Qolu qopuzsuz, əli toppuzlu dədə qorqudlar – onlar ərköyün aqressora havadarlıq edirlər

28-09-2020, 09:51           
Qolu qopuzsuz, əli toppuzlu dədə qorqudlar –
Region dədə qorqudlarla, Roma papalarıyla, tereza analarla dolub-daşır. Bu Qorbaçov, o Kadırov, o tərəfdən Cənubi Osetiya, şərqdən Qazaxıstan, Qərbdən NATO, cənubdan İran, Şimaldan Rusiya – hamı çağırış edir: “Hərbi əməliyyatlar dərhal dayandırılsın”.
Hamının əlində bərabərlik işarəsi həkk edən ştamp var, basdıqca basırlar. Sanki 20 faiz ərazisi 30 ildən bəri işğal altında qalan Azərbaycanla həmin əraziləri 30 ildir işğalda saxlayan və əbədi olaraq saxlamağı düşünən Ermənistan eyni məsuliyyəti daşıyırlar.
Bir-iki dövlətdən başqa heç kəs demir ki, Ermənistan işğal etdiyi ərazilərdən çəkilməlidir. Yox, qoy Azərbaycan öz torpaqlarını azad etmək üçün başlatdığı hərbi əməliyyatı dərhal dayandırsın və bir daha başlamasın, çünki bu konflikt yalnız danışıqlar yoluyla həll olunmalıdır.
Aradan keçən 30 il göstərdi ki, Ermənistan 300 il bundan sonra da işğal etdiyi əraziləri azad etmək fikrində deyil, erməni siyasilər yüz dəfələrlə “torpağı tutmaq üçün qan tökmüşük, qansız vermərik” tipli bəyanatlar, açıqlamalar veriblər.
Amma bu kimin vecinədir? Onların bildiyi odur ki, tutuquşu kimi, bir-birinin ağzına tüpürübmüş kimi eyni şeyi təkrar etsinlər: “Hərbi əməliyyatlar dayandırılmalıdır”.
30 il əvvəl erməni fitnəsinə uyaraq xalqımızın əliyalın övladlarının qanını tökən, SSRİ boyda imperiyanın iflas və süqutunu sürətləndirən Mixail Qorbaçov hələ indi ağıllanıb, deyir ki, münaqişənin həll yollarını bilir, bundan ötrü elə bir tənzimləmə tapılmalıdır ki, tərəflərdən biri özünü qalib, o biri məğlub hesab etməsin.
Utopiyanın bu həddinə heç Anri Sen Simon və ya Şarl Furye də çatmayıblar. Yaşı 90-a dirənmiş qoca siyasətçi sanki erməniləri tanımır. Bunlar o kəslərdir ki, 4 il əvvəl adicə Lələtəpədəki mövqelərini itirdiklərinə görə məğlubiyyət acısı yaşayır, hələ rusları da qınayırlar ki, təpəni saxlamaq üçün onlara kömək etməyib, Azərbaycanın qarşısını almayıb.
Əslində Dağlıq Qarabağda müharibənin başlanmasının qarşısını almaq üçün hamıdan çox məhz Qorbaçovun özünün imkanı olub. O zaman ermənilərin ağzının üstündən vurmaq kifayət idi. Fəqət əvvəlcə o özü, sonra arvadı Raisa Maksimovna, ardınca Kremldə yuva salmış erməni əsilli vəzifəli şəxslər aşkar-gizli şəkildə separatçılara dəstək verdilər, silahlanmalarına göz yumdular, axırda da Azərbaycan tərəfin qolunu tutdular, işğala şərait yaratdılar.
Ramzan Kadırov müharibənin və sülhün qiymətini hamıdan yaxşı bildiklərini deyir və tərəfləri sülhə çağırır. Sanki o, bu işləri bilir, biz bilmirik. Çeçenistan lideri deyir ki, “bütün Qafqaz və onun qardaş xalqları bu münaqişədən ziyan çəkir”. Bəs kimdir günahkar? Kimdir aqressor? Başqalarına qarşı hərbi cinayətlər törədən tərəf kimdir? Bu suallara cavab vermək Kadırovun işi deyil, onunku “ağsaqqallıq” etməkdir.
