İdman zallarında qəfil ölümlərin səbəbi: mütəxəssislər xəbərdarlıq edir

18-01-2020, 09:57           
İdman zallarında qəfil ölümlərin səbəbi: mütəxəssislər xəbərdarlıq edir
Həkimlərə görə, fasiləsiz idman əzələni şişirtsə də, ürəyi məhv edir; peşəkar idmanla paralel, müayinə də olunmaq lazımdır...
Bakıda İnam Bayramov adlı fitnes müəllimi idman zalında dünyasını dəyişib. Bu barədə idmançının yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. 27 yaşlı İnam qəfildən yerə yıxılıb. Təcili Tibbi Yardım çağırılsa da, gec olub. İ.Bayramovun ürəktutmadan öldüyü ehtimal edilir.

Dünyada bu kimi hallara tez-tez rast gəlinir ki, ağır idmanla məşğul olan şəxslər idman zalında vəfat edirlər. Bəs bu, nə ilə bağlıdır?

Məsələ ilə bağlı dünya mətbuatında çoxsaylı həkim məsləhətləri və yanlış hərəkətlərlə bağlı xəbərdarlıq edən materiallar yer alıb.

“Yeni Müsavat” olaraq onlardan bəzilərini təqdim edirik.

Mütəxəssislərə görə, ölüm və yaxud da ağır zədələrə səbəb ilk növbədə fasiləsiz idmanla məşğul olmaq, orqanizmi həddindən çox yükləməklə bağlıdır. Belə ki, mütəxəssislərin sözlərinə görə, güclü və fasiləsiz əzələ məşqindən sonra ən azı 24 saat istirahət etmək, yatmaq çox önəmlidir. Çünki əzələlər məhz insan istirahət edən zaman inkişaf edir, orqanizm dincəlir. İdman prosesində isə əzələlər böyümək yerinə, müəyyən pozuntulara məruz qalır. Dincəlməzsən, əzələlər də məhv olacaq.

Ona görə də ilk növbədə idmanın proqramını hazırlamaq lazımdır. ABŞ-da Saint Luke Xəstəxanası tərəfindən edilən bir araşdırmaya görə, ağır idman fəaliyyətləri ürəkdə davamlı ritm pozuntularına və zədələrə səbəb olur. Tədqiqatçı Dr. Ceyms bildirib ki, uzun velosiped yarışları kimi ağır və uzunmüddətli idman növləri də ürəyə zərərlidir. Eyni zamanda tədqiqatçılar bildirirlər ki, ürəyə zərər verən idman növlərindən ən başlıcası ağırlıq qaldırmadır. Bu idman növləri ilə gündəlik 1 saatdan artıq məşğul olmaq fəsadlara səbəb olur. Əks halda, təkcə ürək deyil, onurğada yırtıq, disk yerdəyişmələri, bağırsaq zədələri, əzələ problemləri kimi xəstəliklər üzə çıxır və tez bir zamanda irəliləyir. Buna görə də mütəxəssislər bildirirlər ki, peşəkar idmanla paralel, müayinə də olunmaq lazımdır.

Həkimlər bildirirlər ki, ağırlıqqaldırma ilə məşğul olanlar idmanı buraxdıqdan sonra daha çox risk altında olurlar. Çünki ağırlıqqaldırma idman növündə ürək əzələsinə düşən yük daha çox olur, ürək əzələsi daha çox qalınlaşır. Lakin sonradan həmin insanlar idmandan uzaqlaşan zaman ürəyin əzələsində boşalmalar, ürək boşluğunda genişlənmələr yaranır. Bu qrup xəstələr artıq çəki alır və onları ürək çatışmazlığı daha çox narahat edir.

İdmançılar çox zaman bədən əzələlərinin tez böyüməsi üçün dərmanlardan da istifadə edirlər ki, bu da son nəticədə ölümə aparan yoldur. Araşdırmaçılar bildirirlər ki, dərmanlardan daha çox 15-35 yaş arasında olan gənclər istifadə edirlər. Bunun üçün konkret olaraq müxtəlif “testosteron”, “horman”, “kreatin” kimi dərmanlardan istifadə olunur. Bu dərman maddələrinin bir çoxlarını elə məşq zallarından, bir çoxlarını isə “qara bazar”dan əldə edirlər.

Mütəxəssislər bildirirlər ki, sürətli və ağır məşq edən peşəkar idmançılar üçün bu maddələrin zərəri elə də çox deyil. Serotonin maddəsinin içərisində olduğu dərmanlar ən ölümcül dərmanlar sayılır. İçərisində bu maddənin olduğu dərmanı yüksək miqdarda qəbul etmək ölümə gətirib çıxarır ki, buna da çox zaman idmanla məşğul olanlar diqqət etmirlər. Bu kimi dərmanları çox istifadə edənlərin tərlərinin mavi rəngə çaldığı da görünüb. Araşdırmalar nəticəsində məlum olub ki, dərmanı qəbulu dayandırıldıqdan sonra uzun bir müddət zərərli maddələr bədəndə qalmaqda davam edir.

İnsan vücudunun balansını pozaraq qısa müddət ərzində əzələləri böyüdən protein tozları daxili orqanlara da ciddi zərər verə bilir. Araşdırmalara görə, dünyada idmanla məşğul olan kişilərin 51 faizi, qadınların isə 29 faizi müxtəlif dərmanlardan istifadə edir. Onlar təkcə əzələ şişirmək üçün dərman deyil, idmandan sonra tez dincəlmək, əlavə enerji almaq, tez bir zamanda arıqlamaq və digər bu kimi səbəblər üçün də dərmanlara pul xərcləyirlər.

Məsələn, ən çox istifadə edilən kreatin ət məhsullarında olan xüsusi turşudur. Kreatin təbii qida əlavəsidir, lakin onun qəbulu öz spesifikasına malikdir. Unutmaq lazım deyil ki, kreatin bir turşudur və o, bütün turşuların xassələrinə malikdir. Xroniki qastriti, mədə xorası olan insanlara kreatin qəbulunda ehtiyatlı olmaları məsləhət bilinir. Gündə 50 qramdan artıq kreatin artıq təhlükəli hesab olunur. Əks göstərici kimi hipolikemiya və laktoasidozu (qanda süd turşusunun qalxması) qeyd etmək olar. Kreatini böyrək xəstəliyi olan və şəkər xəstələri qəbul etməməlidirlər. Məsləhət olunur ki, kreatin yalnız toz və kapsul şəklində qəbul edilsin. Kapsul olan kreatin dozanı nəzarət etmək üçün daha əlverişlidir.

Bu kimi dərmanlardan düzgün formada istifadə edilməməsi, zəifləyən orqanizmin anidən çökməsinə -ölümə səbəb olur...

Əli RAİS,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.