“Distant təhsil üçün bütün şagirdlərin, tələbələrin evində sürətli internet olmalıdır...”

11-07-2020, 09:18           
“Distant təhsil üçün bütün şagirdlərin, tələbələrin evində sürətli internet olmalıdır...”
Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırıldı. Bundan sonra isə ölkənin təhsil sistemi məktəbdənkənar məsafədən təhsilə cəlb edildi. Bu vəziyyət hamı tərəfindən birmənalı qarşılanmasa da, müəyyən çətinliklərin yaşanmasına baxmayaraq daha bir təhsil mövsümünü geridə qoyduq.

Xatırladaq ki, Təhsil Nazirliyinin onlayn tədris proqramı olan “Virtual məktəb” layihəsi qeydiyyat üçün aprelin 2-dən aktivləşdirilib. Qeydiyyat zamanı texniki qüsurlar olsa da, qısa müddətdə 900 min şagird qeydiyyatdan keçib. Amma biz tədris ilini geridə qoyduğumuz bu günlərdə ilk dəfə həyata keçirilən distant təhsil sınağından necə çıxdığımıza nəzər yetirəcəyik.

Dünya Bankının ekspertləri müəyyən ediblər ki, koronavirus iki əsas amil vasitəsilə bütün dünyada təhsil sahəsindəki irəliləyişi təhdid edir. Birincisi, demək olar ki, bütün səviyyələrdə məktəblərin tam bağlanmasıdır. İkincisi, bu, pandemiyaya qarşı mübarizə tədbirlərindən irəli gələn iqtisadi tənəzzüldür.

“Pandemiya dünyanın demək olar, hər yerində məktəbləri bağlayaraq təhsilə dərin təsir göstərib ki, bu da bütün təhsil sistemləri üçün ən böyük sarsıntıya çevrilib. Koronavirusun vurduğu zərər daha da ciddi olacaq, çünki səhiyyə sahəsindəki fövqəladə vəziyyət dərin qlobal tənəzzülə çevriləcək”, - deyə məruzədə bildirilir. Qeyd olunur ki, bu hadisələrin təsirlərinin qarşısını almaq üçün ciddi səylər olmasa, məktəblərin bağlanması şagirdlərin təlimində itkilərə, məktəbdən uzaqlaşmaya və bərabərsizliyin artmasına gətirib çıxaracaq. İqtisadi şok təhsilə olan tələb və təklifi azaltmaqla zərəri daha da dərinləşdirəcək.

Tədqiqat müəlliflərinin fikrincə, ölkələr tez bir zamanda davamlı öyrənmənin dəstəklənməsinə keçsələr, zərərin azaldılmasını, hətta tədrisin bərpasını yeni imkanlara çevirə bilərlər. Ekspertlər bu məqsədə nail olmaq üçün tədbirlər təklif edir, onları üç kəsişən mərhələyə bölürlər:

- aradan qaldırılma siyasəti;

- davamlı idarəetmə;

- təkmilləşdirilmə və sürətləndirmə.

Birinci mərhələdə dövlətlərə təhsil alanların sağlamlıq və təhlükəsizliyinin qorunması şərti ilə məktəblərin fəaliyyətinin bərpası ilə uğurla məşğul olmağı, məsafədən təhsil vasitəsilə tələbələrin öyrənmə itkilərinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyi məsləhət görürlər. “Eyni zamanda, ölkələr məktəblərin yenidən açılmasının planlaşdırılmasına başlamalıdırlar. Bu, məktəbdən uzaqlaşmanın qarşısının alınması, sağlam məktəb şəraitinin təmin edilməsi və tələbələrin məktəbə qayıtmasından sonra əsas sahələrdə tədrisin sürətlə bərpasına kömək edən yeni metodlardan istifadə deməkdir”,-deyə araşdırmada qeyd edilir.

Müəlliflər təhsil sistemlərinin bərpasına diqqət yönəltməyi tövsiyə edirlər, lakin keçmişin təkrarlanmasına deyil, yeni imkanlara fokuslanmağın vacibliyini irəli sürürlər. Çünki COVID-19-un yayılmasına qədər bir çox ölkələrin məktəb sistemlərində vəziyyət çox aşağı səviyyədə tədrislə, yüksək səviyyədə isə bərabərsizlik və yavaş tərəqqi ilə səciyyələnirdi.

Beynəlxalq tədqiqatın müəllifləri hesab edirlər ki, bu gün ölkələrin “yenidən daha yaxşı qurulmaq” imkanı yaranıb: onlar böhrandan sonra ən effektiv bərpa strategiyalarından qiymətləndirmə, texnologiya və təhsilin maliyyələşdirilməsi, pedaqogika və valideynlərin təhsil prosesində iştirakı kimi sahələrdə uzunmüddətli təkmilləşdirmələrdə əsas kimi istifadə edə bilərlər.

