Qərb Bakını Kremlə qarşı gücləndirir

1-03-2016, 10:15           
Qərb Bakını Kremlə qarşı gücləndirir
Avropa və ABŞ-ın enerji bosları Azərbaycanda bir masada; Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində enerji nazirlərinin ikinci toplantısında önəmli mesajlar; Rusiyadan yan keçən strateji qaz kəmərlərinin inşası sürətləndirilir; Prezident İlham Əliyev: “Bu, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir...”
Fevralın 29-da Bakıda Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının II iclası keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı toplantıda layihənin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın yüksək vəzifəli şəxslərinin, habelə Transanadolu Boru Kəməri (TANAP) və Transadriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri iştirak edib.

Xəzərdəki “Şahdəniz-2" qazını 3500 km-lik kəmərlə Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə Avropa bazarına çatdıracaq bu nəhəng layihənin müzakirəsinə həsr olunmuş sammitdə prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı toplantının önəmindən bəhs edib, mühüm mesajlar verib. ”Bu layihə Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi layihəsi barədə danışdıqda biz anlayırıq ki, bu, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir" deyə, prezident bildirib. Ölkə başçısı deyib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. İ.Əliyev daha sonra bəyan edib: “Azərbaycan bütün öhdəliklərinə sadiqdir”. Ölkə başçısı TAP layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib: “Cənub Qaz Dəhlizi 21-ci əsrin tarixi layihəsidir. Layihənin reallaşmasına töhfə verən ölkələrin hökumətlərinə minnətdarlıq edirəm”.
Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan Transadriatik Boru Kəmərinin (TAP) tikintisinə cari ilin mayın sonunda - iyunun əvvəlində başlanacaq. Bunu TAP-ın icraçı direktoru Yan Bredşou deyib. Onun sözlərinə görə, layihənin TAP-ın təməlqoyma mərasimi Yunanıstanın Soloniki şəhərində baş tutacaq. Trans-Anadolu qaz kəməri (TANAP) ilə ilk qaz 2018-ci ildə tədarük olunacaq, 2020-ci ildən isə qazın axını başlanacaq. Bunu isə Trans-Anadolu qaz kəməri layihəsinin baş meneceri Saltuk Düzyol bildirib.

Azərbaycan paytaxtındakı mühüm tədbir və razılaşma dünyanın da diqqətindədir. Xüsusilə də Rusiyanın kənardan izlədiyi bu mühüm layihə Azərbaycanla Avropanın iqtisadi və siyasi münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

“Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində vacib rolunu vurğulayırıq. Ötən bir il ərzində bu strateji layihə üzrə əldə edilmiş inkişafı alqışlayırıq”. APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç twitter səhifəsində yazıb.
ABŞ, Böyük Britaniya və Türkiyə də Cənub Qaz Dəhlizi layihəsini dəstəklədiklərini bəyan ediblər. (APA) Toplantıda çıxış edən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amoş Hokşteyn bu layihənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib. A.Hokşteyn enerji təhlükəsizliyi sahəsində mövcud çətinliklərdən və onların aradan qaldırılması yollarından danışıb. O, ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməkdə davam edəcəyini diqqətə çatdırıb.

Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hosker bu toplantını təşkil etdiyinə görə Azərbaycan hökumətinə təbriklərini çatdırıb. Ölkəsinin Cənub Qaz Dəhlizi layihəsini dəstəklədiyini deyən E.Hosker Birləşmiş Krallıqla Azərbaycan arasında uğurlu işbirliyindən söz açıb, bu layihənin reallaşmasında Azərbaycan tərəfinin rolunu vurğulayıb.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm qolu olan TANAP-ın reallaşmasında Türkiyənin siyasi, iqtisadi və texniki dəstəyinin davam etdiriləcəyini vurğulayıb.

“Xəzər dənizinin resurslarının Avropa bazarlarına çatdırılması böyük əhəmiyyət daşıyır”.

