Anti-böhran paketi: Azərbaycanda hansı tədbirlər görülməlidir? - Ekspert TƏKLİFİ

26-12-2015, 13:16           
Anti-böhran paketi: Azərbaycanda hansı tədbirlər görülməlidir? - Ekspert TƏKLİFİ
Qlazqo Kaledoniya Universitetinin maliyyə üzrə mütəxəssisi və siyasi təhlilçi Fuad Ələkbərov Azərbaycandakı maliyyə böhranı ilə bağlı sualları cavablandırıb.
Modern.az saytının məlumatına görə, manatın üzən məzənnə rejiminə keçməsinə aydınlıq gətirən F.Ələkbərov deyib ki, manatın üzməsi valyutanın bazardakı tələb və təklifə uyğun olaraq müəyyənləşdirilməsi deməkdir.

“Mərkəzi Bank indiyə kimi manatın məzənnəsini sabit səviyyədə müəyyən edirdi. Amma bundan sonra bazarda dollar alanların tələbinə və dollar satanların təklifinə görə manatın məzənnəsi müəyyən ediləcək. Bazarda dollar almaq istəyənlər satmaq istəyənlərdən çox olduqda Mərkəzi Bank dolların məzənnəsini qaldırmağa məcbur olacaq. Qaldırmaq istəməsə, o zaman gərək indiyə qədər etdiyi kimi öz rezervlərindən dolları eyni qiymətə satsın”,- deyə Ələkbərov bildirib.
Fuad Ələkbərov devalvasiyanın istehlakçılara təsirindən də danışıb. O, deyib ki, Mərkəzi Bankın qərarına əsasən, manat dollar və avro kimi xarici valyuta qarşısında qiymətdən düşür. O, misal gətirərək bildirib ki, keçən il 100 manatla 120 dollar almaq olurdusa, hazırda 100 manatla təxminən 65 dollar almaq olar. Bu səbəblə istehlakçı alıcılıq qabiliyyətini itirir və beləliklə, maaşlar eyni qaldığına görə, istehlakçının ala biləcəyi malların və xidmətlərin miqdarı azalacaq.

F. Ələkbərov hökumətin devalvasiyanın ziyanlarını azaltmaq üçün görməsi gərəkən tədbirləri də açıqlayıb. O, dövlətin devalvasiya qərarı vermədən öncə böhran paketinin olması gərəkdiyini deyib.
“Böhran paketinə xarici donorlardan alınacaq dəstəklər və iqtisadi islahatlar daxildir. Lakin Azərbaycan hökuməti bu ilin fevral ayında baş verən devalvasiyadan sonra böhran paketini açıqlamadı”, -deyə Ələkbərov bildirib.
Şotlandiyada ixtisaslaşan mütəxəssisin sözlərinə görə, ilk olaraq Mərkəzi Bank hökumət bankları və vətəndaşlar arasında yaranan problemləri həll etməlidir.

“İkincisi, beynəlxalq yarışlar da daxil olmaqla prioritet xaricindəki bütün xərclərdən imtina olunmalı və büdçəyə qənaət edilməlidir. Görüləcək üçüncü tədbir isə gömrük də daxil olmaqla, hökumət təşkilatlarının sahibkarlığa maneləri aradan qaldırılmalı və korrupsiyaya qarşı qəti tədbirlər görülməlidir. Son olaraq isə müstəqil iqtisadçıların yardımı ilə tədbirlər paketi hazırlanmalıdır. O bu yolla hər iqtisadçının öz sahəsində gördüyü problemləri hökumət təşkilatlarına bildirməklə bu istiqamətdə islahatların aparılmasına yardımcı olur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.