Paşinyanın "Qarabağı referenduma çıxaraq" hiyləsi... - TƏHLİL

5-11-2019, 08:55           
Paşinyanın "Qarabağı referenduma çıxaraq" hiyləsi... - TƏHLİL
Ermənistan Qarabağ münaqişəsində bu gün qalib statusunda olsa da, bizdən fərqli olaraq düşmən ölkənin cəmiyyəti də, rəhbərliyi də Qarabağ mövzusunu daha çox gündəmdə saxlayır, hadisələrə münasibət bildirir, problemin öz maraqları çərçivəsində çözülməsi üçün son günlər okeanın o tayında ən yüksək dairələrlə, bu tayında Rusiya ilə hər cür danışıqlar aparırlar. Atəşkəsdən bəri onların strateji düşünüb atdıqları taktiki addımların başında münaqişəni indiki status-kvoda saxlamaq və danışıqları uzatmaq dayanır. Problemin zaman kəsiminin uzanması yalnız düşmənin xeyrinədir və qarşı tərəf 26 ildir bu siyasəti uğurla aparır.

Bazar günü Ermənistanın baş naziri Feysbuk səhifəsində ”vətəndaşlarla birbaşa söhbət” edib və təbii ki, Qarabağ probleminə də toxunub. Müxalifətin onu - “Qarabağı verəcək” adı ilə ittiham etməsinə və bu istiqamətdə təbliğat apardığına münasibət bildirən Paşinyan deyib ki, “daxildəki qüvvələr ittihamın boş olduğunu, heç bir güzəştə getməyəcəyimizi biləndə məntiqi nəticə budur ki, danışıqlar dalana dirənib. Və indi də müharibə olacağı ilə əhalini gərginlikdə saxlayırlar”.

Ermənistan rəhbərinin təkcə bu sözləri onu göstərir ki, erməni cəmiyyəti də, rəhbərləri də müharibə olacağından çox qorxurlar və müharibə qorxusu onların başı üzərində asılı qalıb. Azərbaycan tərəfi illərdir davam edən bu psixoloji vəziyyəti dəyərləndirə bilməyib. Aprel döyüşlərində Xankəndindən yalnız Ukraynaya qaçan ailələrin sayı göstərir ki, düşmənə rahatlıq verməyəndə o Qarabağda qalası deyil. Millət olaraq erməninin dünyaya səpələnməsi də yalnız rahat yaşamaq xislətindən irəli gəlir. Kənarda millət davası döymək isə bunların ideologiyasıdır və əsrlərdir ki, əməl edirlər. Yeri gəlmişkən, Konqresin qarşısında bizim 15-20 nəfər etirazçı ilə müqayisədə ABŞ vətəndaşları olan ermənilər üç avtobus adamla Konqresin binası qarşısına gəlmişdilər.

Qayıdaq Paşinyanın çıxışına. Qarabağ mövzusunu davam etdirən baş nazir bəyan edib ki, “..,Qarabağ məsələsi mənim məsələm deyil, heç bir qrup şəxslərin də məsələsi deyil. Qarabağ məsələsi –ümummilli məsələdir. Və ümummilli olduğu üçün, zərurət yaranarsa, referendum keçirilə bilər”.

Paşinyan, onun rəqibləri, cəmi ermənilər də yaxşı bilirlər ki, referendumun nəticəsi necə olacaq. Amma, xarici işlər nazirlərinin ilin sonu üçün-dekabrda Bratislavada görüşü nəzərdə tutulur və görüşdən sonra vasitəçilərin dili ilə deyilsə ki, xalqları sülhə hazırlamaq çərçivəsində Ermənistanda Qarabağla əlaqədar referendum keçirilməsi müsbət addımdır, təəccüblənməyin. Və bu təklif “kreativ” adlandılıb uzun müddət düşmənin zəifliyi kimi, çıxılmaz durumda olduğu kimi bizə təbliğ də oluna bilər, çünki “görə-görə gəlmişik”. Bütün 2020 – ci il bu istiqamətdə mənasız danışıqlara, guya erməni cəmiyyətinin rəyini öyrənməyə həsr olunacaq və gələn il, bəlkə də 2021-ci ildə qərar qəbul olunacaq ki, 2022-ci ildə referendum keçirilsin. Üç il də belə gedəcək. Bu üç ildə referendum müzakirələri aparıldıqca Qarabağın işğal rayonlarında ermənilərin rahat məskunlaşması davam edəcək, artıq Laçın və Qubadlıda bu işi başa vurub, Ağdamda layihələr həyata keçirəcəklər. Biz isə planlaşdırdığımız kimi bu illər ərzində köçkünlərin mənzillə təmin edilməsində uğurlar qazanacaq, bir qaçqın da mənzilsiz qalmayacaq.

Paşinyanın referendum ideyasını irəli sürməsi vaxt qazanmağa, status-kvonu möhkəmlətməyə, xalqların sülhə hazırlanması planı adı altında Azərbaycanı təslimçiliyə bir az da yaxınlaşdırmağa hesablanmış addımdır. Biz bu tələyə düşməmək üçün düşməni zəif yerindən vurmalıyıq. Bu iş üçün əvvəlcədən zəruri olan diplomatik və hərbi addımları atmalıyıq. Yoxsa, düşmənin referendum və buna bənzər ehtiyat variantları bitib-tükənən deyil. İllərdir bu tip tələlərə düşə-düşə gəlib faktiki dalana dirədilmişik. Düşmən özü üçün referendum keçirə bilər, qarşısını biz alası deyilik, amma biz gec olmadan ən təsirli addımları atmalıyıq. Zaman bizim əleyhimizə işləyir. Bəs deyilmi?
Moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.