəlir. Bu matəm mərasimindəki ağlaşma isə Təziyə adlanır ki, bu da Ta-uz simvolu ilə eynidir. Belə çıxır ki, Aşura mərasimi adi insanın ölümü ilə yox, bilavasitə Allahla bağlı mərasimdir ki, insanlar bu haqda demək olar ki, heç nə bilmir.
Qədim folklorun tədqiqatçısı C. Frezerin yazdığına görə qədim Finikiya, Misir, Yunanıstan, Suriya və s. ölkələrdə keçirilən Tammuz/Ta-uz, Adonis, Attis və s. Allahların ölüb-dirilməsi mərasimləri eynidir və öz köklərini qədim Misirdə keçirilən «Oziri Allahının ölüb-dirilməsi» mərasimindən götürmüşdür.

Finikiyada Adonis Allahının ölümü hər il xüsusi mərasimlə keçirilirdi. Bu zaman insanlar ah-zar edir, öz sinələrinə döyür və inanırdılar ki, növbəti gün ilahi Adonis həyata qayıdacaq və hamının gözü qarşısında ərşə yüksələcək. Kibela və Attisin bu mərasiminin Roma, Friqiya variantına görə 22 martda meşədən şam ağacı qırılaraq məbədgaha gətirilir. Onu müqəddəs hesab edərək, parçaya bürüyüb üstünə gül tökürdülər. 23 martda əsasən nəfəs alətləri çalınırdı. «Qanlı» üçüncü gün baş kahin öz damarlarını kəsir, aşağı təbəqəli kahinlər isə təbil və digər alətlərin qarışıq səslərinin müşayəti ilə başlarını əsdirərək dağınıq saçla, ağrı hissiyatını itirib ekstaz halına gələnə qədər fırlanırdılar. Daha sonra onlar bıçaq və s. alətlərlə özlərini yaralayıb, qanlarını qurbangaha və müqəddəs ağacın üzərinə tökürdülər. Eyni mərasimi Avstraliya aborigenləri də keçirirdi. Belə ki, onların kahinləri özlərini axtalayır və bədən üzvünü ilahə heykəlinin altına atırdı. Daha sonra isə onu yerdə basdırırdılar ki, Attis Allahı qayıtsın. Qədim şərqin ən tanınmış yeri olan İerapolisdə, Astartanın məbədgahında keçirilən bu tip mərasimlərə varlılar Assuriya, Babil, Finikiya, Ərəbistan və s. ölkələrdən axışıb gəlirdi. Təbil və qışqırıq səsilə axtalanan kahinlər özlərinə bıçaqla zərər yetirir və huşlarını itirənədək əzadarlıq edirdilər (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.316-332). Kiçik Asiyada bu mərasim yazda keçirilirdi və bayram kimi qeyd olunurdu. Kibelanın, Attisin bu böyük yaz bayramı, yəni ölüb-dirilən Attis, Adonis,Tammuz, Kibela və s. Allahların bayramı Gilar bayramı adlanırdı (Е. Ярославский, «Как родятся, живут и умерают Боги», М., 1941, səh.83,86).

Herodota görə, Oziri (Osiris) Allahının qəbri aşağı Misirin Sais şəhərində yerləşirdi və buradakı gölün ətrafında xalq gecələr Oziri Allahının əziyyətlərinin şəbihini çıxarırdı. İldə bir dəfə keçirilən bu mərasimdə Allahın ölməsinə münasibətini bildirərək insanlar hönkürtü ilə ağlayır və öz sinələrinə vurub, İsidanın Ozirisi diriltməsi üçün getdiyi yolu təsvir edirdilər. Qeyd edək ki, «ölüb-dirilən Attis Allahı»nın mərasimi martın 24, 25-də keçirilirdi ki, bu gün də eyni zamanda Xristosun, yəni İsanın ölüb-dirilməsi günü sayılırdı. Maraqlı faktdır ki, xristian və bütpərəstlərin ölüb-dirilən Allahlarının mərasimi eyni ərazidə və eyni vaxtda keçirilirdi. C. Frezer yazır ki, buna görə xristian və bütpərəstlər arasında mübahisələr olurdu. Onlar bu mərasimin eyni hadisəyə həsr olunduğunu bilmirdilər və buna görə də bütpərəstlər, xristianların «ölüb-dirilən Xristos»un mərasimini saxta adlandırıb, öz mərasimlərinin daha qədim olduğunu iddia edirdilər (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.350,351,339).
