ARABO Terror Dəstəsi. Həsənqaya-Ölüm Xəndəyinə doğru IV Hissə

3-03-2016, 23:01           
ARABO Terror Dəstəsi. Həsənqaya-Ölüm Xəndəyinə doğru  IV Hissə
ARABO Terror Dəstəsi. Həsənqaya-Ölüm Xəndəyinə doğru IV Hissə
2008-ci ildə ortaya çıxan video görüntülər bütün Ermənistanı ayağa qaldırdı. Bu görüntülərə qədər Ermənistan rəhbərliyi ölkə əhalisini aldadaraq rüsvayçı məğlubiyətini 79 nəfərin itgin düşməsi kimi qələmə verirdi. Hətta, həmin gün Ermənistanda müharibə zamanı itgin düşənlərin günü kimi də qeyd edilirdi. Görüntüləri görən erməni ailələr qəddar oğullarını anında tanıdı. Nəticədə, Ermənistan rəhbərliyi və Müdafiə nazirliyi çıxılmaz vəziyyətdə qaldı.
Tez-tez sifarişli mətbuat konfransları keçirilir, xalqı növbəti yalanlarla aldatmağa çalışırdılar. Təbii ki, bu vəziyyətdən ilkin olaraq Manvel Yeğiazaryan ehtiyyatlanmağa başladı. Nəticədə, baş verən hadisəni qəbul etsə də, əməliyyatın onun rəhbərliyi altında aparılmadığını bildirərək özünü təmizə çıxarmağa çalışdı. Bildirim ki, indiyə qədər məsələnin bir çox predmetləri mübahisə mövzusu olaraq qalıb. Belə ki, biz bir sıra suallara cavab tapmalıyıq.
Xocalı və Qaradağlı soyqırım cinayətkarları hansı şəkildə məhv edilib..? Əməliyyat zamanı və sonrası nə baş verib...?
Yüksək komandanlıq və Manvel Yeğiazaryan döyüşçülərin Həsənqaya ətrafında zərərsizləşdirilməsini bilirdi. Lakin həqiqətən də, onların bir hissəsinin əsir düşməsi ehtimalını göz ardı etməyiblər. Bununla əlaqədar hətta, Yeğiazaryan bizim tərəflə təmaslar da qurub. Bildirim ki, əsirlərin dəyişdirilməsi üçün edilən bu kimi əlaqələr gözləniləndir. Belə ki, Manvel Yeğiazaryan 2008-ci il 5 iyun tarixində verdiyi müsahibəsində bildirir:
“Biz bütünlükdə, bu müddət ərzində həmin istiqamətdə çalışırdıq. Bütün əlaqə vasitələrindən istifadə edirdik. Döyüşçülərdən məlumatlar almaq üçün Moskva, Hadrut və digər yerlərə gedirdik. Azərbaycanlılarla danışıqlar aparırdıq. İnformasiya qaynaqlarımız itgin düşmüş əsgərlər haqqında, Azərbaycan cinayətini dünyaya çatdırmaq üçün ayaqda idi.
Hələ 1993-ci ildə mən əsirlərin satışı ilə məşğul olan “Fantomas” ləqəbli bir adamla əlaqə qurdum. Onunla növbəti danışıqlar zamanı razılaşma əldə etdik ki, əgər bizə hər hansı bir itgin düşmüş erməni hərbi əsirini tapıb geri qaytararsa ona 3 kq qızıl verəcəyik. Razılaşmadan bir həftə keçdikdən sonra bizimlə əlaqə yaradaraq bildirdi ki, bizim məsələ ilə bağlı məşğul olmağa və onun Mardakertə (Ağdərə) daxil olmasına icazə verilməyib.
“Fantomas” yanında bir azərbaycanlı gətirmişdi. Bizə əlaqə qurmaq üçün faydalı məlumatlar lazım idi. Nəticədə o bildirdi ki, onun özü 1992-cü il iyunun 29-da döyüşdə iştirak edib. Həmçinin onunla birgə bir qrup muzdlular iştirak edib. Döyüş ən çox yarım saat davam edib və çox böyük itgilər veriblər. Və döyüşdən sonra döyüş ərazisinə gediblər. Görüblər ki, bizim tərəfdən hamı son nəfərə qədər həlak olub. Bizim döyüşçülərin həlak olması haqqında bu məlumatı, təkcə bu azərbaycanlıdan eşitdik. Lakin ciddi qəbul etmədik. Təsəvvür etmək çətindir ki, yarım saata 79 nəfərin ölməsi nə dərəcədə mümkündür, həm də odu silahla..” -deyə Manvel Yeğiazaryan bildirib.