Azərbaycana keçmədən öncə qeyd edək ki, bəzi dünya ölkələri də distant təhsil sınağından üzüağ çıxa bilməyib. Pandemiya dövründə çox az sayda müəllimin güclü rəqəmsal və İKT bacarıqları olduğu üçün tədris materiallarının qısa müddətdə rəqəmsal formata çevrilməsi problem olmuşdur. Cənub-Qərbi Asiya və Afrikanın bir çox ölkələrində yaşayış məntəqələrinin yalnız 20% -nin və ya daha az hissəsinin internet bağlantısı var, fərdi kompüterdən danışmağa isə dəyməz.

Perudan olan Krusado Silveria müəllimlərin yalnız 35 faizinin kompüter və internetə çıxışının olduğunu bildirib. “Buna görə də nazirlik təhsilanlar üçün siniflər və məzmunu, eləcə də ”Aprendo en casa" kimi onlayn platformaları təmin etmək məqsədilə televiziya və radio kanalları kimi aşağı texnologiyalı həllərdən istifadə etməyə qərar verib.

Kamerunun Təhsil Nazirliyinin informatika və İKT üzrə pedaqoji müfəttişi Michael Nkventi Ndonfak müəllimlərin yalnız 20-25% - nin internetə çıxışı olduğunu, əksəriyyətinin İKT sahəsində bacarıqlara malik olmadığını bildirib. Müəllim və tələbələrin artıq tanış olduqları radio və televiziya platformaları vasitəsilə təhsilə çıxış əldə etməsinə imkan verən qoruyucu tədris proqramının hazırlanması üçün milli hökumət tərəfindən hədəf qrupu yaradılıb.

Uqanda hökuməti isə UNESKO-nun proqramına əsaslanır- məqsədli fondlar çərçivəsində bütün ölkə miqyasında etibarlı müəllim hazırlığı sistemi yaradılıb. Müəllim hazırlığı üzrə təhsil müəssisələri İKT sahəsində səriştəyə malik olmayan müəllimlər üçün İKT proqramı vasitəsilə potensialın artırılması üzrə seminarların keçirilməsi üçün yaradılıb.

Bəs distant təhsil nədir? Distant təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunması formasıdır. Distant təhsil - müəllim və tələbələrin bir-biriləri ilə məsafədən qarşılıqlı əlaqəsidir ki, burada təhsil prosesinə xas olan bütün komponentləri (məqsədləri, məzmunu, metodları, təşkilati formaları, tədris vasitələri) əks etdirən və internet texnologiyalarının xüsusi vasitələri və ya interaktivliyini özündə cəmləşdirən digər vasitələrdən istifadə olunur.

Distant təhsil formasını ilk yaratmaq cəhdi 1840-cı ildə edilib. Həmin vaxt İsaak Pitman poçt məktubları vasitəsi ilə Birləşmiş Krallıqda tələbələrə stenoqrafiyanı öyrətməyə başlamışdı. Azərbaycanda isə distant təhsilin rəsmi yaranma tarixini “Təhsil haqqında” yeni qanunun təsdiq edildiyi 19 iyun 2009-cu il hesab etmək olar. Qanunun 13-cü maddəsinə əsasən, əyani və qiyabi təhsil formaları ilə yanaşı, distant təhsil forması da qəbul olunmuşdur.

Təhsil Nazirliyindən verilən açıqlamada isə bildirilir ki, nazirliyin keçirdiyi teledərs layihəsi hər gün 100 nəfərə qədər insanın çalışdığı komanda hesabına başa gəlir. Təhsil Nazirliyi martın 9-dan başlayaraq bu prosesə start verib. Prosesdən çıxış yolu olaraq müxtəlif modellər müzakirə olunanda nazirlik əlçatanlıq, əhatə baxımından teledərs formatına öncəlik verib. Ona görə martın 11-dən başlayaraq dərslərin yayımına başlanıb. Həftənin 5 günü bütün dərs və sinifləri əhatə edən teledərslərin yayımı həyata keçirilib. Bu, iki dildə-Azərbaycan və rus dilində olub. Müəllimləri də təlimatlandıran xüsusi qrup fəaliyyət göstərib.

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, pandemiya dünyada təhsil sisteminə təsirsiz qalmadı. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi, sadəcə proseslərin arxasınca getmişdir. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi: “Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlandı.

Dövlətimizin pandemiyaya qarşı mübarizədə addımları əsasən 3 istiqaməti əhatə edir:

Birincisi, virusun yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində addımlar;

İkincisi, pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı dalğalanmanın təsirlərinin minimallaşdırılması, sosialyönümlü paketlər;

Üçüncüsü, pandemiya ilə mübarizədə beynəlxalq səylərə dəstək, bu məzmunda qlobal dialoqun və əməkdaşlığın təşkili.

