Deputatlığa namizədlərin əksəriyyət niyə “əliqoynunda” dayanır?

20-01-2020, 18:24           
Deputatlığa namizədlərin əksəriyyət niyə “əliqoynunda” dayanır?
Ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı fevralın 17-dən deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib...

Namizədlərin təbliğat vasitələrində diqqət çəkən məqamlardan biri də geyim və duruşları ilə bağlıdır.

Qəribədir ki, əksəriyyət eyni formada şəkil çəkdirir. Ya pencəyi çıxarıb əllərinə alır, ya çiyinlərinə salır, əlləri sinədə, ya da portret şəkilləri.

Çox az sayda deputatllığa namizəd fərqlilik nümayiş etdirir. Sanki kimsə fərqli əl işarəsi, yaxud da geyimdə fərqli təbliğat vasitəsinə qoşulsa, səs toplaya bilməz.

Maraqlıdır, əslində deputatlığa namizədlərin stili necə olmalıdır? Nədən yeni üslubda şəkillər yoxdur?

Stilist Pərviz Musayev Modern.az-a açıqlamasında bildirib ki, belə məqamda rəsmi geyim önəmlidir:

Seçki şou deyil...

“Milli Məclisə seçkilər şou yarışı deyil. Burada ciddi rəqabət gedir. Ona görə də deputatlığa namizədlər, deputat olmaq istəyənlər rəsmi geyimdə seçicilərin qarşısına çıxmalıdırlar. Çünki deputatlar həmişə rəsmi geyimdə olur. İdman geyimində xalqın qarşısına çıxa bilməz. Deputatlığa namizəd olan şəxslər ola bilsin ki, gündəlik həyatda idman stilində gəzsin, ancaq seçicilərin qarşısında təbliğat apararkən ciddi görkəmdə olmalıdır.

Çünki deputat olmaq istəyənlər xalqın qarşısına iş görmək üçün çıxırlar, idman etmək üçün yox. Ancaq adi paltar geyinmək olar. Ona görə də rəsmi və ciddi geyim çox önəmlidir. Hesab edirəm ki, burada qeyri-adi heç nə yoxdur”.

Dünyada da belədir...

Pərviz Musayev qeyd edib ki, bu, dünya təcrübəsində də var:

“Deputatlığa namizədlərin qeyri-ciddi geyimi seçicilər tərəfindən də ciddi qəbul olunmaz. Bu ənənə dünya təcrübəsində də var. Bu dünyada da sınaqdan keçirilmiş bir haldır. Düşünürəm ki, deputat üçün fərqli geyim yoxdur. Rəsmi və ciddi olması daha önəmlidir”.

Qənirə Paşayeva fərqli stildədir...

Azərbaycanlı stilist deputatların stilistlə işləməsindən də söz açıb:

“Azərbaycan dediyiniz sahədə o dərəcədə inkişaf etməyib ki, deputatlar özlərinə xüsusi stilist tutsunlar. Sadəcə deputatlardan Qənirə Paşayevanı tanıyıram və bilirəm ki, onun xüsusi stili var. Hətta parlament seçkiləri öncəsi deputatlığa namizəd olaraq fərqli stildə təbliğatını aparır. Adi geyimdə platformasını hazırlayıb. Qənirə xanımın platformadakı şəkli idman geyimi deyil, gündəlik adi geyimdir. Hər halda, bu da fərqli bir şeydir”.

Qadınlar daha yumşaq, kişilər isə...

Stilist deputatlığa namizədlərin geyimlərindən danışarkən qadın-kişi məsələsinə də toxunub:

“Deputatlığa namizəd olan qadın və kişilər fərqli stildə diqqət çəkirlər. Qadınlar daha yumşaq, kişilər isə daha sərt geyiniblər. Bu cür məsələlər həm mentalitetdən, həm də ölkənin ümumi ab-havasından irəli gəlir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.