Bunu isə iclasdakı çıxışı zamanı Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib. M. Şevçoviç deyib ki, Avropa İttifaqı enerji təhlükəsizliyini mühüm məsələ hesab edir: “Cənub-Şərqi Avropa, həmçinin Balkan ölkələrində layihəyə böyük maraq var. Beynəlxalq maliyyə təşkilatlarının bu layihəyə maraq və dəstəyini yüksək qiymətləndirirəm. Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir”.

Müzakirələrdən sonra iclasın nəticələri ilə bağlı yekun bəyannamə qəbul olunub. Sənəddə Avropa bazarının Azərbaycanın enerji daşıyıcıları ilə etibarlı təhlükəsiz və davamlı şəkildə təminatı məqsədilə enerji resurslarının istehsalçıları, tranzit ölkələr və istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərin inkişafı və dərinləşməsinin məramı vurğulanır.
Toplantıdan sonra Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla, Gürcüstan energetika naziri Kaxa Kaladzeni qəbul edib. Görüşlərdə ölkələrimiz arasında enerji sahəsi ilə yanaşı, digər sahələri də əhatə edən birgə layihələrin uğurla icrasından məmnunluq ifadə olunub, ölkələrin gələcəkdə də strateji tərəfdaş kimi əməkdaşlıq edəcəyi vurğulanıb.

***
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında uzun müddətdir davam edən prosesin məntiqi sonluğa çatmasını yüksək dəyərləndirdi: “Bu layihə imzalananda nə qədər maneələr oldu. Amma bütün bunlara baxmayaraq, cənab prezident faktiki olaraq ”Şahdəniz" yatağından çıxarılan qazın, ümumiyyətlə, Azərbaycan qazının Avropaya nəqli üçün Rusiya tərəfini yox, məhz Türkiyə tərəfini seçdi. Bu, qazın Gürcüstan-Türkiyə marşrutu ilə, daha sonra isə Adriatik dənizi vasitəsilə Avropa ölkələrinə çıxarılması layihəsidir və Azərbaycan üçün çox əhəmiyyətli layihədir. Eyni zamanda iqtisadi cəhətdən önəmindən başqa, Azərbaycan üçün siyasi əhəmiyyəti də böyükdür. Azərbaycanın müstəqilliyinin qorunub-saxlanması üçün Avropa dövlətlərinin Azərbaycana yatırım qoyması bizim üçün çox önəmlidir.

Necə ki, 20-ci əsrin kontraktı “Əsrin müqaviləsi” idi, bu da 21-ci əsrin kontraktıdır. Ən mühüm məsələlərdən biri də budur ki, İran da öz qazını bu layihə vasitəsilə dünya bazarına çıxartmaq istəyir. Yəni İran üzərindən götürülən sanksiyalar hər iki ölkəni İran-Azərbaycan münasibətlərinə yenidən baxmağa vadar etdi. Yeni əlaqələrin qurulması, Azərbaycanda İran-Azərbaycan Biznes Forumunun keçirilməsi onu göstərir ki, İran karbohidrogen ehtiyatlarının xaricə çıxarılmasında Azərbaycandan istifadə edəcək. Bakı-Ceyhan boru kəmərində də müəyyən qədər ehtiyatımız var, İran nefti də bu kəmər vasitəsilə bazara çıxarıla bilər. Azərbaycan dövlətinin və hökumətinin uğurudur ki, biz qazı, nəhayət, TANAP-TAP layihəsi ilə Avropaya çıxaracağıq".

V.Əhmədov TAP layihəsinin reallaşmaması üçün Rusiya tərəfindən təzyiqlərin çox olduğunu vurğuladı. Qeyd etdi ki, nəhəng bir layihədən kənarda saxlanılan şimal qonşumuzdan hansısa sürprizlər gözləmək olar: “Amma Azərbaycan dövləti də aparıcı Avropa ölkələri ilə sıx əlaqələr yaradıb. Özü də bu layihə təkcə Avropanın deyil, ABŞ dövlətinin də marağındadır və müdafiə edir. Problemlər əlbəttə ki, var, gizlətmək lazım deyil. Hətta Rusiya çox çalışdı ki, layihənin qarşısını alsın. Rusiyanın dövlət başçısı, baş naziri, ”Qazprom"un sədri çox gəlib-getdi ki, biz qazı Rusiya vasitəsilə xaricə çıxardaq. Amma bunun həm siyasi, həm iqtisadi tərəfləri nəzərə alınaraq tamamilə düzgün qərar verildi və Türkiyə marşrutu seçildi. Azərbaycana qarşı təhdidlər və təzyiqlər həmişə olub, 25 illik müstəqillik dövründə biz bunu daim hiss etmişik. Amma bütün bunlara baxmayaraq, hesab edirəm ki, siyasət tamamilə düzgün aparılır".

