Dünya yeni böhran ərəfəsində: Kim ziyanlı çıxacaq?

15-09-2019, 16:25           
Dünya yeni böhran ərəfəsində: Kim ziyanlı çıxacaq?
Dünyada baş verən proseslər iqtisadi sferada da geriləmələrə səbəb olub.

Avropa Mərkəzi Bankının yaydığı son hesabatda da bunu görmək mümkündür. Belə ki, Avropa Mərkəzi Bankı iyunda 1.2 olaraq gördüyü 2019-cu il iqtisadi artım proqnozunu 1.1, 2020 proqnozunu isə 1.4-dən 1.2 faizə endirib. İqtisadi artımla paralel olaraq inflyasiya proqnozu da aşağı düşüb. Belə ki, 2019-cu il üzrə Avro Bölgəsi inflyasiya gözləntisi 1.3-dən 1.2-ə, 2020 proqnozunu 1.4-dən 1 faizə endirilib.

Göründüyü kimi, dünya iqtisadiyyatında gözlənilən artım tempi aşağı düşüb. Gözləntilərin aşağı düşməsi ilə bir sıra qlobal səbəblə izah olunur. İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında iqtisadi inkişaf və iflyasiya proqnozunun aşağı düşməsini əsas iki səbəblə izah edib:

“Birincisi, təbii ki, “Brexit” məsələsidir. Çünki oktyabr ayının sonu razılaşdırılmamış da olsa, Britaniyanın Avropa İttifaqından çıxması məsələsi gündəmdədir. Bu, razılaşdırılmamış “Brexit” dünya, əsasən də Avropa iqtisadiyyatına ciddi mənfi təsir edəcək. Çünki ticarət münasibətlərinin kifayət qədər yavaşlamasını görəcəyik. İkinci məsələ isə ABŞ-Çin və ABŞ - Avropa Birliyi arasındakı ticarət və valyuta müharibələri, Rusiyaya və İrana tətbiq olunan sanksiyalardır. Bütün bu dünya ticarətinə mənfi təsir edən amillə Avropa Mərkəzi Bankının proqnozlarını aşağı çəkməsində əsas rol oynayıb. Dünyada iqtisadi daralma, ticarətin zəifləməsi gözlənilir. Bu fonda da iqtisadi artım tempi aşağı salınıb”.

Natiq Cəfərli hesab edir ki, inflyasiya gözləntilərinin də aşağı çəkilməsinin başlıca səbəbi də məhz “Brexit” və dünya gücləri arasında gedən ticarət, valyuta müharibəsidir:

“Əslində, 3 faizlik inflyasiya istənilən iqtisadiyyatda pozitiv rol oynayır. İqtisadiyyatın dövriyyəsinin artmasında, istehsalda və ticarət həcmində əlavə stimul yaranır. Ticarət dövriyyəsi zəiflədikcə, alım gücü də aşağı düşür. Yəni vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşür. Bu zaman da inflasiya gözləntiləri də aşağı enir. Çünki qiymətlərin artıq tempi aşağı düşür ki, bu da ümumilikdə iqtisadi artıma mənfi təsir göstərən amildir. Yəni iqtisadiyyatda 3 faizlik inflyasiya kifayət qədər müsbət dinamika yaradır. Bu iki qlobal, “Brexit” və dünya ticarət və valyuta müharibəsi ilə bağlı amillər Avropa Mərkəzi Bankının proqnozlarının aşağı çəkilməsində mühim rol oynayıb. Bu da ümumilikdə dünyada gedən proseslərə siqnaldır ki, həm bu, həm də gələn il dünya iqtisadiyyatında zəifləmə müşahidə olunacaq. Dünya iqtisadiyyatında isə zəifləmənin müşahidə olunması dünya ticarətində daralmağa rol açacaq. Əgər ticarət müharibələri daha da gərginləşərsə, razılaşdırılmamış “Brexit” baş tutarsa, bu, dünya iqtisadiyyatına ilin sonuna qədər kifayət qədər mənfi təsir edəcək. Gələn il isə bu təsirin daha ciddi dalğalarını da müşahidə edəcəyik”.

İqtisadi proqnozların artması üçün lazım olan məqamlara da toxunan ekspert bunun qısa zamanda mümkün olmayacağını deyib. N.Cəfərlinin sözlərinə görə Avropa Mərkəzi Bankının növbəti toplantısı 45 gündən sonra baş tutacaq. Əgər bu 45 gün ərzində “Brexit”lə bağlı müsbət irəliləyiş, ABŞ-Çin ticarət müharibəsində səngimə müşahidə olunarsa, növbəti toplantıda proqnozların pozitiv istiqamətdə dəyişməsi ilə bağlı açıqlamalar görə bilərik:

“Amma düşünürəm ki, bunlar belə qısa zamanda həll olunacaq məsələlər deyil. Xüsusilə də “Brexit”lə bağlı məsələsi “düyünə” düşüb. 45 gün ərzində “Brexit”lə bağlı bütün tərəfləri qane edəcək razılaşmanın əldə olunması mümkün deyil. Ona görə də düşünmürəm ki, növbəti toplantıda da müsbətə doğru dəyişiklik müşahidə olunsun”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.