Ağstafa bazarında dəhşət: 4 nəfəri öldürdü, 4 nəfəri yaraladı

12-12-2019, 11:31           
Ağstafa bazarında dəhşət: 4 nəfəri öldürdü, 4 nəfəri yaraladı
Ağstafa rayonunda 4 nəfəri güllələyərək öldürən, daha 4 nəfəri isə yaralayan 1994-cü il təvəllüdlü Elnur Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 20-nə təyin olunub.

İttihama görə, hadisə 2019-ci ilin iyunun 17-də Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində yerləşən bazarda baş verib.

Oldu silahla salahlanmış Elnur Süleymanov bazara gələrək, qan davasında olduğu Şəbiddin Musayevi, onun qardaşı Novruzu və anası Şərqiyyəni, həmçinin onların yanında satıcı kimi çalışan Zeynəb Cəlilovanı güllələyərək öldürüb.

Hadisə zamanı daha 4 nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Məlum olub ki, Şəbiddin Musayev və Novruz Musayev 2007-ci ildə digər qardaşları ilə birgə Elnurun atası Ramiz Süleymanovu və əmisini qətlə yetiriblər. Son hadisədən bir neçə gün əvvəl onlar həbsxanadan çıxıblar. Digər qardaşları isə həbsdə qalıb. 2 qardaş bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan analarının yanında işləməyə başlayıblar.

Bundan sonra ata və əmisinin qisasını almağı planlaşdıran Elnur məlum cinayəti törədib.

İstintaq orqanı tərəfindən Elnur Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 206.2-ci (qaçaqmalçılıq), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham elan edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.