Paşinyanın “Qarabağ” planı: Rusiyadan hərbi dəstək, Qərbdən pul - TƏHLİL

23-09-2019, 09:29           
Paşinyanın “Qarabağ” planı: Rusiyadan hərbi dəstək, Qərbdən pul - TƏHLİL
“Görünür, Rusiya Prezidenti Vladimir Putin Ermənistana bir neçə saatlığına gedəcək. O, Yerevanda qalmaq niyyətində deyil və yalnız Avrasiya İqtisadi Birliyinin toplantısına qatılacaq. Bundan sonra isə Ermənistanı tərk edəcək”.

Ermənistanın "168 jam" qəzeti belə yazıb. Qeyd edilir ki, hətta Rusiya Prezidenti rəsmi ziyafətdə iştirak etməyəcək. "Ermənistan ikitərəfli görüşlə bağlı xahiş etsə də, Rusiya Baş nazir Nikol Paşinyanın bu istəyini rədd edib", - məlumatda qeyd olunub. Bu isə AİB-in zirvə görüşünün Ermənistan-Rusiya münasibətlərindəki gərginlik fonunda keçəcəyini göstərir.

Yaranmış vəziyyəti təhlil etmək üçün “Cümhuriyət” qəzetinin suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırdı:

- Vladimir Putinin oktyabrın 1-də Ermənistana səfərindən sonra ikitərəfli münasibətlərdəki problemlərin aradan qalxacağına dair ehtimallar özünü doğrultmadı. İndi isə Rusiya Prezidentinin Paşinyanla görüşmək istəmədən Ermənistanı tərk etmək istədiyi bildirilir. Bu gərginliyə son qoymaq nə üçün mümkün olmadı?

- Ümumi səbəblər məlumdur. Həmin məlumatda da qeyd edilir ki, Putinlə Paşinyanın ayrılıqda görüşü baş tutmayacaq. Ola bilsin ki, görüş keçirilsin. Amma bu səfər ikitərəfli gərginliklə müşahidə olunacaq. Adətən, dövlət başçıları çoxtərəfli tədbirdə iştirak etmək üçün bir araya gəlirsə, sammitdən sonra ikinci hissə başlayır və ikitərəfli görüş keçirilir. Buna uyğun olaraq proqram tutulur. Amma hiss olunur ki, İrəvandakı tədbirdə bu baş verməyəcək. Yəni ikitərəfli münasibətlər də dərin ziddiyyət var. Məsələnin görünən tərəfi eks-prezident Köçəryanla bağlıdır. Vladimir Putin Baş nazir Paşinyandan Robert Köçəryanı azadlığa buraxmağı xahiş etmişdi. Amma bu, nümayişkaranə şəkildə qəbul olunmadı. Hiss olunur ki, şəxsi münasibətlər alınmır. Lakin Ermənistanla Rusiya arasındakı gərginliyi şəxsi münasibətlər səviyyəsinə endirmək olmaz. Çünki iki ölkə arasındakı problemlər həddindən artıq çoxdur. Bu narazılıqlar Paşinyandan əvvəl də mövcud idi. Məsələn, Ermənistanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalaması tərəflər arasında problem yaratdı. Ümumiyyətlə, hiss olunur ki, Rusiyanın Ermənistana marağı itir. Hərbi, siyasi və iqtisadi baxımdan, Ermənistanın əhəmiyyəti Rusiyadan ciddi şəkildə aşağı düşür. Ermənistan olan bölgədə Rusiya həm Türkiyə ilə, həm Azərbaycanla, həm də İranla normal əlaqələr qurur. Ermənistanın “forpost” adlandırılan rolu sıfır vəziyyətinə enib. Göstəricilərə baxsaq, Ermənistanda ümumi daxili məhsulun böyük hissəsi xaricdən gələn və başqa ölkələrdə işləyən ermənilərin evə göndərdiyi puldan ibarətdir. Bu baxımdan, belə uzunmüddətli tərəfdaşlıq mümkün deyil. Əlbəttə, Ermənistanın bir dövlət kimi yaranmasında və formalaşmasında Rusiyanın xüsusi rolu olub. Bu Rusiyanın bir imperiya kimi İranla və Türkiyə ilə müharibə apardığı dövrlərdə olub. İndi isə buna ehtiyac yoxdur. Rusiyaya Ermənistan forpost kimi lazım olub. Artıq Ermənistanın rolu getdikcə aşağı düşür. Rusların Ermənistan haqqında icad etdiyi “qulpsuz çemodan” anlayışı indi özünü siyasi, iqtisadi sahələrdə göstərir.

- Ermənistanı Rusiyanın ən yaxın müttəfiqlərindən biri, hətta Cənubi Qafqazda yeganə müttəfiqi adlandırırdılar. Deyəsən, son vaxt bu termin çox az işlənir. Hətta Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan belə bir ifadə işlədib- “Avrasiya İqtisadi Birliyinin İrəvanda keçiriləcək sammiti dövlət başçılarının birgə qərarıdır. Biz Rusiya prezidentini İrəvana dəvət etmirik ki, o da bunu qəbul etsin və ya imtina etsin”.