Kibela, Attisin və s. Allahların bu böyük yaz bayramının 22 martda keçirilməsi, bu bayramın Novruz bayrami ilə eyniliyi mənasındadır. Novruz bayramında keçirilən törəndə Kosanın ölməsi və sonra birdən dirilməsi, bu bayramın bilavasitə qədim Misir Allahının ölüb-dirilməsi bayramı olması deməkdir. Lakin İslama görə Novruz bayramı Həzrəti Əli-nin doğumu, taxta çıxdığı və Fatimə ilə evləndiyi gün hesab edilir. Bu bayram eyni zamanda Həzrəti Məhəmmədin peyğəmbərliyə məbus olduğu, Cəmşid padişahın taxta çıxdığı, Həzrəti Adəmin yaradıldığı, Yunus peyğəmbərin balığın qarnından çıxdığı və Nuh peyğəmbərin gəmisinin qayaya oturduğu və s. gündür. Bu isə o deməkdir ki, Novruz bayramı da adi bayram yox, bir neçə mistik hadisə ilə bağlıdır.
Ölüb-dirilən Allahın mərasimi ilə bağlı olan Novruz bayramının, Həzrəti Məhəmmədin peyğəmbərliyə məbus olması ilə əlaqələndirilməsi, peyğəmbərimizin də ölüb-dirilən Oziri Allahı ilə əlaqəsinə işarədir. Məşhur sufi alimi Əl Qəzali Məhəmməd peyğəmbəri göy insanı, yəni kosmik ölçülü varlıq kimi təqdim edir ki, bu da peyğəmbərimizin qədim Misirdə yaradılmış kosmik Atum (Atam) Allahı obrazında olması deməkdir. Atum rəmzi sonrakı mənbələrdə Adəm kimi qeyd olunur ki, sufi alimi Mühiddin ibn Ərəbi bu Adəmi Allah mənasında kosmik insan kimi göstərərək, onu Kamil İnsan adlandırır. Deməli, Məhəmməd peyğəmbərin obrazı yer kürəsini əhatə etmiş Allahın obrazıdır ki, Misir mənbələrinə görə bu Allahı Ra-Amon Allahı yaratmışdır.
Xristian mənbələrinin birinə görə Məhəmməd peyğəmbər ölüm ayağında öz ardıcıllarını başına yığıb bildirir ki, “Mənim üçün dəfn təşkil edin və mən dirilənə qədər yanımda olun”. Ən-Nəvavinin və digərlərinin hədislərinə görə də peyğəmbər ənsarilərə, onunla “hovuz yanında görüşənədək dözməyi” tapşırır. Belə çıxır ki, Mühəmməd peyğəmbər adi insan yox, ən qədim mənbələrdə “Ölüb-dirilən Allah” kimi qeyd olunan sirli bir obrazdır. Hədislərdə Məhəmməd peyğəmbərin “iki dünyanın şahı” adlandırılması, onun, Aşağı (yer) və Yuxarı (göy) Misirin Allahı Ra-Amonun obrazı olması deməkdir.
Qədim Misir yazılarına görə, firon (mənbələrdə “pir”) Amon, göydə milyonlarla qurban hesabına ruhlar dünyasını yaratmış və özü də onun daxilində Allaha çevrilmişdi. Quranda bu hadisə belə təsvir olunur: «O elə bir yaradıcıdır ki, yerdəki hər şeyi sizin üçün yaratdı: sonra iradəsini göyə yönəldib onları yeddi göy olaraq düzəltdi… Allah göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və günəşi, ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu (Quran 2:29, 13:2, 20:5). Rəhmanın ərşə hakim olması, qədim Misir yazılarında firon Amonun göyə qalxması, sağlığında göydə yaratdığı Ra günəşi diski ilə birləşməsi və Ra-Amon Allahına, yəni Rəhman Allaha çevrilməsi geniş təsvir olunur. Dahi Firdovsi, Allahın ərşi yüksəlməsi hadisəsini «Şahnamə»də Cəmşidə aid edir və bildirir ki, o Göydə kəyan taxtı qurub, divin çiynində taxta çıxır və fəzada günəş tək qərar tutur. C. Frezerə görə isə, məhz Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur. Belə çıxır ki, göyə, yəni ərşə yüksələn Ra-Əman elə islamda Rəhman kimi qeyd olunan Allahdır və Məhəmməd peyğəmbər də, Alban dağının üstündə qərar tutmuş bu Allahın obrazıdır.
