Virusun əsas yoluxma məkanı... - Avtobuslarda sıxlığı necə azaltmaq olar?

11-07-2020, 18:04           
Virusun əsas yoluxma məkanı... - Avtobuslarda sıxlığı necə azaltmaq olar?
Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu ictimai nəqliyyatın hərəkətinin tam dayandırılmasına dair qərarı özü-özlüyündə hökumətin virusun yayılmasının əsas mənbələrindən biri olaraq məhz ictimai nəqliyyatı gördüyünü təsdiqləyir. Bunu həmçinin metropolitenin fəaliyyətinin ümumiyyətlə dayandırılması da sübut edir.

Məlum məsələdir ki, supermarketlər, bazarlar, ticarət mərkəzləri və insanların kütləvi şəkildə toplaşdıqları digər məkanların sırasında virusun yayılması təhlükəsinə görə ictimai nəqliyyat ilk yerlərdə durur.

Əhalinin nəqliyyatda kütləvi şəkildə hərəkət etməsi, sıxlıq və məsafənin qorunmaması nəqliyyatda yoluxma riskini artırır.Təəssüf ki, istər əhalinin xüsusilə də pandemiyanın yayıldığı ilk dövrlərdə çağırışlara qulaq asmaması, ictimai nəqliyyatda sosial məsafəyə və gigiyenik qaydalara çox vaxt riayət etməməsi ölkəmizdə pandemiyanın geniş miqyas almasında xüsusi rol oynamış oldu.

Elə hazırda da ictimai nəqliyyat yenə əsas təhlükə mənbəyi olaraq qalır. Xüsusilə də metronun bağlanmasından sonra demək olar bütün sərnişindaşıma yükünün marşrut avtobuslarının üzərinə düşməsi bu nəqliyyat növündə sıxlığı və yoluxma riskini daha da artırmış oldu.

Bu yerdə Operativ Qərargahın metronun bağlanması qərarı ilə xəttə buraxılan avtobus sayının adekvat şəkildə artırılmaması da mənfi mənada öz sözünü deməkdədir. Baxmayaraq ki, hələ mart ayında koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb. Və bu qərargahın işi digər tədbirlərlə yanaşı, müntəzəm marşrutların və xəttə buraxılan avtobusların sayının əhali sıxlığına uyğunlaşdırılması da olmalı idi.

Lakin bugünkü mənzərə onu deməyə əsas verir ki, sözügedən vəzifənin öhdəsindən lazımi dərəcədə gəlinməyib. Metro bağlanandan bəri avtobuslarda böyük sıxlıq müşahidə olunur. Və bu sıxlıq hərdən o dərəcəyə çatır ki, insanları yoluxmadan heç bir maska, əlcək və s. qoruya bilməz. Çünki belədə sosial məsafənin gözlənilməsi qətiyyən mümkün olmur.

Doğrudur, metronun bağlanması başadüşülən və zəruri qərardır. Çünki metronun avtobusla müqayisədə fərqli havalandırma sisteminin olması və digər səbəblər mütəxəssislər tərəfindən bu nəqliyyat növünün daha təhlükəli nəqliyyat kimi qiymətləndirilməsinə səbəb olub.

Lakin metronu əvəz etməli olan marşrut avtobusları şəbəkəsinin işinin lazımi səviyyədə təşkil olunmaması metronun bağlanmasının verməli olduğu müsbət effekti əks istiqamətə - mənfiyə çevirir.

Bəs bunun qarşısını almaq üçün hansı addımları atmaq olar və niyə indiyə qədər bu addımlar atılmayıb?

Mütəxəssislərin fikrincə, ilk atılmalı addım kimi xəttə daha çox avtobusların buraxılması və avtobuslarda məsafə qaydaları və sıxlığın gözlənilməsi kimi qaydalar tətbiq olunmasıdır.

Xətlərdən çıxarımış mikroavtobusların müəyyən dövr üçün sərnişindaşımaya cəlb edilməsi mümkündür.

Bundan əlavə dayanacaqlarda xüsusu nəzrətçilərin qoyulması, onların sərnişinləri növbəlilik əsasında avtobuslara minməsini təmin etməsi tövsiyyə olunur.

Avtobuslarsda ayaq ütə daşımanın tamamilə qadaqan edilməsi, oturacaqlara müvəqqəti arakəsmələrin yerləşdirilməsi də mütəxəssislərin təklifləri sırasındadır.

Müvafiq qurumlar qeyd olunan tövsiyələri və bu istiqamətdə ekspertlərin başqa təkloflərini nəzərə alması, ən qısa zamanda həyata keçirməsi virusun yayılmasının qarşısını almaqda önəmli rol oynaya bilər. Onlar ləngidikcə gündəlik yoluxma sayının azalacağına dair gözləntilər özünü doğrultmur…
“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.