"1 kiloya 1 dollar" devizi ilə işləyən gömrük məntəqəsi — KORRUPSİYA /FOTOREPORTAJ

15-02-2016, 13:44           
"1 kiloya 1 dollar" devizi ilə işləyən gömrük məntəqəsi — KORRUPSİYA /FOTOREPORTAJ
Dağıstanda son dəfə 10 il bundan əvvəl olmuşdum. Bir neçə gün öncə dostların "Dağıstana bazarlığa gedirik, sən də bizimlə get" təklifi maraqlı oldu. Həm də nə yalan deyim, oralardakı ucuzluq haqda eşitdiklərim məni bir az da şirnikləndirdi. Bir qədər tərəddüd eləsəm də, maaşdan qopub qalan 5-10 manatımı da cibimə qoyub yola düşürəm.

Səhər saat 5-dir, "Samur" Gömrük Keçid Məntəqəsinin qarşısındayıq. Kimsəni əliboş görmək mümkün deyil. Əl arabaları, iri zənbillər yol yoldaşlarımın əsas yüküdür. Hər kəs Dağıstana adlayıb, oradan ucuz mal alıb geri qayıtmaq istəyir. Düzdür, mənim apardığım pulla elə ciddi bir şey almaq olmaz, amma ən azı geriyə əliboş dönməyəcəyimə inanıram. Çox sıxlıq olduğundan vaz keçib geri qayıtmaq istəyirəm. Maşınımızı çətinliklə məntəqənin qarşısındakı "dayanacaqda" saxlayıb irəliləyirik. AZTV-nin ekranından pırıl-pırıl gördüyümüz məntəqə ortabab kənd klubunu xatırladır. Şəraitsizlikdir. Hər halda ilk gördüklərim bunlardır.

Rusiya gömrükçüləri bizi yoxlayırlar. Hərəmizə gediş-gəliş səbəblərini və digər məsələləri qeyd etmək üçün bir kağız verilib. Rusların mimikalarında bizə qarşı etinasızlıq, yuxarıdan aşağı baxmaq açıq-aşkar hissi olunur. Qayıdan baş onların ahıl yaşda bir azərbaycanlı kişinin başına hansı oyun açdıqlarının şahidi oluram...Bu barədə sonluqda...

Sərhədi adlayan kimi "Qazel"lər dayanıb. Adambaşı 200 rubla (bizim pulla 4 manat) yaxınlıqdakı Qapsax kəndinə aparırlar. Deyilənə görə bu kənddə ucuz topdansatış dükanları var. Ötən səfərdən gələnlər isə kəndin o başındakı supermarketi tərcih edirlər. Sürücümüz (Sürücümüz deyəndə yekə çıxır. Yəni 200 rubla bizi Qapsaxa aparan "Qazel"in sürücüsünün) isə mənə görə dünyanın bəlkə də 5-10 ən bəxtəvər bəndəsindən biridir. Təsəvvür edin, maşındakılar deyirlər ki, sür gedək. Adam bir kəlmə "oldu" deyir və mimikası dəyişmir. Etiraz edirlər, yenə eyni mimikadadır. Yüksək tonda danışırlar, sanki heç kimi eşitmir.

Qapsax kəndindəyik. Kəndin itlərindən başqa hamı yatıb. Buralarda qəribə sakitçilik hökm sürür. Maşındakılardan biri zarafata salıb "deyirəm, kəndi söküb aparasan, bir nəfərin xəbəri olmaz e" deyir. Deyəsən, qardaş yaman ürəklənib.

Axır ki, bir topdansatış dükanı açılır. Maşındakıların dükana necə girdiyini burada yaza bilmirəm. Çünki ona nə ustalığım, nə təcrübəm çatmaz. Düşünün ki, bir adam iyirmi il əsirlikdən qurtarıb gələn əzizini görməyə gedir.

Dükandayıq. Qiymətlər doğrudan da münasibdir. Hətta Bakıdakı "Ucuz market"lərdən qat-qat ucuzdur. Məsələn, Bakıda 5 kiloqramlıq qutusu 17-18 manata satılan "Tulçinka" yağı Qapsaxda 9 manat 50 qəpikdir. Burada 3 manata satılan siqaretləri orada tən yarı qiymətə tapmaq mümkündür. Məhsulların hamısının adını bir-bir yazmadan deyim ki, qiymətlərdə inanılmaz fərq var.

Hamı sevinə-sevinə dükanın rəflərini "süpürüb" zənbilinə yığır. Müşahidələrimə ara verib, cibimdəki qəpik-quruşa uyğun bir neçə şey də mən alıram.
Yükümüzü tutmuş sayıla bilərik. Amma xanımlardan bəzilərinin gözü rəflərdə qalıb. Əslində, burada qəribə bir şey yoxdur. Bakıda 30 manata gördüyün məhsulu, orada 8 manata görəndə başqa cür olmur.

