Tikinti sektorunda ölənlərin sayının gizlədilməsi də bir biznes imiş

30-04-2015, 21:07           
Tikinti sektorunda ölənlərin sayının gizlədilməsi də bir biznes imiş
BMT-nin məlumatına görə, dünyada istehsalat prosesində hər 15 saniyədə 153 bədbəxt hadisə baş verir və istehsalatda 1 işçi həlak olur. Bəs Azərbaycanda vəziyyət necədir? İl ərzində bədbəxt hadisələrdən neçə nəfər həlak olur? Araşdırmalara görə, 2015-ci ildə ölümlə nəticələn təxminən 10 bədbəxt hadisə baş verib. Xatırladaq ki, 28 aprel dünyada iş yerlərində həlak olan və zərər çəkənlərin "Xatirə günü" kimi qeyd olunur.

İlk dəfə 1989-cu ildə Amerika və Kanada zəhmətkeşləri bu günü qeyd etməyə başlayıblar. Məqsəd diqqəti iş yerlərində əmək şəraitinin yaxşılaşdırılmasına çəkmək, əmək hüquqlarının müdafiəsini gücləndirməkdir. Beynəlxalq Əmək Təşkilatının təklifi ilə hər il 28 aprel "Ümumdünya Əməyin Mühafizəsi Günü" kimi qeyd olunur.

3 ayda 8 ölü, 25 xəsarət alma…

"Ümumdünya Əməyin Mühafizəsi Günü" ilə bağlı Azərbaycanda da, tədbirlər keçirildi. Tədbirdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ölkədə əmək hüquqlarının vəziyyətindən, dövlətin gördüyü tədbirlərdən danışıb. O bildirib ki, 2015-ci ilin birinci rübündə Azərbaycanda istehsalat prosesində bədbəxt hadisələr ötən ilin analoji dövrü ilə müqayisədə 40% azalıb. 2015-ci ilin ilk 3 ayında istehsalat prosesində 33 bədbəxt hadisə olub. 8 hadisə ölümlə nəticələnib, 25 nəfərsə xəsarət alıb. Nazir əlavə edib ki, bədbəxt hadisələr daha çox tikinti sahəsində qeydə alınıb: "Bu da onu göstərir ki, sözügedən sektorda hələ də əmək təhlükəsizliyi ilə bağlı problemlər var". Dövlət Əmək Müfəttişliyi müəssisələrdə Əmək Məcəlləsinin tələblərinə əməl edilməsinə nəzarət üçün yoxlamalar aparır. Müfəttişlikdən Məhərrəm Məhərov mətbuata bildirib ki, aşkarlanmış pozuntularla bağlı Respublika Prokurorluğuna məlumat verilir: "Biz əmək pozuntuları, onların səbəblərini araşdırırıq. Aşkarlanan pozuntuları Respublika Prokurorluğuna göndəririk. Prokurorluq lazımi tədbirləri görür. Əmək Müfəttişliyi belə yoxlamaları daim aparır. Məsələn, dünən daş karxanalarında yoxlamalardan sonra 2 karxananın müvəqqəti bağlanılması qərara alınıb. Karxana əmək şəraitini yaxşılaşdırandan sonra fəaliyyətini bərpa edə bilər".

Hüquqşünas Azər Quliyev düşünür ki, Azərbaycanda istehsalat sahəsində ölən və xəsarət alanların sayı daha çoxdur. Amma onlar bir çox hallarda ya gizlədilir, ya da qeydə alınmır: "Bu sahədə indiki durum heç də yaxşı deyil. Bunu bilmək üçün heç müəssisələrdə hər hansı yoxlamalara da ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Şəhərdə gedərkən "kaskasız", kəmərsiz, xüsusi qoruyucu vasitələrdən istifadə olunmadan işləyənləri görmək mümkündür. Ən maraqlısı isə odur ki, belə hallar Dövlət Əmək Müfəttişliyinin yerləşdiyi binanın yaxınlığındadır. Amma hər hansı tədbirlər görülmür. Bakının mərkəzində binaların fasadların təmir və bərpası zamanı ən sadə təhlükəsizlik qaydalarına belə əməl olunmadığı görünürdü". Azər Quliyev əlavə edir ki, əməyin mühafizəsi deyərkən həm də işçilərin sağlam şəraitdə fəaliyyəti nəzərdə tutulur. Amma bu norma nəzərə alınmır deyə, bəzən işçilər sonradan hansısa xəstəliyə tutulurlar.

