Oqtay Gülalıyevin İstanbulda müalicə olunacağı xəstəxananın adı açıqlanıb

6-11-2019, 10:17           
Oqtay Gülalıyevin İstanbulda müalicə olunacağı xəstəxananın adı açıqlanıb
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbulda müalicə olunacağı xəstəxananın adı açıqlanıb.

Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva APA-ya bildirib ki, hazırda O. Gülalıyev İstanbula aparılmaq üçün hazırlanır: “O, İstanbulda Avrasiya Hospitalda müalicə olunacaq. Vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Hazırda onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

Heydər Əliyev Fondu O. Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, hazırda koma vəziyyətində olan O. Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim O. Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi O. Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən hazırda Heydər Əliyev Fondu bununla bağlı məsələlərin həllini həyata keçirir.

Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, hüquq müdafiəçisinin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb və onun qısa müddətdə həkimlərin nəzarəti altında İstanbula aparılması nəzərdə tutulur. Eyni zamanda O. Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.