Etibarsız bankların adı açıqlandı: "Özünüzdən və pulunuzdan muğayat olun!"

15-02-2016, 18:51           
Etibarsız bankların adı açıqlandı: "Özünüzdən və pulunuzdan muğayat olun!"
Banklarımızın etibarlılıq reytinqi

(2015-ci ilin IV rübü üzrə hesabatların təhlili əsasında təsnifat)

Banklarımızın rüblük hesabatlarının təhlilini bu dəfə qəsdən gecikdirdim. Çünki III rübün nəticələri üzrə tənqidi yazımdan sonra bir sıra bank dərhal hesabatlarını tam və ya qismən dərc etdi. Bu, sevindirici haldır. Yavaş-yavaş bankların üzərində ictimai nəzarət sistemini qura bilirik. Məhz buna görə də bu dəfə banklara kifayət qədər vaxt vermək istədim ki, sonra yenə deməsinlər ki, "rüb təzə bitib, bir imkan verin də”. IV rübün bitməsindən artıq ay yarım ötüb. Ümid edirəm ki, bankirlərimiz hamısı devalvasiya şokundan, bəziləri isə həmçinin yeni il əyyaşlığından da özlərinə gələ biliblər.
Etibarsız bankların adı açıqlandı: "Özünüzdən və pulunuzdan muğayat olun!"
Əkrəm Həsənov,
iqtisadçı ekspert
Əvvəla, 3 qeydim var:

1) Ümumən bir daha qeyd etməliyəm ki, III rüb üzrə hesabatlarını dərc edən bankların sayı artmışdı. Lakin IV rüb üzrə yenə də əksəriyyət dərc etməyib. Buna görə də təsnifatım da daha geniş olacaq. Bütün bankları bu dəfə 4 qrupa bölmüşəm. Həmçinin ötən rüblə səthi müqayisə əsasında.
2) Qabaqcadan deyim ki, mən hesabatların dərin iqtisadi təhlilini aparmıram. Qoy bunu iqtisadçı ekspertlər etsin. Vəkil olaraq mən yalnız əsas məsələlərə (bir qayda olaraq, hesabatın mövcudluğu və bankın mənfəət və ya zərərlə işləməsi) diqqət yetirmişəm. Təbii, daha dərin təhlil əsasında fərqli təsnifat da ola bilər.
3) 2015-ci il boyunca olduğu kimi, IV rüb ərzində də Mərkəzi Bank banklara nəzarət tələblərini (kapitala dair, ehtiyatlar üzrə və s.) yumşaldıb. Belə olmasaydı, banklarımızın vəziyyəti daha acınacaqlı olacaqdı. Buna görə də hesabatlar əslində həqiqi vəziyyəti tam əks etdirmir: vəziyyət pisləşdikcə, tələblər yumşalır və hesabatlar həqiqətdə olduğu kimi dəhşətli görünmür. Eyni zamanda bəzi banklarımız dekabr devalvasiyası əsnasında da külli miqdarda gəlir əldə edərək vəziyyətlərini yaxşılaşdırıb, yaxud daha da pisləşməyə qoymayıblar. Bir sözlə, möhtəkirlik ediblər.

I qrup – hesabatlarını daim gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozan 13 bank: Nikoyl Bank, ParaBank, YapiKrediBank, Zaminbank, Ziraat Bank, AGBank, Amrahbank, AtaBank, Bank Standard, Günaybank, XalqBank, KredoBank, Naxçıvanbank. Bunlar ən etibarsız banklardır. Bu qrupa əslində həmçinin Azərbaycan Beynəlxalq Bankı və AzərTürkbank da aid olmalı idi, çünki hesabatlarını dərc etmirlər. Lakin bu iki bank dövlət bankı olduğu üçün və dövlət vətəndaşların oradakı vəsaitinə təminatçı olduğu üçün onları heç bir qrupa daxil etməmişəm. Buna görə də mövcud 37 bankın yalnız 35-i bu təsnifata daxildir.