Bu istiqamətdə təhsil sistemin daha aparıcı mövqeyə malik oldu. Belə ki, ilk mərhələdə martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırıldı. Bu da ölkəmizdə virusa yoluxanların sayının digər dünya ölkələri ilə müqayisədə az olmasına gətirib çıxardı. Çünki ölkə təhsili öz ətrafında 2 milyondan çox şəxsi birləşdirir və gün ərzində təhsil müəssisələrinə bu qədər insan daxil olur. Bu da böyük hərəkət qüvvəsi deməkdir".

K.Əsədov dedi ki, təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlərə başlanıb: “Dərslərin nümayişi üçün televiziyanın seçilməsi təsadüfi deyildi. Belə ki, ölkənin bütün regionlarında, xüsusilə də ucqar kəndlərdə şagirdlərin fasiləsiz və sürətli internet bağlantısı ilə təmin edilməsi sahəsində çətinliklər olduğu üçün onların müəyyən hissəsinin dərslərdən yararlana bilməməsi ehtimalı var idi. Dövlət televiziyasının bütün ölkəni əhatə etdiyi nəzərə alınaraq, dərslərin 2 televiziya kanalında (Azərbaycan Televiziyasının ”Mədəniyyət" kanalı və “ARB Günəş” kanalı) yayımlanması barədə qərar qəbul edildi. Zaman göstərdi ki, bu, vaxtında verilmiş və yeganə düzgün qərar idi. Pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESKO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb. Belə ki, dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESKO-nun rəsmi saytında (https://en.unesco.org/covid19/educationresponse/solutions ttps://l.facebook.com/l.php?u=https%3A%2F%2Fen.unesco.org%2Fcovid19%2Feducationresponse%2Fsolutions%3Ffbclid%3DİwAR1QudB8Xus_İ4b4SkAhLvyP8LU9KkqasBva9lwjkQVE1gPTYvFyhfa2İVU&h=AT2Dlhg1SCDLuLrP4liWuUPZpC1yFmgLbcOuJ8o3V26UsZAHF5__CHXuHRQd_fT-agYp3ZTZVAqXeF76a6wXWY5itwhKbkBo_-PLaWdLzua_MJu0ZkCHrlwnhXaQqFQzrZUY) şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim olunub".

Müsahibimizin sözlərinə görə, pandemiya müəllim peşəsinin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq etdi. K.Əsədov söylədi ki, müasir inkişaf dövründə müəllimə ehtiyac azalır, təhsilalanlar sərbəst öyrənmə imkanlarından yararlana bilir kimi fikirlər zaman-zaman səslənsə də, bu sayaq situasiyalar onun əksini göstərdi: “Belə hadisələr bir daha sübut edir ki, müəllimlik alternativi olmayan bir peşədir. Cəmiyyət bir daha əmin oldu ki, Azərbaycan müəllimləri hər zaman üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirmiş, şagirdlərə mükəmməl bilik, savad verməklə yanaşı, onların milli-mənəvi dəyərlər, azərbaycançılıq ruhunda tərbiyəsinə, layiqli vətəndaş kimi formalaşmasına bütün həyatını sərf ediblər. Pandemiyanın əsas dərslərindən biri də ondan ibarət oldu ki, həm təhsilverənlər, həm də təhsilalanlar mükəmməl rəqəmsal bacarıqlara malik olmalıdırlar”.

Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan hələlik distant təhsilə keçmək üçün hazır deyil. Onun fikrincə, məhz bu səbəbdən də Təhsil Nazirliyi distant təhsilə keçməzdən öncə teledərs layihələrinə üstünlük verdi: “Distanta hazır olmaq üçün infrastruktur lazımi səviyyədə olmalıdır. Tələbələrin evində dayanıqlı, sürətli internet olmalı, müəllimlər pedaqoji baxımdan buna yetərincə hazırlıqlı olmalıdılar. Ümumiytələ, MDB məkanına daxil olan ölkələr, o cümlədən Azərbaycan pandemiyanın baş verməsi ilə əlaqədar distant təhsilə hazır deyil. Sonradan bəzi təhsil müəssisələri texnikli universitetlər, vatsapa qruplar, müxtəlif texniki vasitələrdən istifadə etməklə vəziyyətdən çıxmağa çalışdılar. Bu, çətiniklə əmələ gələ biləcək bir sistemdir”.

O.Gündüz hesab edir ki, postpandemiya dövrü üçün Təhsil Nazirliyi ortaya başqa bir model qoymalıdır. Təhsil Nazirliyi yığışıb, müzakirə edib, ortaya bir model qoymalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.