Ra-Amon Allahının ruhu isə Oziri, yəni Osiris (İssi-Ra) Allahı adlandırılır. Qədim Misir rəvayətinə görə Allahın ilkini olan Osiris (Oziri) dünyaya hakim kimi gəlir və insanları heyvan səviyyəsindən çıxarıb, onlara buğda əkməyi, şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin axirətə yaxın kiçik qardaşı Set ona həsəd apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür. Axirətdə, Ozirinin arvadı İsida, oğlu Qorla yenidən Oziri Allahını dirildir və o əvvəlki kimi axirətdən sonrakı dövrlərdə dünyaya hakimlik etməyə başlayır. Bu rəvayətin tam açması müəllifi olduğum «Batini-Quran» kitabında geniş verilmişdir.

Ölüb-dirilən Osiris Allahın bayramının həzrət Əli-nin doğumunun, taxta çıxmasının və Fatimə ilə evləndiyi gün hesab edilməsi, onun da Osiris (Oziri) Allahının obrazında olması deməkdir. Mən kitab və məqalələrimdə xüsusi qeyd etmişəm ki, ən qədim mənbələrdə Əli rəmzi El kimi qeyd edilirdi. Tövratda El Allahı - Səlim [SLM] şahının Allahı adlandırılır ki, bu da Səlim rəmzi ilə eyni olan İslamın [SLM] Allahı deməkdir. Şumer, Mesopotamiya mənbələrində Əli mənasında olan El (İl) rəmzi “El-Amurru” kimi yazılaraq Əli-Əmir (Əli –Əmir əl möminin) fikrini ifadə edir. İmam Əlinin mənbələrdə Vilayət adlandırılması, onun göydəki El, yəni ruhlar dünyası mənasında olmasına işarədir. Əgər nəzərə alsaq ki, ən qədim mənbələrə görə Adəmin, yəni Atum Allahının bədəni eyni zamanda Edem cənnətidir, razılaşarıq ki, göydəki El mənasında olan Əli vilayəti də cənnət mənasındadır. Bu isə o deməkdir ki, axirətdə dirilməli olan Osiris Allahı - Məhəmməd peyğəmbərin yerinə taxta çıxan İmam Əli mənasındadır.
Belə çıxır ki, ölüb-dirilən Allah dedikdə, Ra-Amonun ruhunun axirətdə ölməsi, axirətdən sonra isə yenidən dirilməsi kimi başa düşülməlidir. Dirilən Allah isə İslamda Rəhim kimi qeyd olunan rəmzdir və sufizmdə bu rəmz Ra-Qam kimi aşıqlanır. Deməli, axirətdə Rəhman Allahın yerinə Rəhim Allah keçəcəkdir ki, islamda bu - Məhəmməd peyğəmbərin yerinə imam Əlinin (Mehdinin) keçməsi kimi məlumdur. Allahla peyğəmbərimizin əlaqəsini başa düşmək üçün bəzi rəmzlərin mənasını araşdıraq.
Bu gün hamı bilir ki, sonsuz adlara sahib olan Allah birdir və əbədidir. Vahid və əbədi Allah dedikdə sufilər, bəşəriyyətə həyat vermiş efiri, yəni həyat enerjisini ( “Hu”) nəzərdə tuturlar ki, digər mənbələrdə bu rəmz dirilik suyu, ilahi od və s. adlandırılır. İbn Ərəbi yazır ki, Allah, bütün saylardan artıq olan Öz adlarının sahibi kimi, onların təcəssümünü görmək istədi və buna görə də yığcam bir varlıqda, yəni Adəm formasında Allah yaratdı. Deməli, Adəm, yəni qədim Misirin Atum Allahı – dirilik suyu adlandırılan ana maddənin öz-özünü yığcam insan formasında yaratması nəticəsində əmələ gəlmişdir.

