Sabiq məmur öz dostunu güdaza verib - Bakıda Türkiyə vətəndaşının başına açılan oyunun TƏFƏRRÜATI

29-01-2020, 15:43           
Sabiq məmur öz dostunu güdaza verib - Bakıda Türkiyə vətəndaşının başına açılan oyunun TƏFƏRRÜATI
Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən sabiq məmurun dostu növbəti dəfə hakim qarşısına çıxarılıb. Bu işə görə məmurun özü də həbs edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Ceyhun Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

Sənan Rzayev şahid kimi dindirilən zaman deyib ki, zərərçəkmiş kimi tanınan Necati Elemandan maşın alıb:

"Mən maşının sahibi kimi, Necati Elemanı tanıyırdım. Amma maşın Ceyhunun adına idi. Notariusa gedəndə sənədləri imzaladıq. Mən pulu Necati Elemana verdim. O da puldan 200 dollar götürüb qalanını Ceyhuna verdi. Bu işlə bağlı başqa heç nə bilmirəm".

Ceyhun Qəmbərov şahidin bəzi məqamları düzgün danışmadığını deyib. Bildirib ki, pulu özü yox, Necati Eleman alıb.

Necati Elemanı isə bu epizodla bağlı deyib ki, şahid düz danışır. O da pulu Ceyhuna verdiyini söyləyib.

Ceyhun Qəmbərovun istintaqa ifadəsi də məlum olub. Qəmbərov həmin ifadəsində digər təqsirləndirilən Fərid Cəlilovun əməlləri barədə ifşaedici məlumatlar verib.

Qəmbərov deyib ki, həbs edilənə qədər maşın alveri ilə məşğul olub.

"Fərid Cəlilovu 2013-cü ildən tanıyıram. Xətai icra şöbəsində Elbar Bayramov adlı qohumum işləyirdi. Onun yanında gedəndə Fəridi də orada görürdüm, iş yoldaşı idilər. Fərid mənim maşın alveri ilə məşğul olduğumu bilirdi.

Zərərçəkmiş Necati Elemanı isə Fərid vasitəsi ilə tanımışam. Mənə demişdi ki, Necati Eleman da maşın alveri ilə məşğul olur. Mənim Necati Elemanla birbaşa danışığım, işim olmayıb. Bir dəfə Fərid mənə dedi ki, Necati Türkiyədən pul göndərəcək. Xahiş elədi ki, mənim adıma göndərsin. Fərid dedi ki, özünün şəxsiyyət vəsiqəsinin vaxtı keçib. Mən də onun xahişini yerinə yetirdim. Pulu göndərdilər, alıb Fəridə verdim.

Bir dəfə də Fərid mənə dedi ki, bir maşın var onu auksiondan almaq lazımdır. Mənə 8600 manat pul verdi. Dedi ki, öz maşınını satıb. Mən də gedib maşını aldım. Həmin vaxt Fəridgilin tanışı Emin Cəfərov da var idi. Onlar birlikdə işləyirdi. Mən maşını alanda Emin şəkilləri çəkib Necatiyə göndərdi. Belə başa düşdüm ki, həmin maşına Necati də şərikdi".

Ceyhun Qəmbərov deyib ki, Fərid daha sonra onu Necati Elemanla tanış edib və maşın alveri ilə məşğul olmağa başlayıblar. Belə ki, Ceyhun auksiondan maşın almalı, Fərid və Necati isə sataraq qazanc əldə etməli idilər. Hər maşından 5 min qazanc qalan zaman Ceyhuna 500 manat, 5000 manatdan artıq qazanc qalacağı halda isə 1000 manat verilməli imiş.

İfadəsində Ceyhun göstərib ki, Fərid Cəlilov dövlət işində işlədiyi üçün adına maşın alınmasının, bankdan pul göndərilməsinin problem olacağını deyib. Buna görə də bütün sənədləşdirilmə işləri onun adına aparılıb.

Ceyhun Qəmbərov dəfələrlə auksionlarda maşın aldığını, maşınların pulunu Necati Elemanın ödədiyini etiraf edib. Bildirib ki pulları Necati Eleman ona bank vasitəsi ilə göndərib.