II qrup – əvvəllər hesabatlarını dərc etsələr də, IV rüb üzrə bunu etməyən 9 bank (etibarlılıq reytinqinin azalması ardıcıllığı ilə yerləşdirmişəm):

1. Bank of Baku – ötən rübün nəticələrinə görə 44 mln-dan çox xalis mənfəəti var idi. Ümid edək ki, IV rübün nəticələri üzrə vəziyyəti o qədər də pis deyil hər halda.
2. AFB Bank – ötən rübün nəticələrinə görə 7 mln-dan çox xalis mənfəəti var idi.
3. Unibank – artıq iki rübdür ki, hesabatlarını tam dərc etmirdi, deməli, gizlədiləsi nə isə var idi artıq. Bununla belə, əvvəlki nəticələri pis deyildi. Lakin bu dəfə heç dərc etməyib.
4. DekaBank – ötən rübün nəticələrinə görə 6 mln-dan çox xalis mənfəəti var idi.
5. Dəmirbank – ötən rübün nəticələrinə görə 1 mln-dan az xalis mənfəəti var idi.
6. Bank Respublika – əvvəllər hesabatlarını dərc etmirdi, ötən rübdə gec dərc edib və hesabat tam deyil (mənfəətlə və ya zərərlə işləməsi aydın deyil).
7. Bank BTB – ötən rübdə kapital tələbini pozurdu: 50 mln əvəzinə 49,663 mln kapitalı var idi.
8. VTB – ötən rübdə 10 mln-dan çox zərəri var idi, məcmu kapital isə 40 mln, yəni tələb olunandan 10 mln az idi.
9. Pakistan Milli Bankı Bakı filialı – ötən rüb üzrə məcmu kapitalı heç 10 mln təşkil etmirdi (tələb 50 mln olduğu halda).
III qrup – rüblük hesabatını artıq neçənci dəfədir ki, yalnız qismən açıqlayan 2 bank: KapitalBank və Rabitəbank. Bu bankların hesabatlarından, məsələn, onların mənfəətlə və ya zərərlə işləməsi aydın olmur. Vəziyyəti yaxşı olan bank bu məlumatı niyə gizlətsin ki?!
IV qrup – hesabatlarını dərc edən 11 bank (etibarlılıq reytinqinin azalması ardıcıllığı ilə yerləşdirmişəm):
1. Accessbank – 62 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 67-dən çox idi).
2. Azərbaycan Sənaye Bankı – 13 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 12 mln-dan çox idi).
3. PaşaBank – 10 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 3 mln-dan çox idi).
4. Caspian Development Bank – 8 mln-dan çox xalis mənfəəti var. Maraqlısı budur ki, III rübü 300 000 yaxın zərərlə başa vurmuşdu və kapital tələbini də pozurdu. Qısa müddət ərzində vəziyyətinin yaxşılaşması devalvasiyadan əldə etdyi gəlir (36 mln-dan çox!) hesabına mümkün olub.
5. Bank Silk Way – 1 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 3 mln-dan çox idi).
6. Bank Avrasiya – 1 mln-dan çox xalis mənfəəti var (əvvəllər dərc etmirdi).
7. NBC Bank – 1 mln-dan çox xalis mənfəəti var (demək olar ki, dəyişiklik yoxdur).
8. Muğanbank 1 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 2 mln-dan çox idi).
9. Expressbank – 1 mln-dan az xalis mənfəəti var (ötən rübdə 18 mln-dan çox idi).
10. Turanbank – 1 mln-a yaxın xalis mənfəəti var (demək olar ki, dəyişiklik yoxdur).
11. Bank Melli İran Bakı filialı – 1 mln manata yaxın zərəri var, amma kapitalı 50 mln-dan çoxdur.

Sonda bir daha vurğulamaq istəyirəm ki, savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. Maliyyə göstəricilərindən belə asılı olmayaraq. Özünüzdən və pulunuzdan muğayat olun!

Arqument.Azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.