Bakıda İLGİNC DƏLƏDUZLUQ - FOTO

19-09-2019, 12:38           
Adi dələduzluq cəmiyyətimizdə o qədər adi hal alıb ki, bəzi hallarda polis bu cür faktları cinayət hesab etmir. Hər gün paytaxt polisi onlarla fırıldaqçılıq, başqa sözlə, dələduzluq yolu ilə başqasının əmlakını mənimsəmə hadisəsini qeydə alır. Ancaq polisdən bildirilib ki, bu, hər şikayət üzrə cinayət işi üzrə açılması demək deyil.

Dələduzluq faktını sübut etmək çox çətindir. Əksər hallarda şikayətçilərin pul köçürmələri ilə bağlı notarius tərəfindən təsdiqlənmiş heç bir sənədi olmur.

Axtarışda olan hər üçüncü şəxs dələduzluğa görə axtarılır. Üstəlik, bu cinayətlərdə qadınların sayı kişilərin sayına bərabərdir. Fırıldaqçılar, adətən, vətəndaşların saf niyyətlərindən faydalanır və mürəkkəb üsullara əl atmır, əksər hallarda dələduzluğun klassik üsullarından istifadə edirlər.

Amma qəbzin olmaması fırıldaqçılıqla bağlı cinayət işi üzrə dəlil toplama prosesini çətinləşdirir və buna görə də Bakı şəhər sakinləri Məmmədov Aqşin Əli oğlu və Rzayev Hacıağa Xanrza oğlunun aldadılması aydın görünür.

Aqşin Məmmədov və Hacıağa Rzayev məşhur “Study in Turkey” şirkətinin ofisində baş verən fırıldaqçılığın qurbanı olublar.

Bu barədə Oxu.Az-a zərərçəkən Aqşin Məmmədovun özü məlumat verib.
Bakıda İLGİNC DƏLƏDUZLUQ - FOTO
Zərərçəkənin sözlərinə görə, bu ilin martında o, dostu Q.Rzayev ilə birlikdə Kanadaya işçi vizası almaq üçün müraciət etmək qərarına gəlib və bu məqsədlə çox axtarışdan sonra ofisi Xətai rayonu “Azure Park” ticarət mərkəzinin 12-ci mərtəbəsində yerləşən “Study in Turkey” şirkətinə müraciət ediblər.

Burada onları özünü şirkətin əməkdaşı kimi təqdim edən İmanov Zərbalı qəbul edib və onları doğru ünvana müraciət etdiklərinə əmin edib. Bir həftə ərzində Z.İmanov A.Məmmədov və Q.Rzayevlə işçi vizası almağın bütün aspektlərini hərtərəfli müzakirə edib:

“Bütün şirkət işçiləri ofisə gedib-gəlməyimizə şahiddir. Danışıqlar bizim pulu Z.İmanova təhvil verərək müqavilə bağlamağımızla yekunlaşdı. Ona mən 6000 manat, Q.Rzayev isə 9700 manat pul verdi.

Özündə bütün fors-major halları və ödənilmiş məbləği göstərən müqavilə möhür və imzalarla təsdiqləndi. Bir neçə ay keçdi və Z.İmanov yoxa çıxdı. “Study in Turkey” şirkəti isə işçisinə görə məsuliyyəti üzərinə götürməkdən imtina edir”.

A.Məmmədov bu barədə “Study in Turkey”in direktoru Fuad Hacıyevlə danışıb. O, Z.İmanovun “Study in Turkey” şirkətinin işçisi olmadığını, sadəcə, şirkətin ofisində bir stul icarələdiyini bildirib.

“Onlar Z.İmanovla bağlanmış icarə müqaviləsini mənə göstərdilər və dedilər ki, bu şəxsin əməllərinə görə heç bir məsuliyyət daşımırlar”, - deyə zərərçəkən A.Məmmədov bildirib.

Hadisə ilə əlaqədar A.Məmmədov və Q.Rzayev Xətai rayonunun 37-ci Polis Bölməsinə, Bakı Şəhər Baş Polis İdarəsinə, rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət ediblər və aldıqları cavab bunun mülki iş olduğu, dələduzluqla bağlı cinayət əməlinin olmadığı olub.

Halbuki Z.İmanov bir neçə nəfəri aldadaraq pullarını mənimsəyib. A.Məmmədovun müraciət etdiyi bütün vəkillər bu əməlin açıq-aydın dələduzluq olduğunu söyləsələr də, polis Z.İmanovun hərəkətlərini qanunsuz hesab etməkdən imtina edir. Belə çıxır ki, istənilən şəxs asanlıqla insanların etibarından faydalanaraq, onları aldada, maddi ziyan vura bilər və buna görə onu heç kim sorğuya çəkməz.

Qərəzli görünməmək üçün Oxu.Az-ın müxbiri “Study in Turkey”in direktoru Fuad Hacıyevə müraciət edib:

“Zərbalının özünün “Oik” şirkəti var idi. Biz onunla icarə müqaviləsi bağladıq və o, ofisimizdə kiçik bir ərazini tuturdu. Şirkətimiz uzun müddətdir ki, özünü bazarda sübuta yetirib və Türkiyədə təhsil almaq istəyən hər kəsə xidmət göstərir.

Z.İmanov isə, bildiyimiz qədərilə, Polşaya işçi vizalarının alınması ilə də məşğul olur. O, təkcə A.Məmmədov və Q. Rzayevi yox, başqalarını da aldadıb. Məsələn, bizə 25 min manat borcu var”, - deyə F.Hacıyev açıqlama verib.

Direktorun sözlərinə görə, Z.İmanovun etdiyi fırıldaq nəticəsində zərərçəkənlərdən birinə şirkət tərəfindən 1000 manatdan çox kompensasiya verilib. F.Hacıyev Z.İmanovun heç yerə qaçmadığını və Azərbaycanda olduğunu qətiyyətlə vurğulayıb.

O, “Facebook” sosial şəbəkəsində mütəmadi olaraq Z.İmanovla əlaqə saxladığını və onun yaxın qohumunun evini satılmağa qoyduğunu, satışdan sonra hər kəsə olan borcunu qaytaracağını vəd etdiyini əlavə edib:

“O, əks halda cinayət məsuliyyətinə cəlb edilə biləcəyini başa düşür. Biz onun doğulduğu Saatlı rayonuna da getdik, qohumları ilə danışdıq, amma onlar da çarəsiz qaldıqlarını və kömək edə bilməyəcəklərini dedilər. Bir sözlə, biz indi onun evi satıb borcu qaytarmasını gözləyirik”.

A.Məmmədov artıq dörd aydır ki, Z.İmanovun evi satılmağa qoyduğunu, amma hələlik sata bilmədiyini qeyd edib.

Polisdən A.Məmmədova məhkəməyə müraciəti tövsiyə ediblər.

“Ancaq Z.İmanovun özü və ya yaşadığı ünvan olmadığı təqdirdə məhkəməyə necə şikayət etmək olar?! Polis fırıldaqçını tapmalı və pulumuzu qaytarmağa məcbur etməlidir. Aldanmış insanlar hüquq-mühafizə orqanlarının köməyi olmadan belə işlərin öhdəsindən necə gələ bilər? Biz özümüz məhkəmə qura bilmərik”, - deyə zərərçəkən deyib.

İnanmaq istərdik ki, bu yazıdan sonra asayiş keşikçiləri qanuna riayət olunmasını təmin etmək üçün bütün mümkün tədbirləri görəcəklər. Axı həqiqətən, cəza olmadığı təqdirdə hər şey baş verə bilər. Bu halda isə qanunsuzluqlar baş alıb gedər.



шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.