Qobustanda ata mülkünə görə tökulən qanlar: Famil Qurbanov qardaşını və bacısını bıçaqlayıb

19-01-2020, 18:23           
Qobustanda ata mülkünə görə tökulən qanlar: Famil Qurbanov qardaşını və bacısını bıçaqlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını və bacısını bıçaqlamaqda ittiham olunan Şamaxı rayon sakini, 57 yaşlı Famil Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il sentyabrın 3-də Qobustan şəhərində baş verib. Yaşadığı mənzildə qardaşı 60 yaşlı Kamil Qurbanov və bacısı 53 yaşlı Məlahət Qurbanova ilə mübahisə edən ev sahibi onların hər ikisini bıçaqlayıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Onlara tibbi yardım göstərilib, həyatlarını xilas etmək mümkün olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, Bakıdan Qobustana yollanan bacı-qardaş atalarından qalan mülkü bölüşdürmək üçün F.Qurbanovun evinə gəliblər. Bu zaman Bakıdan gedən bacı-qardaşla ev sahibi qardaş arasında mülk məsələsinə görə narazılıq yaranıb. Əsəblərinə hakim ola bilməyən F.Qurbanov bıçağa əl atıb, doğmalarını qanına qəltan edib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Bu ittihamla F.Qurbanovu 6 ildən 11 ilədək həbs cəzası gözləyir.

Təqsirləndirilən Famil Qurbanov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində göstərib ki, Qobustan Seysmoloji Stansiyasında işdə olduğu zaman qızı ona zəng vuraraq bibilərinin onlara gəldiklərini deyib: “İki gün əvvəl getmişdilər. Nə səbəbə yenidən gəliblər, bilmədim. Həyətə girib salam verdim. Gördüm həyat yoldaşımla, nəvəm evdə yoxdur. Onların harada olduqlarını soruşdum. Dedilər ki, biz bilmirik. Nə məqsədlə gəldiklərini xəbər aldım, mübahisəmiz düşdü”.

Ata evi ilə bağlı bacı-qardaşlarıyla əvvəllər mülkü mübahisələri yaranan, bu səbəbdən də bacılarının evə gəlib arvadını evdən qovduqlarını zənn edən F.Qurbanov əsəblərini cilovlaya bilməyib: “Elə bildim həyat yoldaşımı evdən qovublar, o da nəvəmi götürüb çıxıb. Çox əsəbi idim, qarşıma əvvəlcə Məlahət çıxdı, birinci onu vurdum. Sonra qardaşımı vurdum. Hadisə ani olaraq baş verdi. Onları öldürmək niyyətim olmayıb. Nəinki öldürmək, xəsarət yetirmək belə fikrim olmayıb. Çox peşmanam”.

Tərəflərin suallarını cavablandıran F.Məmmədov bacı-qardaşı ilə əvvəllər mülkü mübahisələri yarandığını, bununla bağlı məhkəməyə müraciət edildiyini, əllərində məhkəmə qətnamələri olduğunu deyib.

Zərərçəkmiş Məlahət Qurbanova ifadəsində qardaşı ilə barışdığını göstərib: “Qardaşım düz deyir. Əvvəllər mehriban olmuşuq. Heç vaxt bizi hədələməyib. Bir hadisədir, olub. Artıq səhvini başa düşüb. Mən onu bağışlayıram, qardaşımdır”.

Zərərçəkmiş Kamil Qurbanov da qardaşını bağışladığını, ondan şikayəti və tələbi olmadığını deyib.

Hadisənin şahidi olan digər bacı - Lətafət Qurbanova həmin gün qardaşını əsəbi olduğunu deyib: “Famil bizim qardaşımızdı. Biz hamımız onu bağışlamışıq”.

Məhkəmə prosesi yanvarın 22-də davam edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.