NİYƏ 55 DOLLAR? – “Qara qızıl”ın yeni büdcədəki qiyməti və narahatlıq doğuran perspektivi

16-09-2019, 18:04           
NİYƏ 55 DOLLAR? – “Qara qızıl”ın yeni büdcədəki qiyməti və narahatlıq doğuran perspektivi
Azərbaycan iqtisadiyyatının və dövlət büdcəsinin uzun illərdir narkotik kimi böyük asılılıq yaşadığı neft, ölkəmiz üçün ən başlıca “çörək yeri” statusunu saxlamaqdadır. Hər il bu asılılığın azaldılacağı, qeyri-neft sektorunun inkişaf etdiriləcəyi barədə çoxsaylı vədlər, rəylər, izahlar verilsə də, nəticədə yenə hər növbəti ilin büdcəsi müzakirə olunarkən neftin iqtisadiyyatımızdakı hegemonluğu özünü göstərir.

Maliyyə Nazirliyinin yayımladığı rəsmi proqnozlar göstərir ki, üzümüzə gələn 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti bir barrel üçün 55 dollar nəzərdə tutulub. 2019-cu ilin büdcəsində bu qiymət 5 dollar yüksək - 60 dollar idi. Deməli, hökumət də bütün xarici mərkəzlərin, tanınmış şirkətlərin proqnozlarını bölüşür və anlayır ki, neftin bahalaşmasından çox ucuzlaşması perspektivi daha real görünür.

Qeyd edək ki, əksər müstəqil ekspertlər gələn ilin büdcəsində neftin qiymətinin hətta 50 dollar götürülməsini təklif edirdilər. Ancaq hökumət yenə də neftin volatilliyinin həmişəki kimi yüksdək olmasına rəğmən, bazarda ucuzlaşmanın kəskin hal almayacağına ümid edir.

Doğrudur, son günlər neftin bahalaşması kimlərdəsə müəyyən nikbinlik yarada bilər. Lakin yaxşı məlumdur ki, bu müvəqqəti hal Səudiyyə Ərəbistanındakı yataqlara dronlarla hücumun nəticəsidir və texniki xarakter daşıyır. Quyuların işi bərpa olunan kimi, “qara qızıl” ucuzlaşmağa və “layiq olduğu” həddə qərarlaşmağa başlayacaq.

Maliyyə Nazirliyinin proqnozunda göstərilir ki, 2020-ci ilin büdcə xərcləri 400 milyon dollara yaxın artaraq, 25,6 milyard manat olacaq. Təbii ki, büdcənin artması istənilən halda bir ölkə üçün yaxşı hadisədir. Lakin məsələnin məyusedici tərəfi odur ki, bu artım yenə də neft sektoru hesabına gerçəkləşəcək. Çünki 25.5 milyard manatlıq büdcə gəlirinin 57 faizi yenə neft sektoru hesabına təmin olunacaq və Dövlət Neft Fondundan büdcəyə 11 milyard 767 milyon manat vəsait transfer ediləcək. Bu isə cari illə müqayisədə 400 milyon artıqdır. Deməli, büdcə xərcindəki artım məhz elə Neft Fondunun transfer edəcəyi əlavə 400 milyon manatın hesabına təmin olunacaq.

Proqnozda iddia olunur ki, gələn il qeyri-neft sektorunun büdcə gəlirlərindəki payı cari illə müqayisədə 11 faiz artacaq. Təbii ki, gömrükdə və vergi sistemindəki müəyyən şəffaflıq tədbirləri sayəsində buna nail olmaq mümkündür. Yəni ki, bu artıma daha çox indiyə qədər mövcud olan resursların üzə çıxarılaraq, büdcəyə cəlb edilməsi hesabına nail olunacaq, nəinki yeni real mənbələrin, istehsal güclərinin, dəyərin yaradılması hesabına. Həmçinin, hətta 11 faizlik artıma nail olunsa belə, bu, ümumilikdə büdcə üçün böyük bir rəqəmə, dəyişikliyə çevrilməyəcək və yenə də onun yarıdan çoxu neft gəlirləri hesabına formalaşacaq, hansı ki, indiyə qədər çoxdan əks mənzərə yaradılmalı və qeyri-neft sektorunun payı neft sektorunun payını xeyli üstələməli idi.

