Aynur İmranova Mətanət Əzizovanın istintaqa verdiyi ifadəni yaydı-QALMAQAL

9-01-2016, 00:13           
Aynur İmranova Mətanət Əzizovanın istintaqa verdiyi ifadəni yaydı-QALMAQAL
Araşdırmaçı jurnalist: “Mən Leyla Yunusun vəkillərini qınayıram ki, onlar bu günə qədər həmin ifadələri yaymayıblar”

“Məni narahat edən odur ki, kimsə gedib xaricdə rahat həyat sürürsə, bizim burdakı mübarizəmizə lağlağı eləməsin, ciddi yanaşsın, ən azı hörmət eləsin”

“Yeni Müsavat”ın əməkdaşının Praqa səfəri zamanı siyasi mühacirlərdən götürdüyü müsahibələr ciddi qalmaqala səbəb olub. Bu qalmaqallardan ən səs-küylüsü isə heç şübhəsiz ki, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova ilə bağlı oldu. Hələ M.Əzizovanın müsahibəsi yayılmamış araşdırmaçı jurnalist, ictimai sektorun fəallarından olan Aynur İmranova onunla bağlı ciddi ittihamlar səsləndirdi və bunu ilk növbədə facebook statusunda paylaşdı.

A.İmranova statusunda bildirib ki, M.Əzizova siyasi mühacir deyil: “O adam şəxsi zəmində şantaj olunub və Leyla Yunusa qarşı Praqadan yazdığı məktubla ifadə verib. İstəyirsinizsə Leyla Yunusun ittiham aktını sizə göndərə bilərəm. Və ya burda yayınlaya bilərəm”.

A.İmranova daha sonra istintaq materiallarında yer alan M.Əzizovanın ifadəsini screen şot versiyasını paylaşıb. Jurnalist həmçinin qeyd edib ki, M.Əzizovanın dediyi heç bir sözə inanmır, ittiham aktına inanır.

