Kutoyanın tərcümeyi-halından hansı məlumatları çıxarmağa çalışıblar?

19-01-2020, 09:52           
Kutoyanın tərcümeyi-halından hansı məlumatları çıxarmağa çalışıblar?
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyanın tərcümeyi-halı “Wikipedia” açıq ensiklopediyasının erməni variantında redaktə olunub.

Ordu.az xəbər verir ki, sabiq MTX direktorunun ölümündən bir gün əvvəl - 2020-ci il yanvarın 16-da onun tərcümeyi-halı silinib, lakin qısa müddət sonra başqa bir iştirakçı tərəfindən bərpa edilib.

Tərcümeyi-halı silən iştirakçının adı “Georgi Kutoyan” olub.

Eyni fəaliyyətlər bu il yanvarın 3-də də həyata keçirilib. Həmin gün “Georgi Kutoyan” adlı iştirakı yenidən tərcümeyi-halı silib, lakin bərpa olunub. Bundan sonra artıq “46.71.150.60” IP ünvanından tərcümeyi-halı siliblər, lakin yenidən bərpa olunub. IP ünvanı Vanadzor şəhərində qeydiyyatdan keçmiş ünvanı göstərir.

Birmənalı olaraq, istifadəçinin məhz sabiq MTX direktoru olduğunu iddia etmək mümkün deyil. Teorik olaraq istifadəçinin məhz onun özü olduğu da istisna edilmir.

2019-cu ildə də Georgi Kutoyanın tərcümeyi-halında dəyişiklik olub. May ayında bir istifadəçi Kutoyanla Ermənistan parlamentinin deputatı Tiqran Urixanyanın dostluq əlaqəsi barədə məlumatı əlavə edib.

İyunun 21-də başqa bir istifadəçi bu məlumatı silib və qeyd edib ki, bu, əhəmiyyətsiz məlumatdır. Həmçinin ölüm xəbərindən qısa müddət sonra “Wikipedia”da dəyişiklik edilib və ölüm tarixi qeyd olunub.

“Facebook” istifadəçisi, “Vikiklub”un keçmiş koordinatoru Armen Mirzoyan da bununla bağlı öz səhifəsində qeyd yazıb.

“Daha bir maraqlı məlumat. Gevorq Kutoyan adlı iştirakçı hələ yanvarın 3-də və dünən (yanvarın 16-da) ermənicə “Wikipedia”dan MTX direktoru Georgi Kutoyan haqqında məqalənin məzmununu silməyə çalışıb”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.