Təəssüf ki, reallıqla barışmaqdan başqa çarəmiz qalmır və yenə ümidimizi neftə və onun dünya bazarındakı qiymətinə bağlayırıq. Burada isə vəziyyət heç də birmənalı və ümidverici deyil. Səudiyyə Ərəbistanındakı son hadisəyə baxmayaraq, neftin perspektivi ilə bağlı ümidlər heç də nikbin görünmür. Məsələn, bugünlərdə Rusiya EA-nın İqtisadiyyat İnstitutu qlobal miqyasda neftə tələbatın gələcəyi ilə bağlı təhlilini yayımlayıb. Təhlildə neftə alternativ enerjilərin getdikcə daha çox irəli çıxması məsələsinə xüsusi diqqət ayrılır. Göstərilir ki, 2004-2017-ci illərdə dünyanın enerji istehlakında neftin payı 2.5% azalaraq, 34.2%-ə enib. Əvəzində bərpa olunan enerji növlərinin xüsusi çəkisi 0.7%-dən 3.6%-ə qədər artıb.

Digər tərəfdən, neft istehlakının artım tempi də alternativ enerji ilə müqayisədə xeyli geri qalır. Belə ki, 2004-2017-cü illərdə neft istehlakının həcmi hər il orta hesabla 0.5% artdığı halda, bərpa olunan enerji üzrə bu artım 4% ətrafında olub. Bu, o deməkdir ki, alternativ enerji növlərinin neftin üzərinə basqısı getdikcə artır. Məsələn, elə həmin hesabatda göstərilir ki, dünyada neft istehlakının 57%-i avtomobil sənayesinin payına düşür. Son 10 ildə isə elektromobillərin hər kv.saat üçün batereyalarının dəyəri 5 dəfə azalaraq 1000 dollardan 209 dollara enib. Yaxın 5 ildə hətta 73 dollara düşəcəyi gözlənir. Bundan sonra benzin və dizellə işləyən maşınların elektromobillərlə rəqabət aparması demək olar ki, mümkün olmayacaq.

Həmçinin, benzin və dizellə işləyən avtomobillərin istehsalçıları da yeni motorların qənaətlə işləməsinə, onların faydalı iş əmsalının yüksəlməsinə nail olublar və bu proses getdikcə sürətlənir. Bu isə neftə olan tələbatı bir az da azaldır. Əgər bu yüksəliş olmasa idi, son 40 ildə neftə illik tələbat 1.5 mlrd. ton artıq olmalı idi.

Bütün bunları təkcə Rusiyada, Avropada deyil, bütün dünyada nəzərə almağa başlayıblar və alternativ enerji mənbələri hətta siyasi mübarizədə də ciddi alətə çevrilib. Məsələn, ABŞ-da növbəti prezident yarışının əsas mövzularından biri “yaşıl enerji”dir. Demokratlar 2030-cu ilədək dünya nəhəngi olan ABŞ-da 18 trilyon dolların qarşılığında tam alternativ enerjiyə keçidi reallaşdıracaqlarına söz verirlər.

Bütün bunlar olduqca ciddi siqnallardır və neftə olan tələbatın azalacağından xəbər verir. Vəziyyət o yerə çatıb ki, dünyada son 5 ildə dünya üzrə neft sektoruna qoyulan kapitalın həcmi 50% azalıb. Dünyanın ən nəhəng investisiya fondu olan Norvreç Fondu isə son 2 ildə 33 mlrd. dollarlıq neft-qaz şirkətlərinin səhmlərini satıb. Səbəb isə çox sadədir – bu sahənin perspektivsizliyi…

Göründüyü kimi, bütün bu faktorlar neftin gələcəyilə bağlı nikbin proqnozlara yer qoymur. Bu gedişlə hazırda neftin büdcədə 5 dollar endirilərək 55 dollar göstərilən qiymət proqnozunun növbəti illərdə daha da aşağı enməyəcəyinə heç kim təminat verə bilməz. Və getdikcə mövqelərini itirməyə başlayan bu enerji mənbəyinin nə vaxta qədər Azərbaycan iqtisadiyyatının “çulunu sudan çıxaracağını” demək də çox çətindir…/azpolitika.info/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.