Politoloq Arzu Nağıyevin fikrincə, baş verənlər əsasən Rusiyanın inhisarçılığından qurtulmaq üçün Qərb tərəfindən atılan addımların bir hissəsidir: “Bir tərəfdən Qərb bununla Rusiyanın iqtisadiyyatına ciddi zərbə vurur, digər tərəfdən də alternativ ixracatçılar axtarır. Rusiya-Türkiyə münasibətinin düzəlməsinin əleyhinə olan Qərb çalışacaq ki, Rusiya öz qazını Türkiyə vasitəsilə də sata bilməsin. Məhz buna görə də belə bir layihənin reallaşmasına çalışır. Məlumdur ki, Avropa uzun müddət enerji ehtiyacını Rusiya vasitəsilə ödəyirdi və oradan idxal olunan qazı istifadə edirdi. Lakin bu proses o qədər asan getmirdi, müxtəlif maneələr, siyasi ambisiyalardan doğan faktlar nəticəsində bir sıra gərginliklər yaranırdı. Yəni iqtisadi çətinliklər məhz siyasi rıçaqlar vasitəsilə Rusiya tərəfindən Avropa üçün müxtəlif təsirlərə çevrilirdi. Bunun pik həddi isə 2009-cu ildə Rusiyanın ”Qazprom" şirkəti ilə tranzit ölkə olan Ukrayna arasında qiymətlərlə bağlı mübahisədən sonra yarandı. Belə olduqda Avropa artıq alternativ marşrutlar aramağa başladı. Marşrutlar müxtəlif cür seçilsə də əsas yol “Cənub Qaz Dəhlizi” kimi nəzərdə tutuldu. Bu dəhliz “Şahdəniz”də hasil edilən qazın 3500 kilometr məsafə qət edərək, Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutur və layihədə əsasən Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstan iştirak edir".

A.Nağıyev əlavə etdi ki, eyni zamanda bu dəhlizə Türkmənistan və Qazaxıstandan, habelə İrandan, İraqdan və Fars körfəzi ölkələrinin digər potensial istehsalçılar da daxil ola bilər: “Bu layihənin Azərbaycan üçün ən vacib məsələsi ondan ibarətdir ki, bunun sayəsində Avropa ilə strateji əməkdaşlıq və tərəfdaşlıq fazasına daxil olur, biznes imkanları genişlənir, ölkəyə maddi vəsait gəlir. Eyni zamanda Azərbaycanın köməyi ilə Avropa özünün enerji təhlükəsizliyini həll etməklə Rusiyanın siyasi təsir vasitələrindən birindən qurtulur. Düşünürəm ki, bu layihələrin həyata keçməsi üçün paralel olaraq regional təhlükəsizliyə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə də çalışmaq lazımdır və bu da Qərbin prioritet istiqaməti olmalıdır”.

Azərbaycan 21-ci əsrdə daha böyük bir anlaşmaya ev sahibliyi etdi, özü də dünyaya meydan oxuyan Rusiyanın kənarda qaldığı anlaşmaya. Görünən budur ki, son günlər Moskvadan Bakıya edilən davamlı zənglər Azərbaycanı tutduğu mövqedən çəkindirmədi. Üstəlik, Qərb Bakının yanında olduğunu böyük bir layihə ilə isbatladı. Bunun qarşılığında Putin Rusiyasının necə davranacağı çox maraqlıdır... musavat.com/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.