İslam mənbələrinə görə vahid və əbədi olan Allahın rəsulu Məhəmməd peyğəmbərdir. Sufizmdə “rəsul” [RS-L] rəmzi eyni zamanda “El-Osiri” [L-SR] kimi də oxunur və “dirilik suyundan yaradılmış göydəki El” mənasını verir. Məhəmməd [MH-MD] rəmzi isə sufizmdə eyni zamanda “qam Adəm” [QM-MD] kimi də aşıqlanır ki, yazdığımız kimi ibn Ərəbi bu Adəmi Allah hesab edir. Burada “qam” rəmzi şamanizmlə, yəni ekstatik vəziyyətlə bağlıdır ki, bu da göyləri əhatə etmiş Adəmin bədəninin ekstatik vəziyyətdə olması deməkdir. Məhəmməd peyğəmbərin – “həqiqət mənim daxili vəziyyətimdir” deməsi, onun daxili vəziyyətinin məhz ekstaz vəziyyətində olması mənasındadır. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər Allahla, yəni əbədi olan və həyat verən dirilik suyu ilə vəhdət təşkil edir. Hz. Məhəmmədin ölümü də axirətdə bu dirilik suyunu idarə edən ruhun ölümü və axirətdən sonra yenidən dirilməsi mənasıdadır. Belə çıxır ki, Osiris Allahının ölməsi elə Məhəmmədin peyğəmbərin ölməsi mənasındadır. Onun yenidən dirilməsi isə axirətdən sonra onun yerinə keçəcək İmam Əlinin, yəni göydə Əli vilayətinin yaranması deməkdir.
Peyğəmbər mənasında olan “nəbi” rəmzi sufizmdə - ruh mənasını verən “Benu” rəmzi ilə eyni məna verir ki, bu rəmz də qədim Misirdə “Allahın ruhu”nu bildirirdi. Əflatun da xüsusi nəzrə çatdırır ki, peyğəmbər dedikdə, göydə olan və informasiyanı insanlara çatdıran Varlıq başa düşülməlidir. Deməli, Məhəmməd peyğəmbər adi insan yox, göydə ruh kimi mövcud olan ilahi Varlıqdır ki, məhz bu Varlıq qədim mənbələrdə Allah adlandırılırdı.
Bütün bunlar o deməkdir ki, Aşura mərasimi, 5500 il bundan əvvəl göydə yaradılmış Atum Allahının, yəni Adəmin axirətdə ölməsi və onun yerinə ikinci Adəmin yaranmasının mərasimidir. Adəmin ruhu mənasında olan Oziri Allahının ölümü bizə Aşura mərasimi, bu ruhun yenidən dirilməsi isə Novruz bayramı kimi gəlib çatmışdır. Qədim zamanlarda birlikdə keçirilən bu mərasimlər sonradan ayrılmışdır. Nəzərə alsaq ki, Oziri Allahını Assuriya və s. ölkələrdə Aşşur adlandırırlar, onda razılaşarıq ki, Aşşur/Aşura sözü də Osiris (Oziri) mənasındadır.
Belə çıxır ki, Aşura mərasimi adi insanın ölümü yox, bəşəriyyətin sahibi Atum (Adəm) Allahının axirətdə ölməsi və axirətdən sonra yenidən dirilməsinin mərasimidir. Bu mərasim eyni zamanda Məhəmməd peyğəmbərin ölməsi və onun yerinə varisinin keçməsi mənasındadır. Buradan isə belə nəticə çıxarmaq olar ki, Məhəmməd peyğəmbərin obrazı, ölüb-dirilən Misir Allahlarının və ölüb-dirilən İsa peyğəmbərin obrazıdır. Bu isə o deməkdir ki, Allahın bir olduğu kimi, bütün dinlər də birdir və bütün qədim yazılar, mərasimlər yalnız bir mistik hadisə ilə bağlıdır.

Firudin Gilar Beg
Фирудин Гилар Бек












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.