“Yeni Müsavat” qəzeti redaksiyası olaraq hesab edirik ki, bu müsahibəni yayımlayan media orqanı olaraq, həmin müsahibə, habelə M.Əzizovanın orda dediklərinə qarşı səslənən fikirləri də yaymaq borcumuzdur. İttiham aktında M.Əzizovaya məxsus olduğu bildirilən, A.İmranovanın sosial şəbəkədə də yaymış olduğu ifadədə mübahisəyə səbəb olan hissəni nəzərinizə çatdırırıq: “Əzizova Mətanət Mürşüd qızı istintaq orqanına ünvanlanan 02.05.2014-cü il tarixli ərizəsində də təqsirləndirilən şəxs Leyla Yunusovanın təsisçisi olduğu hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumun layihələrini “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” Cəmiyyətinin adından həyata keçirməklə qanunsuz sahibkarlıqla məşğul olması və vergiləri ödəməkdən yayınması xüsusatları üzrə ifadəsində göstərilən faktları bir daha təsdiq edərək göstərmişdir ki, rəhbərlik etdiyi “Qadın Krizis Mərkəzinin dövlət qeydiyyatının olmaması qurumun fəaliyyətinin təşkil edilməsini çətinləşdirərək, xarici fond və təşkilatlardan qrant alınmasını mümkünsüz etmişdir. Bu səbəbdən hansısa bir qeydiyyatdan keçmiş təşkilatın bank hesabına ehtiyac yaranmışdır. 2003-cü ildə anası Mirvari Qəhrəmanlının da yaxın rəfiqə olduğu, ictimai sektorda aktiv fəaliyyət göstərən Leyla Yunusova ilə söhbət etdikdə sonuncu ona özünün də belə bir problemlə rastlaşdığını, təsis etdiyi “Sülh və Demokratiya İnstitutu”nun qeydiyyatı olmadığından bütün qrant müqavilələrini dövlət qeydiyyatından keçmiş “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” Cəmiyyətinin adından icra etdiyini, bu məqsədlə həmin Cəmiyyətin sədr müavini kimi adının rəsmiləşdirildiyini bildirmişdir. Bu söhbətdən sonra, o, həmin cəmiyyətin sədri kimi tanıdığı Rəna Səfərəliyeva ilə görüşmüş, Rəna Səfərəliyevanı ictimai fəaliyyətlə məşğul olan şəxs kimi əvvəlcədən tanımaqla onunla birlikdə qadın və gender layihələrində iştirak etmişdir. Rəna Səfərəliyeva ona sədri olduğu “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” Cəmiyyətinin idarəçiliyini Leyla Yunusovaya verdiyini, onu həmin qurumda müavin kimi işləməyinə etirazının olmadığını demişdir. Beləliklə, o Leyla Yunusova ilə görüşüb ona öz razılığını vermiş və sözügedən qurumda sədr müavini kimi işləməyə başlamışdır. Onun sədr müavini təyin olunmasının hansı qaydada rəsmiləşdirilməsindən məlumatı yoxdur. Ancaq həmin vaxtdan sonra Budapeşt şəhərində yerləşən “Açıq Cəmiyyət İnstitutu”nun rəhbəri olduğu “Qadın Krizis Mərkəzi”nə ayırdığı qrant vəsaitləri “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” Cəmiyyətinin “Unibank”dakı bank hesabına köçürülmüş və həmin pulları Leyla Yunusova bankdan öz adına olan çek kitabçaları vasitəsilə nağdlaşdırıb çıxararaq ona vermişdir. “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” Cəmiyyətinin ofisi əvvəllər Bakı şəhəri Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsində, Leyla Yunusovanm şəxsi mənzilində yerləşirdi. Rəna Səfərəliyeva qurumun idarəçiliyindən doğrudan da uzaqlaşmış və qeyri-hökumət təşkilatının bütün idarəçiliyi Leyla Yunusova tərəfindən həyata keçirilirdi. Qurumun bank hesabları “Unibank” ASC-də yerləşirdi. Bank hesablarından pul çıxarmaq səlahiyyəti Leyla Yunusovaya məxsus idi. Cəmiyyətin adma gələn bütün pulları bankdan yalnız Leyla Yunusova çıxarırdı. 2011-ci ildə Cəmiyyətin ofisinin ünvanı dəyişdirildi və yenə də Leyla Yunusovaya məxsus Nizami küçəsi 53 ünvandakı yaşayış sahəsinə köçdü. “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” Cəmiyyətinin möhürü, ştampı, blankları, bütün maliyyə-mühasibatlıq sənədləri Leyla Yunusovada saxlanılırdı. Layihələrin icrasına cəlb olunmuş şəxslərə, eləcə də onun özünə xidmət haqqı və maaşları Leyla Yunusova nağd şəkildə ödəyir, başqa şəxsləri pul məsələlərinə yaxın buraxmırdı. Leyla Yunusova “Sülh və Demokratiya” İnstitutu”nun sədri kimi yerli və beynəlxalq tədbirlərdə iştirak edir, ancaq müqavilələr “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” Cəmiyyətinin adından bağlanıldığından maliyyə vəsaitləri Cəmiyyətin “Unibank”dakı hesablarına köçürülürdü. Bu pulları isə sonradan Leyla Yunusova öz adına tərtib olunmuş kassa çekləri vasitəsilə nağdlaşdıraraq hesabdan çıxarır və ona bəlli olmayan məqsədlərə istifadə edirdi. Xüsusilə Leyla Yunusova beynəlxalq fondların təşkilatçılığı və maliyyəsi ilə Ermənistan Respublikasının vətəndaş cəmiyyətinin təşkilatları və üzvləri ilə birlikdə müxtəlif layihələr həyata keçirir, bu layihələr çərçivəsində Ermənistan Respublikasına səfərlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər təşkil edirdi. Leyla Yunusova Cəmiyyətin sədr müavini kimi qrant müqavilələrini imzalayır, özündə olan möhürlə təsdiq edir və “Unibank”a daxil olan pul vəsaitlərini nağd olaraq bankdan çıxarıb, özündə saxlayırdı. Leyla Yunusova ilə söhbətlərində dəfələrlə ona bu fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığını demiş, ancaq o bu qrant vəsaitlərinin “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” Cəmiyyətinə heç bir aidiyyətinin olmadığını, özünün rəhbərlik etdiyi “Sülh və Demokratiya İnstitutu”nun layihələri olduğunu deyibdir. Həmçinin Leyla Yunusovanın göstərişlərinə əsasən əmək haqqının hesablanmaması, pensiya fonduna ayırmaların olmaması, vergilərin ödəyicisi olmamağı barədə “sıfır” hesabatlar hazırlanıb dövlət orqanlarına göndərilib, Ədliyyə, Maliyyə nazirliklərinə ünvanlanmış məktubları və digər sənədləri məhz Leyla Yunusovanın göstərişlərinə əsasən Cəmiyyətin rəhbəri kimi imzalamışdır. Əslində bu qrant müqavilələrinin bağlanılmasında, maliyyə vəsaitlərinin xərclənməsində onun hər hansı formada iştirakı, rolu olmayıbdır. Bu layihələr üzrə pulların hamısı Leyla Yunusova tərəfindən qəbul edilib xərclənmişdir. Leyla Yunusovadan bank hesablarından çıxarılan pulların nəyə sərf olunduğunu soruşanda o, bunun ona aidiyyətinin olmadığını deyərək cavab vermirdi. Leyla Yunusova ilə birlikdə “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” Cəmiyyətində birgə fəaliyyəti məhz yuxarıda göstərilən şəraitdə baş vermişdir”.

