Azərbaycan Rusiya-Türkiyə “mehriban düşmənçiliyi”nin məngənəsində - mühasirə daralır...

1-03-2016, 10:17           
Azərbaycan Rusiya-Türkiyə “mehriban düşmənçiliyi”nin məngənəsində - mühasirə daralır...
Ankara-Moskva münasibətlərində artan gərginlik Bakının manevrlərini ağırlaşdırır; rusiyalı politoloq Putinin Əliyevə son zəngləri barədə: “Əminəm, o, İlham Əliyevin Türkiyə əleyhinə addımlar atmasına çalışır...”
Cənubi Qafqazla bağlı ötən həftənin ən mühüm olayı şübhəsiz ki, NATO baş katibinin SSRİ-nin çöküşündən sonra ilk dəfə Gürcüstana gəlməsi və burada alyansın təlim mərkəzinin açılması oldu. Aparıcı Qərb mətbuatı bunu dərhal “misli görünməmiş hadisə”, “NATO-nun Qafqaza” girişinin başlanğıcı kimi qiymətləndirdi.

Ötən ilin noyabrında yaşanan “Su-24" insidentinə görə Türkiyə ilə Rusiya arasında gərginlik davam edir və hətta artmaqdadır. Bu gərginliyin növbəti göstəricisi Türkiyə Böyük Millət Məclisinin Rusiyanı parlamentlərarası birgə dostluq qrupuna qəbul etməməsi sayıla bilər. Bununla bağlı TBMM-in İdarə Heyəti artıq qanun layihəsini qəbul edib.

Qanun layihəsində 129 ölkənin parlamentləri ilə birgə dostluq qrupunun yaradılması nəzərdə tutulub. Lakin Rusiya ilə yanaşı Ermənistan, Suriya, İsrail və Misir də parlamentlərarası dostluq qrupuna qəbul edilməyib. Bu da o anlama gəlir ki, parlament sadalanan ölkələri Türkiyə üçün dost hesab etmir. Hərçənd 4 ölkədən ən çox ikisinin - Rusiya və onun satelliti Ermənistanın qardaş ölkəyə düşmən münasibətindən danışmaq daha ədalətli olar.

Elə Rusiyada da Türkiyəyə qarşı təxminən eyni ovqat və ab-hava hökm sürür. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin apardığı yeni, ən son sorğunun nəticələrinə görə, rusiyalıların əksəriyyəti ən azından Türkiyə rəsmən üzr istəyənədək onu məlum insidentə görə bağışlamaq fikrində deyil. Bu barədə qurumun saytında yerləşdirilmiş materialda deyilir.

Belə ki, respondentlərin 63%-i əmindir ki, Türkiyəyə qarşı tətbiq edilən iqtisadi-ticari məhdudiyyətlər saxlanmalıdır. 3/4-ü (78%) isə Ankara vurulan “Su-24"ə görə rəsmi üzrxahlıq etməyənədək ona hər hansı güzəştin edilməsinin əleyhinədir. Bu zaman rəyi soruşulanların yarıdan bir az çoxu Türkiyə-Rusiya münaqişəsində məhz Ankaranı uduzan tərəf saydığını söyləyib. Təxminən 1/3 (35%) hesab edir ki, heç bir tərəf uduşda deyil.

Sorğu Rusiya Federasiyasının 46 vilayət, diyar və respublikalarının 130 yaşayış məntəqəsində, 1600 nəfər arasında keçirilib.

***
Göründüyü kimi, hər iki tərəfdə bir-birinə qarşı, yumşaq desək, qeyri-dost münasibət qalmaqdadır. Sorğunun nəticələrinə inansaq, Rusiya toplumunda ədavət hissi daha güclü müşahidə edilir - hərçənd, əksər siyasi və iqtisadçı analitiklərə görə, Moskvanın tətbiq elədiyi məhdudiyyətlərdən onsuz da sanksiyalar altında olan Rusiyanın iqtisadiyyatı, əhalisi əslində daha çox ziyan görür. Belə görünür ki, rəsmi Kremlin təbliğat maşını dolanışığı, güzəranı getdikcə ağırlaşan rusiyalıların beynini “obrabotka” etməyi bacarır. Yəni “Ac olaq, kişi olaq” məsəli...

