Hamlet İsaxanlının təzadları

30-04-2015, 13:22           
Hamlet İsaxanlının təzadları
"Xəzər" Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın təxminən 2 ay öncə məruz qaldığı zorakılıqlar yəqin ki, oxucularımızın xatirindədir. Gecə saatlarında, ictimai yerdə tanışları Elin və Zaur Məmmədov qardaşları tərəfindən döyülən, söyülən və sair təhqiramiz münasibətlərlə üzləşən Ülkər xanımın hadisədən sonra istintaq orqanında izahatı da alınmışdı. Qardaşlardan biri Zaur Məmmədov barəsində 2 aylıq həbs qərarı verilmişdi.

Yayılan xəbərlərə görə, Zaur Məmmədovun bu günlərdə azadlığa çıxacağı gözlənilir. Zaur Məmmədovun vəkili Adəm Məmmədov məsələ ilə bağlı bu günlərdə verdiyi açıqlamasında cinayət işində söhbətin xuliqanlıq, ictimai münasibətlərin kobud şəkildə pozulmasından getdiyini deyib. O, daha sonra qeyd edib ki, "bununla bağlı Ali Məhkəmənin müvafiq qərarı var. Orda ictmai münasibətlərin pozulma normaları qeyd olunub. Həmçinin dövlətə və vətəndaşlara ziyan vurulması halları da var. Bu qərara uyğun olaraq mübahisə olunan yerdə həmin şəxslərin söyüş söymələri, söyüşün nə qədər davam etməsi, həmin sözləri kimlərin eşitməsi məsələləri tam araşdırılmalıdır. Videodan da görünür ki, Məmmədov qardaşları Ülkər İsayevanı yalnız avtomobildən bayıra çıxardırlar. Ona qarşı hər hansı bir kobudluğun olmasını əks etdirən kadrlar videoda yoxdur. Ağır söyüş və təhqirin olmaması, zərərçəkmiş şəxsə xəsarət yetirilməməsi, eyni zamanda dövlət və vətəndaşların əmlakına ziyan vurulması halları mövcudd deyilsə, cinayət işinə ya bəraətverici əsaslarla xitam verilməlidir, ya da gələcəkdə bu iş yenidən məhkəməyə göndərilərsə, onlar barəsində ittiham hökmünün çıxarılması çox çətin olacaq". Vəkilin əlbəttə ki, baş verənlərə münasibətindən belə nəticəyə gəlmək olar ki, Ülkər İsayevanı döyən Zaur Məmmədov azadlığa çıxa,hətta bəraət ala bilər. Bu bəraəti ona qazandıran isə əslində elə Ülkər İsayevanın özü və atası-Xəzər Universitetinin təsisçisi və rektoru, riyaziyyatçı alim və şair-publisist Hamlet İsaxanlı oldular. Hörmətli rektorun baş verənlərə təzadlı münasibəti özünü çox erkən göstərdi. Yəni, Hamlet müəllim martın 9-da baş vermiş "gecə əhvalatının" aparıcı obrazı olan qızını Katya adlı rəfiqəsi ilə "səhv" saldı. Bizcə təzadlar da burdan baş alıb gedir. Hara getdiyi bilinməsə də, maraqlı və gözlənilməz təhlillərə yol açır. Başa düşüləndir ki, Hamlet İsaxanlı qızının adının belə bir cinayətdə hallanmasından narahat olub. Məsələnin mümkün qədər tez "arxivə" vurulmasına çalışan hörmətli alimimizin işgüzar imicinə də onsuz da hadisədən sonra müəyyən zərər dəyib. Məsələnin mətbuatın gündəmindən tez bir zamanda çıxarılması Hamlet müəllimin geniş əlaqələrinin "məhsuludur". Lakin, ictimaiyyəti geniş surətdə bilgiləndirən, onun ciddi maraq və qınağına səbəb olan bütün bu olmuşlardan sonra tərəflər arasında gözlənilən barışığın artıq nə mənası var ki? Şair demiş,

Kölgə çökdü gözümüzə,

Kül ələndi üzümüzə,

Bənzəmədik özümüzə

Nə mən məndim, nə sən səndin...

Bəli, Hamlet müəllim qızı Ülkərlə ilgili olaya münasibətində açıqlamalar verərkən çox güman ki, özünə bənzəməyə çalışmışdı.Ülkər xanım da 2 sərxoş qardaşın avtomobilindən zorla çəkilib çıxarılanda, əl və ayaq zərbələri alanda, çəkdiyi o gecə zülmündə də deyəsən özündə deyildi. Hardan yarandı bu təzad? Yuxarıdakı misralar Hamlet İsaxanlının hələ 2001-ci ildə işıq üzü görmüş "Təzadlar" kitabından götürülüb. Şairin bu kitabında toplanmış poetik düşüncələri, qeyd edək ki, onun yaradıcılığının sanballı bir hissəsini təşkil edir.Dərin, maraqlı elmi araşdırmaları və bənzərsiz təfəkkür tərzi ilə seçilən bu şair-intellektin Azərbaycanda çox böyük nüfuzu var. Qızı Ülkər xanımın öz səhvləri üzündən düşdüyü xoşagəlməz olaydan sonra bu nüfuzun çəkisi görən nə yerdədi? "Evimin bəzəyi Ülkərim" deyən atanın Universiteti çox böyük müvəffəqiyyətlə bitirmiş Ülkər xanımın təzadları bir psixoloq kimi onun hələ tam formalaşmadığına dəlalət edir: belə istedadlı və yaradıcı atanın məktəbini əxz edə bilməyib. Teleekranlardan ictimai fikrə məsləhət sərgisi əlbəttə yaxşı əlamətdi, bir şərtlə ki, sözün çəkisinə qiymət verən elm və amal adamı tərəfindən verilsin. Şəxsi həyatını sevgilisi tərəfindən məruz qaldığı zorakılıqdan sonra bilməyərəkdən ictimailəşdirmiş Ülkər xanımın buna haqqı varmı? Təəssüf ki, düşünülməmiş belə addımdan daha çox əziyyət çəkən ata oldu...Hamlet İsaxanlı "Dənizdə bir quş" şeirində duyğusal insana həyəcan və təlaş gətirən psixoloji məqamı poetik ustalıqla belə qələmə alıb:

" ...Qırılmışdır qanadı,

Qalıb suyun üzündə.

İşlər yaman fənadı,

Qəm oxunur gözündə.

Güvəndiyi göy sular

O quşa qənim oldu.

Üzüntülü duyğular,

Ağrılar mənim oldu"

Əlbəttə, heç kəsə mənəvi ağrılar arzulamırıq. Doğma qızının həyatını kimlərlə bağladığı çoxlarına tərbiyə nümunəsi daşıyan atanın diqqətindən necə oldu ki, yayındı? Böyük bir ali təhsil müəssisəsində oxuyan yüzlərlə, minlərlə tələbə gənc bu olaydan özü üçün hansı dərsi götürsün, Hamlet müəllim? Əlbəttə, bir rektor, alim, şair kimi ali məktəblərdə mühazirə, olsun ki, seir də oxuya bilərsiniz. Bəs bu gənclərin baxışlarındakı sualları necə, oxuya bilərsinizmi?
Mahir Sevdimalıyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.