Azərbaycanda qadının ata bağlanılaraq sürüdülməsinin təfərrüatı məlum olub

10-10-2019, 13:03           
Azərbaycanda qadının ata bağlanılaraq sürüdülməsinin təfərrüatı məlum olub
Goranboy rayonunda qadının ata bağlanaraq sürüdülməsinin təfərrüatı məlum olub.

Goranboy Rayon İcra Hakimiyyətinin Əlirzalı kənd icra nümayəndəsi Nizadil Hüseynov "Report"un Qərb Mərkəzinə bildirib ki, Sahilə Ələkbərovanı qonşusu Fürduz Dəmirova oğlu Ariz və qızı Fəridə ilə birlikdə döyüb.

"Bundan sonra qadının əl-ayağı kəndirlə bağlanıb və sürütləyərək küçəyə çıxarılıb. Ancaq məndə qadının ata bağlanaraq sürüdülməsi haqqında məlumat yoxdur. Sadəcə, qadını özləri sürütləyərək yaşadığı evə aparmaq istəyiblər. Bu zaman səs-küyə gələn qonşular qadını onların əllərindən alıblar. Atın oğurlanması və ya ata bağlanaraq sürütlənməsi məsələsi barədə eşitməmişəm, yalan söhbətdir. At, sadəcə, onların həyətinə keçib, bu qadın da oğurlandığından şübhələnib və ona görə də aralarında mübahisə yaranıb", - deyə o qeyd edib.

Kənd sakinləri isə deyiblər ki, qadın bir həftə öncə itən atını axtarırmış: "Atın qonşunun həyətində olduğunu görüb və daha sonra tərəflər aralarında mübahisə yaranıb. Bu zaman onlar S.Ələkbərovanı döyərək əl-ayağını kəndirləyiblər, daha sonra isə ata bağlayaraq küçədə sürütləyiblər. Biz də səs-küyə gəldik, iki qonşu kişi qadının əl-qolunun kəndirini açıblar".

Qeyd edək ki, S.Ələkbərova hazırda Goranboy Rayon Mərkəzi Xəstəxansının Travmatologiya şöbəsindədir. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər isə Goranboy Rayon Polis Şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

*** 12:19

Səhiyyə Nazirliyi Goranboy rayonunda atla sürüdülən 35 yaşlı qadının vəziyyəti ilə bağlı məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, rayonun Xanqərvənd kənd sakini, 35 yaşlı qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi rayon Xəstəxanasına gətirilib: "Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Fatkla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb".

*** 11:09

Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.