Qayıdırıq. Bu dəfə "Şirvanovka" məntəqəsindən qayıdacağıq. Bu məntəqə axşamüstü 5-ə kimi işləsə də, guya nisbətən rahatdır. Qapsax kəndindən olan taksi sürücüsü Zakir bizi 300 rubla "Şirvanovka" məntəqəsinə gətirməyə razılaşır. Yolboyu bir az Rusiya rəhbərliyindən, bir az Dağıstan prezidentindən, bir az özündən, bir az Obamadan narazılıq eləyir. Amma Bakıdakı sürücülər kimi "ali təhsilli" deyil. Heç əvvəl "biznesmen" də olmayıb. Pulumuzu verib düşürük.

Rusiya sərhədçiləri əllərində çanta olan azərbaycanlıları elə süzürlər ki... Şəxsən məndə belə bir təəssürat yarandı ki, oğurluq nəsə aparıram. Qəfil haray-həşir düşür. Məlum olur ki, bir cavan oğlan ağsaqqal kişinin zənbilinə kömək etmək istəyib. Bu da həmin boynuyoğun rusların xoşuna gəlməyib. Ona görə ağsaqqalı aparıb sıranın lap axırına qoyurlar. Ancaq hələ bizim gömrükçülərin çıxaracağı həngamədən xəbərsizəm.

Gözləyirik. Yarım saatdır ki, hərəkət dayanıb. Gömrük xidmətinin baş leytenantından səbəbini soruşuram. Deyir ki, içəridə camaatın zənbillərini tərəziyə qoyub çəkirlər, sonra hər kiloya görə rüsum alırlar. İqtisadiyyat yazarlarının bildiyi sahədir, lakin ortada bir "əmma"nın olduğu şübhəsizdir.

Məntəqənin içərisindəyik. Yüklərimizi çəkirlər. Məlum olur ki, hər kəs özü ilə on kiloqram yük apara bilər. Qalan yükün hər kiloqramı üçün bir dollar ödəmək lazımdır. Mən bizim gömrükçülərin dolları çox xoşladığı haqda eşitmişdim, amma bu qədərini ağlıma gətirməzdim. Hesablayırlar və biz 70 dollar rüsum ödəməliyik.

Bayaqdan yekəpər, ortayaşlı bir nəfər ora-bura var-gəl edir. Mülki geyimdədir, amma davranışından, məntəqə əməkdaşlarının münasibətindən hiss olunur ki, mülki şəxs deyil. Etiraz etdiyimi görüb yaxınlaşır və nəyisə izah etməyə çalışır. Bir neçə sənəd göstərir ki, bax burada belə yazılıb, orada o cür qeyd olunub. İsrarla "hər kiloya bir dollar" sözləri yazılmış sənədi tələb edirəm. Döyüküb qalıb. İçəridən bir gömrükçünü çağırır. Gömrükçü hamını birdəfəlik "başa salmaq" üçün onların qarşısında geniş nitq söyləyir. Amma çifayda. "Hər kiloya bir dollar" kampaniyasının səbəblərini soruşuram. Bayaqdan ağızlarına su alıb dayananlar da yerbəyerdən donquldamağa başlayıblar.

Ən axırda məcbur olub mətbuatdan olduğumu deyirəm. Mülki geyimli hörmətli adamın mimikası dəyişir. Ancaq özünü o yerə qoymur. İki-üç dəqiqə sonra sual verir:

- İlk dəfədir keçirsiniz?

-Bəli.

-Bu dəfə keçin, amma gələn dəfə belə olmayacaq.

Məgər bayaqdan pasportumuzda ilk dəfə keçdiyimizi görmək mümkün deyildi?

Məntəqəni tərk edəndə təsadüfən bu şəxsin kim olduğunu öyrənirəm. İşçilərdən biri Ruslan adlı bu şəxsin tapşırığının icrasına hazır olduğunu deyir:

-Oldu rəis...
ölkə.az
"1 kiloya 1 dollar" devizi ilə işləyən gömrük məntəqəsi — KORRUPSİYA /FOTOREPORTAJ
"1 kiloya 1 dollar" devizi ilə işləyən gömrük məntəqəsi — KORRUPSİYA /FOTOREPORTAJ
"1 kiloya 1 dollar" devizi ilə işləyən gömrük məntəqəsi — KORRUPSİYA /FOTOREPORTAJ
"1 kiloya 1 dollar" devizi ilə işləyən gömrük məntəqəsi — KORRUPSİYA /FOTOREPORTAJшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.