Devalvasiya bayram yarmarkalarını da “vurdu”: qiymətlər artıb, satışzəifləyib (FOTOLAR)

27-12-2015, 20:20           
Devalvasiya bayram yarmarkalarını da “vurdu”: qiymətlər artıb, satışzəifləyib (FOTOLAR)
Bakıda və Sumqayıtda Yeni il bayramı ilə əlaqədar təşkil olunan yarmarkalar artıq fəaliyyətə başlayıb. Paytaxtda 5 rayonda təşkil olunan yarmarkalara insan axını müşahidə olunmaqdadır. Manatın devalvasiyasından sonra qiymətlərin daha da qalxacağından qorxan əhali artıq indidən bayram tədarükünə başlayıb.

Bazardakı vəziyyət və məhsulların qiymətləri ilə maraqlanmaq üçün paytaxtın Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığında açılan yarmarkaya baş çəkdik.

Alıcı çoxdur, alıcılıq çox zəifdir…

Yol boyu əllərində iri bazar zənbilləri ilə yarmarkaya üz tutan insanlar diqqətimizdən qaçmadı. Həqiqətən də yeni il yarmarkasına kütləvi axın var. Bazarın içində insan sıxlığından rahat hərəkət etmək mümkün deyil. Lakin satıcılar alıcılığın zəif olmasından narazıdır. Çünki, bazara üz tutan vətəndaşların əksəriyyəti sadəcə qiymətlərlə maraqlanıb, uzaqlaşırlar. Əhali daha ucuz məhsul almaq arzusu ilə yarmarkalara üz tutsa da, burada da vəziyyət paytaxtın digər kənd təsərrüfatı məhsulları bazarlarından fərqli deyil. Manatın ucuzlaşmasından sonra bazarlarda başlayan bahalaşma yarmarkadan da yan keçməyib.

Bu səbəbdən bazarda məhsul bolluğu olsa da, alıcılar bu bolluqdan yararlana bilmir.
Ən çox qiymət artımı isə gündəlik tələbat məhsulları olan kartof və soğanın qiymətində özünü göstərir.

Belə ki, bir həftə öncə 50-60 qəpiyə satılan kartof hazırda 90 qəpik -1 manata təklif olunur. 70 qəpiyə satılan Gədəbəy kartofu isə 1 manatdır. Bir neçə gün öncə 50 qəpik olan soğanı isə 80 qəpikdən ucuz almaq mümkün deyil. Həmçinin, ayın əvvəlində kiloqramı 50 qəpik olan kökün qiyməti 70 qəpik, kələmin qiyməti isə 30-40 qəpikdir.

Devalvasiyanın təsiri yarmarkadan da yan keçməyib

Yeni il süfrəsinin salatları olan pomidor-xiyarın qiyməti isə “əl yandırır”. Belə ki, pomidorun və xiyarın kiloqramı hər yerdə 3.5-4 manatdır. Alıcılar isə bu qiymətə pomidoru almağa imkanlarının olmadığını deyirlər.

Meyvələrin qiyməti də bazarlarda olduğundan fərqli deyil. Süfrəyə qoyula biləcək normal almanın qiyməti növündən asılı olaraq 0.7-1 manat arasında dəyişir. Nisbətən cır almanın kiloqramını 50 qəpikdən də əldə etmək mümkündür. “Qızıl əhməd” alması isə 1.5-2 manatdır. Digər meyvələrdən armudun kiloqramı 1.5 manat, narıngi 1-1.2 manat, portağal 2 manat, nar və heyvanın kiloqramı 1 manat, banan 2.5 manat, 1 ədəd ananas ölçüsündən asılı olaraq 3-5 manat, üzümün qiyməti isə 1.5-2 manat arasında dəyişir.

Müşahidələrimiz zamanı insanların bazarda demək olar ki, çox az məhsul alıb çıxdığının şahidi olduq. İnsanlar qiymətlərlə maraqlandıqdan sonra hər meyvədən cüzi miqdarda alaraq süfrəyə bəzək üçün qoyacaqlarını deyirlər. Elə bunu meyvə satan Elmar Sadıqov da təsdiqləyir. Deyir ki,insanlar alma almağa pulunu qıymır, bu səbəbdən alıcılıq aşağıdır: “İnsanlar ən vacib məhsulları almağa çalışırlar. Camaat bilir ki, alma yeməsə ölməyəcək, almasız da yaşamaq olar, ancaq çörək vacibdir. Ona görə də, meyvəyə üstünlük vermirlər. Öz məhsulumu gətirib 50 qəpikdən satıram, ancaq alan yoxdur”.

20 manata badam…

Alıcılar ən çox alma və heyvanın bahalaşmasından narazıdırlar. Belə ki, kiloqramı 50 qəpiyə olan almalar 70 qəpiyə satılır. Bir neçə gün öncə bazarlarda 50 qəpik olan heyvanın kiloqramı isə 1 manatdır.

Qərzəkli məhsulların qiymətində də bahalaşma var. Qərzəkli qoz və fındıq əvvəl 2.5 -3 manata satılırdısa, yarmarkada 4 manata təklif olunur. Şabalıdın qiyməti isə standart olaraq 5 manatdır. Ləpələrin qiymətinə də ucuz demək olmaz. Ən çox badam ləpəsi bahalaşaraq kiloqramı 20 manat olub. Qoz ləpəsinin kiloqramı keyfiyyətindən asılı olaraq 10-17 manat arasında dəyişir. Fıstıq ləpəsi 5 manat, Antep fıstığının kiloqramı isə 17 manatdır. Ərik və gavalı qurusunun kilorqamı 5-7 manat arasında dəyişir. Kişmişin bir kiloqramının qiyməti isə 5-12 manat arasındadır.