Onun ifadəsinin maraqlı hissəsi isə Fərid Cəlilova bağlı olub. Belə ki, Ceyhun Qəmbərov deyib ki, bir müddət sonra Fərid Cəlilovla Necati Eleman arasında narazılıqlar yaranıb. Buna səbəb isə Necati Elemanın pullarını ala bilməməsi idi. O da məlum olub ki, Ceyhun daha əvvəlki ifadəsində yalan danışıb və bütün məsuliyyəti öz üzərinə götürərək Fəridi məsuliyyətdən kənarda qoymaq istəyib.

Ceyhun uzun müddət istintaqdan qaçmasının səbəbini də izah edib: "Bu problemlər başlayanda Fərid mənə dedi ki, hər şeyi öz üzərimə götürüm. Dedi ki, dövlət işində işlədiyi üçün ona problem yarana bilər. Fəridlə 5 ildən çoxdur dostluq edirdik. Onun xahişini qəbul elədim. Pulların mənə çatdığını, Necati Elemanla mənim problemimin olduğunu dedim. Yalan danışaraq Fəridi müdafiə elədim. Fərid dedi ki, qısa zamanda Necati ilə aralarındakı problemi həll edəcək. Mən gözlədim ki, buna qədər vaxt qazanaq və Fərid problemi həll etsin. Amma məlum oldu ki, Fərid vədinə əməl etmir. Necati Elemanın pulunu ödəmir. Mən istintaqa təslim oldum və indi həqiqətləri deyirəm. Maşın alveri zamanı Necati Elemandan heç bir əlavə məbləğ almamışam. Onun mənə verdiyi pulla maşınlar almışam. Bütün pullar da onun olub"- deyə Ceyhun Qəmbərov etirafedici ifadəsində qeyd edib.

Məhkəmə araşdırması davam etdirilir.

Xatırladaq ki, Fərid Cəlilov Xətai rayonu İcra və Probasiya şöbəsinin icra məmuru olub.

Qeyd edək ki, Türkiyə vətəndaşı Elemana Necati Sultanalı oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Ceyhun Qəmbərov və Fərid Cəlilov onun etibarından sui-istifadə edərək 123 min manatını dələduzluq yolu ilə ələ keçiriblər.

Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilirlər.

Məlumata görə, zərərçəkmiş Elemana Necati Sultanali oğlu Emin Cəfərov adlı şəxslə tanış olub.

Bu tanışlıqdan yaranan münasibətlərdən istifadə edən Emin Cəfərov, Elemana Necatiyə Fərid Cəlilov adlı şəxslə birlikdə avtomobil satışı həyata keçirə biləcəklərini və bu satışdan yaxşı gəlir götürəcəklərini bildirib.

Sonra onlar birlikdə Fərid Cəlilovla görüşüb və söhbət əsnasında Fərid Cəlilov pul müqabilində, hərraclar vasitəsi ilə avtomobilləri ucuz qiymətə alıb baha sata biləcəklərini bildirib.

Necati Elemana ilk öncə, hissə-hissə olmaqla 32 min manat pulu Fərid Cəlilova verib və həmin pulların müqabilində 4 ədəd müxtəlif markalı avtomobillər alıb.

Həmin ərəfədə Fərid Cəlilov Necati Elemana zəng vuraraq bildirib ki, hərraca daha yeddi avtomabil cıxarılır və çox sərfəli qiymətə təklif olunur. Bu zaman Necati Eleman Türkiyədəki mənzilini təcili sataraq Fərid Cəlilova ümumilikdə 123 min manat verib.

Fərid Cəlilovun həmin ərəfədə şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyindən, pulları bank vasitəsilə öz köməkşisi Qənbərov Ceyhunun adına göndərməsini istəyib. Onlar pulu alsa da Necati Elemana heç bir qazanc verməyiblər.

Necati Eleman Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Fərid Cəlilovun dələduzluq əməllərindən Ədliyyə Nazirliyinə şikayət ünvanlayıb. Nazirlik şikayət əsasında araşdırmaya başlayıb. İşində yol verdiyi qanun pozuntusuna görə Fərid Cəlilov Ədliyyə sistemindən qovulub.

Bu işə görə Fərid Cəlilov da həbs edilib. Onun barəsində cinayət işi də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.