Saxta generalın tora saldığı baş həkim gizli videolarından danışdı, narazılıq etdi

21-09-2019, 12:47           
Saxta generalın tora saldığı baş həkim gizli videolarından danışdı, narazılıq etdi
Özünü DTX polkovniki, general kimi təqdim edərək baş həkimdən və digər şəxslərdən külli miqdarda pul alan dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalov ifadə verməyə davam edib.

O, necə aldadılmasını, başına gətirilən oyunların davamını danışıb. Ötən məhkəmə iclasında danışdıqlarını bu linkdən oxuya bilərsiniz:

https://musavat.com/news/bakida-saxta-general-ve-polkovnikin-mudhis-plani-bas-hekimi-ele-bir-tora-saldilar-ki-ozel_641482.html

Sonuncu məhkəmə iclasında Mübariz Zeynalov mətbuatda barəsində yazılanlara etiraz edib. Hakim isə bildirib ki, açıq məhkəmə iclasıdır və jurnalistin iştirak etməsinə heç bir problem yoxdur.

Daha sonra baş həkim ifadə verməyə davam edib.

Mübariz Zeynalov deyib ki, hədə-qorxuların davamında ondan yenə pul tələb edilib. Amma həmin ərəfədə ona qarşı plan quran şəxslər bir-biri haqda ziddiyyətli fikirlər səsləndirməyə başlayıblar:

"Hətəmxan guya mənim dərdimə yanırdı. Özü mənə dedi ki, Elxan və Rövşən məni aldadıb. O, mənə bu işi həll etməyi təklif elədi. Yüksək vəzifəli şəxslərə şikayət etməyi təklif elədi".

Baş həkim deyib ki, Rövşən ondan alınan pullardan əlavə 15 min manat da pul alıb. Həmin pulla baş həkimin işini həll etmək üçün adı məlum olmayan, ümimiyyətlə, olmayan generala hədiyyə alacaqmış. Baş həkim həmin məbləği də Rövşənə verib. Amma bu məbləğ də kifayət etməyib. Rövşən hədiyyənin baha olduğunu və 5400 manat çatmadığını deyib və həmin məbləği də baş həkimdən tələb edib.

Daha sonra Rövşən baş həkimi inandırmaq üçün ona general formasında votsap vasitəsi ilə görüntülü zəng edib.

Amma bu ərəfədə Elxan baş həkimi aldatmağa başlayıb. Telefon zənglərinə cavab verməyib. Sonra isə onu öldürməklə hədələyib.

Baş həkim nəhayət iş yoldaşı olan və bu hadisələrin başına gəlməsində günahkar bildiyi Samir adlı həkimə zəng edib. Elə bu zəng baş həkimin başına açılan oyunların üstünü açıb.

"Mən Samirə zəng edib dedim ki, məni Elxanla tanış edərək böyük problemə salıb. Ona dedim ki, Elxan məni ölümlə hədələyir. Samir mənə dedi ki, Elxan ona da zəng edib. Elxan Samirə deyib ki, mən artıq-əskik hərəkətlər edirəm. Bu söhbətdə başa düşdüm ki, Samir bundan xəbərsizdir. Samirə dedim ki, gəl Bakıya, hara lazımdırsa gedib şikayət edək. O da razılaşdı və Bakıya gəldi"- deyə baş həkim qeyd edib.

Mübariz Zeynalov bildirib ki, DTX-ya müraciətindən sonra hər üç şəxs həbs edilib. Baş həkim onu da deyib ki, Elxanın ailəsi ona dəymiş zərəri tam olaraq ödəyib.

Daha sonra Mübariz Zeynalov suallara cavab verib.

Hətəmxan Çobanovun vəkili Ülkər Bayramqızı baş həkimdən flaş-kartla bağlı suallar soruşub.

Vəkil deyib ki, flaş-kartda hər hansı bir rüsvayedici məlumatın olduğunu bilibmi: "Sizə ailənizin, özünüzün haqda hər hansı foto, video göstərdilərmi?".

Baş həkim "xeyir" cavabını verib.

Rövşən Əliyevin vəkili Nəzrin Cəfərova da baş həkimə sual verib: "İttihamda sizin başqa bir qadınla münasibətinizin olduğuna görə hədələndiyiniz yazılır. Belə bir hal olubmu?".

Baş həkim belə bir halın olmadığını deyib.

Vəkil təkrar soruşub ki, belə bir qorxusu yox idisə, bu cür hal baş verməmişdisə, niyə bu qədər pulu onlara verib?

Mübariz Zeynalov bu suala cavabını konkret deməyib. O, hansısa bir qadınla münasibətinin olub-olmamasına aydınlıq gətirmək əvəzinə öz xidmətindən və buna görə mükafatlandırılmasından danışıb:

"Mənim hansısa bir səhv hərəkətin olsaydı, həmin ərəfədə nazirlik tərəfindən xidmətlərinə görə mükafatlandırılmazdım".

Məhkəmə iclasında təqsirləndirilənlərdən Rövşən Əliyev də dindirilib.

Rövşən Əliyev deyib ki, baş həkimdən pul hədə-qorxu və şantajla alınmayıb. O etiraf edib ki, baş həkimdən pulu işə düzəltmək adı ilə alıblar. Onun dediyinə görə, baş həkimi Sumqayıta baş həkim göndərəcəkmişlər, amma alınmayıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb. Bu iş üzrə ümumilikdə 3 nəfər zərərçəkmiş var. Onlardan biri də keçmiş məktəb direktorudur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.