Ət bazardakından ucuzdur..

Qəssabxanalarda kiloqramı 8 manata satılan mal ətini yarmarkadan 5.5 manata almaq mümkündür. Qoyun ətinin kiloqramı isə 6 manatdır. Satıcılar deyir ki, faktiki olaraq ət bazardakından ucuzdur. Lakin bu da alıcıları razı salmır. Onlar hər zaman daha ucuz almaq istəyirlər: “İnsanları da qınamaq olmur. İşsizlik artır, maaşları kəsirlər, pul dəyərini itirib. Ona görə də, heç bir qiymət onları razı salmır. 5.5 manata satdığımız əti kimi 50 qəpik, kimi 1 manat endirmək istəyir. Biz də qazanc dalınca gəlib burada soyuqda dayanmışıq. Ucuz satsaq əlimizdə nə qalacaq?”.

Alıcılar isə ətin “8-ci kilometr” bazarında da eyni qiymətə olduğunu deyərək yarmarkadakı satıcılardan daha ucuz satmalarını tələb edirlər.

Ağartı məhsullarının qiymətində isə bahalaşma yoxdur. Pendirin kiloqramı 4.5-5 manat, şor isə 2.5 manatadır.

Yarmarkaya balıq məhsulları da çıxarılıb. Satıcılar müştərilərə ləyənlərdə saxladıqları canlı balıqları da təklif edirlər. Sazan, xanı kimi balıq növlərinin kiloqramı 4-5 manatdan satılır.
Toyuq var, yumurtanı isə “gördüm deyən yoxdur”

Bazarda broyler toyuqların satışına rast gəlinmir. “Kənd toyuğu” kimi alıcılara təqdim olunan toyuqların qiyməti isə 2.7-3 manatdır. Hər satıcının piştaxtasında bir qutu kənd yumurtası var, qiyməti isə 20-25 qəpikdir. Yumurta qıtlığı açıq şəkildə hiss olunur.
Digər tərəfdən, hər zaman olduğundan fərqli olaraq yarmarkada fabrik yumurtası tapılmır. Bazarı başdan ayağa gəzsək də, fabrik yumurtası satışına rast gəlmədik. Satıcılar isə yarmarkanın birinci günündə fabrik yumurtasının gətirildiyini, lakin artıq tükəndiyini deyirlər. Elə alıcılar da burada yumurta tapmadıqları üçün marketlərdən yumurtanı 17-18 qəpikdən aldıqlarını dedilər.

Yeni il süfrəsinin əvəzedilməz qidalarından olan hind quşunun da qiyməti hər alıcının cibinə görə deyil. Ətinin kiloqramı 8 manatdan satılan hind quşu canlı halda 45-50 manatdır.



Həsrətlə baxan alıcılar. .. Küləyin sovurduğu qiymət kağızları…

“Dolları bahalaşdırmaqla belimizi qırdılar. Ayda 150 manat pensiya alıram. 4 manata xiyar-pomidor alsam , o mənim boğazımdan keçərmi?”. Bu sözləri yaşı 60-ı adlamış Gülsüm nənə deyir. Deyir ki, bahalı meyvələrdən, ləpələrdən çoxdan imtina edib. İndi heç olmasa kartof-soğanı ona çox görməsinlər: “Bir həftə əvvəl 50-60 qəpiyə olan kartof indi 1 manatdır. İki dəfə bahalaşma nə deməkdir? Məgər kartof da xaricdən dollarla alınır? Sanki hər kəs sözləşib, öz məhsulları olsa da eyni qiymətə satırlar. 1.5 manata olan portağal indi 2 manatdır. Bunun harası yarmarka oldu?”


Telman adlı alıcı isə deyir ki, onun bir çox məhsulları ala bilməməsinin səbəbi təkcə qiymətlər deyil, ötən ilkinə nisbətən bayram bazarlığına ayırdığı büdcə də azalıb: “Bazarlarda hər şey bahalaşıb, buradakı satıcılarda günah görə bilmərik. Onlar da baha satıb daha çox qazanmaq istəyirlər. Çünki, buradan qazanıb marketə girəndə daha çox xərcləməli olacaqlar. Mən ötən il 100-150 manat bayram bazarlığı etdim. İndi isə cəmi 50 manatla gəlmişəm. Ona görə, hər şeydən yarım kilo, 1 kilo alıram”.

Yarmarkada başqa bir problem isə heç bir məhsulun üzərində qiymətinin olmamasıdır. Satıcılardan bunun səbəbini soruşdurda qiymət kağızlarını küləyin apardığını dedilər. Alıcılar isə deyir ki, heç bir məhsulun üzərinə qiymət qoymadıqları üçün kimə nə gəldi deyirlər, alıcılıq bir az artan kimi baha satmağa çalışırlar: “Məsələn, siz mətbuatdan gəlmisiniz. İndi sizə bütün qiymətləri ucuz deyəcəklər. Bizə isə qiymət oxuyurlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.