Əməyin mühafizəsində hökumətin strategiyasi…

Ötən ilin sonlarında Azərbaycanda "əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya" hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Strategiyada aşağıdakı hallar nəzərdə tutulur:

"Əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramının qəbul edilməsi;

"Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin;

"Dövlət Əməyin Mühafizəsi Fondunun,

"Əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması,

"İş yerlərində təhlükəsizlik və sağlamlıq üzrə Avropa standartlarının qəbul edilməsi;

Səlim Müslümovdan fəqli olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev başqa çür düşünür. Onun mətbuata verdiyi açıqlamada deyilir ki, iş adamları təhlükəsizlik qaydalarını bilmirlər, tikintidə iş şəraitini normal qurmurlar: "İşçi təhlükəsizlik kəmərləri və dəbilqələrlə təmin edilmir. Nəticədə iş yerində ölüm və zədələnmə halları baş verir. Ümumiyyətlə, işçinin xəsarət alması ilə nəticələnən halların 60-65%-i tikinti sahəsində baş verir. Hələ bu, düzgün və dolğun məlumat deyil. Çünki işəgötürənlər işçi və baş verən hadisə ilə bağlı bəzi məlumatları gizlədirlər. Qeyri-rəsmi şəkildə işçi ilə əlaqə yaradır, onlara sosial təminatları ilə bağlı problemlərini həll edəcəklərinə söz verirlər. İnsanlar da hüquqlarını bilmədikləri üçün inanırlar. Bu adamlar sonradan əmək əlillərinə çevrilir və öz hüquqlarını tələb edə bilmirlər".

Səttar Mehbalıyev qeyd edib ki, Konfederasiya hazırda belə müəssisələrdə həmkarlar təşkilatlarının yaradılmasına çalışır: "Həmkarlar təşkilatları olan yerdə xəsarət və ölüm halları, bədbəxt hadisələrin sayı qat-qat aşağıdır. Çünki həmkarlar təşkilatı olan müəssisələrdə işçinin hüquqlarını özündə əks etdirən kollektiv müqavilələr bağlanılır. Bu da neqativ hadisələrin sayının azalmasına səbəb olur".

Əmək Müqaviləsi qəsdən bağlanmır

Bu sahədə digər bir problem bədbəxt hadisə zamanı işçiyə kompensasiyanın ödənilməməsidir. Bunun səbəbi isə, işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanmamasıdır. Parlamentin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli isə istehsalat sahəsində işçilərlə əmək müqaviləsinin bağlanmamasının kütləvi hala çevrildiyi fikri ilə razılaşmır: "Biz əmək müqaviləsinə son dəyişiklik etdik. Əgər işəgötürən işçi ilə əmək müqaviləsi bağlamırsa, o, 3 min manat cərimə edilir. Bu, ciddi məsələdir. Ona görə də belə hal yoxdur". Amma bir gün vaxt ayırıb, tikinti gedən meydançalarda fəhlələrlə söhbət etsəniz görərsiniz ki, onların 80-90 faizinin əmək müqaviləsi yoxdur. Bu sahədə araşdırma aparan Azərbaycan İnşaat Kompleksi İşçiləri Müstəqil Həmkarlar Komitəsinin monitorinq qrupu bildirib ki, tikinti sektorunun təqribən 70 faizində ya əmək müqaviləsi yoxdur, ya da bağlanan müqavilə qanunvericiliyin tələblərinə cavab vermir: "Orda işçinin yox, işəgötürənin hüquqlarından bəhs edilir. Bu vəziyyət isə bütünlükdə tək mənəvi yox, elə hüquqi məsuliyyət yaradır. Çünki müqavilə bağlamayan sahibkar həm dövlətin, həm də işçinin cibinə girmiş olur. Əgər əmək müqaviləsi bağlansa, onda işçiyə məzuniyyət verməlidir, əlavə işlədəndə bunun ikiqat pulunu ödəməlidir. Müqavilə bağlamır, axırda heç pulunu da tam vermir. Həm də vergidən yayınırlar. Heç bir tikinti şirkətində həmkarlar təşkilatı yoxdur. Əgər kimsə həmkarlar təşkilatı yaratmaq istəyirsə, həmin işçini müxtəlif bəhanələrlə işdən qovurlar. Ona görə də çoxu iş yerini itirəcəyindən qorxub tətil və ya başqa etiraz üsullarına əl ata bilmir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.