“Yeni Müsavat” son olaraq bir daha A.İmranovaya bu məsələ ilə bağlı müraciət edib. A.İmranova bildirib ki, onun M.Əzizova adlı problemi yoxdur: “Sadəcə olaraq, son dövrlərdə Mətanət Əzizovanın ictimai sektorun fəallarına qarşı lağlağı statusları, siyasi proseslərə bağlı münasibəti, “Yeni Müsavat”a son müsahibəsi qıcıq doğurub və müzakirələrə səbəb olub. Bu müzakirələrdən sonra da mən siyasi mühacirlərin bir-birinə qarşı belə iddialar ortaya qoyacağını düşündüyüm üçün bunu açıqladım. Məni maraqlandırmır ki, Mətanət Əzizova ölkədən necə çıxa bilib, halbuki biz çıxa bilmirik. Eyni zamanda bizi maraqlandırmır ki, Mətanət Əzizovanın oğlu, yoldaşının ölkədən çıxışı bağlı olduğu halda, sonradan o çıxışı necə açdılar və onlar ölkədən çıxdı? Ya da ki, mənə maraqlı deyil, Mətanət Əzizovanın hansı marağı olub ki, burdan gedəndən sonra Respublika Prokurorluğuna Leyla Yunusa qarşı yazılı ifadə yollayıb? Bunların heç biri mənə maraqlı deyil. Məni narahat edən odur ki, kimsə gedib xaricdə rahat həyat sürürsə, bizim burdakı mübarizəmizə lağlağı eləməsin, ciddi yanaşsın, ən azı hörmət eləsin”.

A.İmranova eyni zamanda qeyd etdi ki, bu gün ona M.Əzizovanın beynəlxalq təşkilatlardan birinə onun haqqında yazdığı donos da göndərilib: “Məktubla tanış oldum. Orda mənim və İdrak Abbasovun haqqında iddialar var. Mətanət Əzizova qeyd edib ki, mən onun haqqında daim əks-təbliğat aparıram. Halbuki bu, mənim onun barəsindəki ilk statusum idi. Bütün beynəlxalq təşkilatlar təsdiqləyə bilər və Mətanət xanımın özünə də məlumat verə bilər ki, mən heç yerə heç kim haqqında bir kəlmə də yazmamışam. İkincisi də, əgər hansısa şəxsə yönəlik qərəzim olsaydı, mən o ittiham aktını çoxdan ingilis dilinə tərcümə edib, əlaqədar qurumlara göndərərdim. Amma bu, ayrıca müzakirə mövzusudur ki, mən Leyla Yunusun vəkillərini qınayıram: onlar bu günə qədər həmin ifadələri yaymayıblar. Bu, indiyə qədər olmalı idi.

Amma yenə də deyirəm, bu, mənim problemim deyil. Bizim müzakirəmizə, hərəkətimizə hörmətlə yanaşan insanlarla problemimiz, qərəzimiz yoxdur. Ona görə də insanlar bir fikir səsləndirəndə nəzərə alsınlar ki, ona adekvat cavab da verilə bilər. Yenə deyirəm ki, ittiham aktında deyilənlər Mətanət Əzizova və Leyla Yunus arasında olan problemdir. Amma belə mövqe göstərən, dayanıqlılıq göstərə bilməyən, hansısa basqının altında geri çəkilən şəxslər əzabla, zülmlə burda davam gətirən şəxslər haqqında bir az daha hörmətli olsalar, sevinərik. Belə qarşıdurmalar da yaranmaz”.

"Yeni Müsavat"

P.S. Qəzet bu mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandıracağını bəyan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.