- Bu zirvə görüşləri rotasiya qaydasında keçirilir. Hər bir ölkə çoxtərəfli tədbiri özü təşkil edir. Bu mənada doğrudur, Avrasiya İqtisadi Birliyinin İrəvanda keçiriləcək toplantısı ikitərəfli münasibətləri əks etdirmir. Ola bilsin ki, digər üzv ölkələrdən də yüksək səviyyəli şəxslər gəlməsin. Bu da Ermənistanın həmiyyətini göstərən amildir. Amma hamı başa düşür ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edən bir ölkədir. Rusiya Ermənistanın işğalçılıq siyasətini təmin edir və torpaqlarımızı işğaldan azad etməyə imkan vermir. Ona görə də indi Moskva ilə İrəvanın münasibətlərində böhran vəziyyətinin yaranması Ermənistanın siyasəti üçün böyük bir faciədir. Onlar bunu yaxşı başa düşür.

- Ermənistanın əhəmiyyəti Rusiya üçün itib, yoxsa Ermənistan özü Rusiyadan uzaqlaşmağa çalışır?

- Fikrimcə, bu qarşılıqlı prosesdir. Ermənistan Rusiyadan həm müdafiə, həm də siyasi cəhətdən istədiyini alıb. Amma Ermənistan sosial-iqtisadi böhran içərisindədir. Bu özünü daha çox demoqrafik sahədə göstərir. Ölkə əhalisinin sayı sürətlə azalır, işləmək üçün xarici ölkələrə gedir. Onlar başa düşür ki, yaranmış böhrandan çıxış yolu tapmaq üçün Qərb investisiyalarını ölkəyə cəlb etməlidirlər. Onlar Qərbyönlü şüarlar səsləndirməlidir. Amma bu dönüşü təmin etmək üçün Paşinyan hərbi əməliyyatları bərpa etməyə məcburdur. Nəticədə, Rusiyanı açıq ittiham etsin ki, siz bizə kömək etmədiniz. Ona görə bizim yolumuz Qərbədir. Eyni zamanda Paşinyan Rusiyayönümlü müxalifəti zərbə ilə vuracaq. Hərbi əməliyyatların başlanması nəticənin Ermənistanın xeyrinə olmasını zəruri etmir. Paşinyan yenə də müəyyən günahkarlar tapacaq və Rusiyadan Qərbə geopolitik dönüşü təmin edəcək. Beləliklə, öz hakimiyyətini saxlayacaq. Bu qaçılmaz hadisələrdir və yaxın perspektivdə biz bunun şahidi olacağıq.

- Amma Qərbə inteqrasiya hələ baş tutmur. Paşinyanın ABŞ Prezidenti Donald Trampla görüşünü baş tutacağı hələ məlum deyil. “Boieng” şirkətinin vitse-prezidenti İrəvana səfər edərək Ermənistana investisiya qoymağı vəd etsə də, ölkə blokada vəziyyətindədir. Belə bir şəraitdə Qərb investorları Ermənistan iqtisadiyyatına sərmayə yatırmağa maraq göstərəcəkmi?

- ABŞ Prezientinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonun ötən il Ermənistana səfəri zamanı Qərbin mövqeyi məlum oldu. O, bildirdi ki, Ermənistan Rusiyanın himayəsindən çıxmasa, Qərbdən investisiyalar gözləməyə dəyməz. Bu, bəlli siyasi məntiqdir. Amma problem ondadır ki, Ermənistan öz işğalçılıq siyasəti üçün hərbi siyasəti Rusiyadan, maliyyə dəstəyini və investisiyanı Qərbdən almaq istəyir. İşğalçılıq siyasətini bu yolla təmin etmək mümkün deyil. Bir gün Rusiya lazım olan hərbi təminatları verməyəcək və Ermənistan Azərbaycanla qarşı-qarşıya qalacaq. Qərb investorları gəlməyə tələsməyəcək ki, ölkəni 10 milyonluq Azərbaycan qarşısında tab gətirəcək səviyyədə gücləndirin. Yəni problemlər çoxdur.

Biz bu sistemli problemləri başa düşməliyik və siyasəti onun üzərində qurmalıyıq.

- Son zamanlar belə fikirlər səsləndirilir ki, Paşinyan Lukaşenko kimi iki stulda əyləşmək istəyir. Sizcə, o bunu bacaracaqmı?

- Hesab edirəm ki, bu mümkün deyil. Əvvəla, iki stulda əyləşmək heç kimə nəsib olmur və uğur da gətirmir. Biz Cənubi Qafqaz ölkələrini analiz etsək görərik ki, Gürcüstan iqtisadi baxımdan, çox inkişaf etməyib. Gürcüstan iqtisadiyyatının Qərblə bağlılığı yetərincə güclü deyil. Amma siyasi sistemi Qərblə bağlıdır. Azərbaycanın da iqtisdadiyyatı birmənalı şəkildə Qərbə bağlıdır. Yəni Azərbaycan iqtisadiyyatı Qərbin birbaşa investisiyalarının sayəsində formalaşıb. Biz regional əlaqələri həm Qərblə, həm də Rusiya ilə qura bilirik. Amma Ermənistanın iqtisadiyyatının Qərblə real bağlılığı yoxdur. Ümumiyyətlə, Belarusdan fərqli olaraq, Ermənistanda iqtisadiyyat yoxdur. Belarusun güclü iqtisadiyyatı, on milyon əhalisi var.

Yəni Belarus ciddi bir ölkədir. Ermənistan siyasi baxımdan, Rusiyaya bağlılıq nümayiş etdirib. Yəni Ermənistan sistemli problemli bir ölkədir. Bu böhranın sistemli əsasları var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.