Cənubi Osetiyanın başbilənləri isə öz dərdlərini ağlayırlar. Onlar da başqa bir dövləti parçaladıqları üçün istər-istəməz “DQR”-i özlərinə bir köynək yaxın bilir, erməni separatçılarla həmrəylik nümayiş etdirir, dünya birliyini Qarabağda hərbi əməliyyatlara son qoymağa çağırırlar. Osetiyalılar belə bir günün onlar üçün də ola biləcəyindən qorxurlar, ona görə “haray bəri başdan” siyasəti yeridirlər.
Sabah ola bilsin, Pridnetrovye, Krım, Donetsk separatçıları da onlara qoşulacaqlar.
Artıq ABŞ-ı, bu vəsiləylə dünyanı idarə edənlər də dilə gəlir, eyni sözləri deyirlər: “sülh, danışıqlar, münaqişənin dinc həlli”.
ABŞ Dövlət Departamentinin Rusiyanın Təhlükəli Hərbi Hərəkətləri dair Bəyanat | Azərbaycanda ABŞ səfirliyi
Bu da o ABŞ-dır ki, 29 il öncə dünyanın bu başında İraq Küveyti işğal edəndə ABŞ dərhal bölgəyə təyyarədaşıyan gəmilərlə, böyük hərbi qüvvəylə gəldi və səhrada tufan qopararaq, aqressoru öz sərhədlərinin daxilinə qədər qovdu, bəs olmadı, 10 ildən sonra İraqa da girdi, Səddam Hüseyni devirdi, ardınca tapdırıb, asdırdı, dincəldi.
Hansısa münaqişənin “sülh yoluyla tənzimlənməsi” yaxşı şeydirsə ABŞ o fəndi indiyədək hansı regionda tətbiq edib? Panamadan Əfqanıstana qədər hər yerə silahla, qırıcı təyyarələrlə, bir tonluq “Tomohavk” bombaları ilə gedən, ayağı dəyən yeri xaraba qoyan bir dövlət məhz iş başqalarına gələndə şlyapasından ağ göyərçinlər çıxarır, adını da “sülh quşu” qoyur.
Qarabağ münaqişəsinin bu qədər uzanmasının baiskarları məhz bu yalançı “sülhpərvər”lərdir. Onlar ortalığa girərək, aqressora birbaşa və dolayısı ilə havadarlıq edərək, ermənilərlə bizi baş-başa, təkbətək biraxmırlar, vaxtaşırı qolumuzu tuturlar, nəticədə erməni separatçılar onların kölgəsində duraraq onu öz kölgəsi sayır, özünü güclü hesab edir.
İş belə alınanda, qısa müddətli təkbətək çıxmaq fürsəti yarananda isə məhz ermənilər qulaqlarının dibinə dəyən ilk şillədən sonra başlarını tutur, məhəllədə döyülən əfəl uşaq kimi “ay nənə, öldüm oooy” deyə havadarlarının üstünə qaçır. Onlar da gəlib əllərinə qopuz əvəzinə toppuz götürüb gəlir, “ağsaqqallıq” edirlər, “dalaşmayın, tay-tuşsunuz, qonşusunuz” deyirlər.
Deyən yoxdur ki, axı bu yaramaz qonşu çəpərin üstünə çıxıb anamıza söyəndə, Şuşada parad keçirəndə, qondarma parlamentlərini Şuşaya köçürəcəklərini bəyan edəndə, Anna Akopyan əyninə əsgər paltarı geyinib, üzüquylu uzanıb, əlindəki “Kalaşnikov” avtomatını bizə tuşlayanda, Paşinyan Cıdır düzündə yallı gedəndə hardaydınız, niyə demirdiniz, yola gəlin, Azərbaycanı qıcıqlandırmayın, qalıcı sülh olmayınca tikinti-quruculuq işlərinə başlamayın.
İndi məsələ belə alınıb. Qarabağda sülh olmasını istəyənlər bir ay səbrli olsunlar, görsünlər, ərköyün inadkar necə quzuya dönür.

Xalid KAZIMLI












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.