İki böyük dövlətin arasında hökm sürən gərginlik isə sözsüz ki, ən çox Azərbaycanı - həm Türkiyə, həm də Rusiya ilə bir çox sahələr üzrə yaxın əlaqələrə malik ölkəmizi çətin durumda qoyur. Söhbət həm də Suriya (Yaxın Şərq) böhranı ilə bağlı Ankara və Moskvanın diametral zidd maraqlar güdməsi üzündən rəsmi Bakının üzləşdiyi durumdan gedir.

Bir sıra təhlilçilər Rusiya prezidenti Vladimir Putinin ötən həftəsonu öz azərbaycanlı həmkarı İlham Əliyevə iki dəfə zəng etməsinin motivini həm də məhz Rusiya-Türkiyə “mehriban düşmənçiliyi” kontekstində izah eləməyə çalışırlar (ona görə “mehriban düşmənçilik” ki, iki ölkə arasında hər necə olmasa, diplomatik əlaqələr qalır, səfirlər işləyir, Rusiya müqavilə əsasında Türkiyəyə təbii qazın verilişini davam etdirir).

Məsələn, iki prezident arasında son telefon danışıqlarını rusdilli vesti.az saytına şərh edən tanınmış rusiyalı siyasi xadim, “Həmrəylik” hərəkatı Siyasi Şurası Federal Bürosunun sabiq üzvü, Rusiya müxalifəti Koordinasiya Şurasının keçmiş üzvü Andrey Piontkovski bu zəngləri ən əvvəl Rusiya-Türkiyə münasibətlərindəki son böhranlı durumla əlaqələndirib. “Əminəm, o, İlham Əliyevin Türkiyə əleyhinə hansısa addımlar atmasına çalışır. Ancaq burda mənim yadıma Tatarıstan prezidentinin bir sitatı düşür. O, belə bir fikir söyləmişdi ki, ”federal avantüristlərin məhsuldar tatar-türk əlaqələrinə ziyan vurmasına imkan verməyəcək". Rusiya regionlarının rəhbərləri çoxdan Moskva ilə bu dildə danışmırdılar", - deyə politoloq qeyd edib.

“Putinlə danışıqlar zamanı Azərbaycan prezidenti yəqin ki, olduqca nəzakətli olub. Ancaq fikrimcə, o, öz həmsöhbətinə həm də onu anladıb ki, Moskvanın nazına uyğun hərəkət edib qardaş ölkə ilə münasibətləri korlamaq fikrində deyil”, - əlavə edib rusiyalı ekspert.
Analitik bu xüsusda telefon zənglərinin Moskvanın Ermənistana 200 milyon dollarlıq silah ötürməyə hazırlaşması ilə bağlı Azərbaycanın Rusiyaya nota verməsindən sonraya təsadüf etməsinə də diqqət çəkib. “Bakının notası - onun nümayişidir ki, Azərbaycan daha özünü Moskvanın həqiqətən də onun strateji tərəfdaşı olması kimi aparmaq niyyətində deyil”, - deyə o , fikrini tamamlayıb.

***
Rusiyalı ekspertin söylədiklərində həqiqət payı əlbəttə ki, ciddidir. Bir çox digər siyasi şərhçilər də Ankara-Moskva münasibətlərinin hazırkı gərgin səviyyədə qalacağı təqdirdə Bakı üçün iki tərəf arasında əvvəlki tək uğurlu şəkildə balans yaratmağın çətin olacağına əminlik ifadə edirlər. Azərbaycan paytaxtında dünən başlanan və mahiyyət etibarilə Rusiyanın bölgədəki energetik və digər maraqlarına zidd olan qaz sammiti bu qənaəti gücləndirir ki, zəiflətmir. musavat.com
Analitik xidmət












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.