Yeğiazaryandan bir gün öncə yəni, 4 iyun tarixində jurnalistlərə müsahibə verən Larisa Alaverdiyan isə (Ermənistanın ilk hüquq müdafiəçisi, hal-hazırda "İrs" parlament fraksiyasının üzvü) 2008-ci ildə təqdim edilən videomaterialların düzməcə olmasını bildirir və materialların tədqiqat tərəfindən aydınlaşdırılacağını söyləyirdi.
Erməni mətbuatı isə Alaverdiyanın şübhələrinin əsas səbəbini, 1992-ci ilin avqustunda dəstənin “itgin düşməsi”ndən iki ay sonra tərəfimizdən dəstənin 17 üzvünün sağ olması və bizim tərəfdə saxlanılması haqında məlumatın verilməsi ilə əlaqələndirirdi. Belə ki, guya bizim tərəf onları Ermənistanda yerləşən əsirlərimizlə dəyişdirilməsini təklif edib. Daha sonra qeyd edilir ki, bundan sonra əlaqələr daha olmayıb və Arabo dəstəsinin izi yenidən itib. Alaverdyan bildirir ki, növbəti illərdə ziddiyyətli məlumatlar və müxtəlif xəbərlər əldə ediblər. Belə ki, guya kimsə haradasa dəstənin üzvlərini görüb.
Təbii ki, Azərbaycan rəhbərliyi həmin məsələni məxfi olaraq saxlayaraq, Ermənistanda işgəncə vəziyyətində saxlanılan əsirlərin dəyişdirilməsi və ya onlar haqqında məlumatların əldə edilməsi üçün, bu tipli aldadıcı vasitələrdən istifadə edə bilərdi. Həmin il, verdiyi növbəti müsahibəsində Manvel Yeğiazaryan bildirir ki, döyüş başa çatdıqdan sonra, özləri bölüyün mövqelərində olublar və xəndəklərin birində 25-30 cəsəd tapıblar. Digər xəndəyə baxmağı isə, bacarmayıblar. Onun sözlərinə görə, növbəti gün azərbaycanlılar onların gözləri qarşısında buldozerlə səngərləri doldurublar. Bir neçə saatdan sonra, yenidən səngərlərə yaxınlaşmağı bacarıblar. Səngələri qazaraq 8 cəsəd çıxardılıb ki, onlardan da üçü sonradan Ermənistana köçürülüb.
Bununla yanaşı, yuxarıda göstərilən müsahibəsində Manvel guya hansısa azərbaycanlı ilə görüşüb və həmin şəxs onlara qarşı muzdlu bir qrupun döyüşməsi kimi məlumatlar verib. Qeyd edim ki, xüsusilə Həsənqaya döyüşündə hər hansısa bir muzdlu qrupun iştirakının iddia edilməsi birmənalı şəkildə cəfəngiyyatdır və belə deyək ki, Manvelin növbəti uydurmasıdır. Sadəcə Manvel Yeğiazrayan dəstəsinin professional bir əməliyyatla məhv edilməsini həzm edə bilmirdi.
Talış dəstəsinin komandiri Mikayel Apreasyan isə bildirir ki, 75 nəfərlik bölükdən geriyə yalnız beş nəfər gəlib. Apreasyan, dəstənin zərəsizləşdirilməsini silah-sursat çatışmazlığı ilə əlaqələndirərək, onların Ağdərə qərargahından 15 kilometr uzaqlıqda olması səbəbindən silah göndərə bilmədiklərini bildirir. Bununla yanaşı verdiyi digər müsahibələrində, Arabonun hər zaman qara formada iştirak etdiyini bildirir və həmin video görüntülərin doğruluğuna inanmır. Lakin, Apreasyan da yaxşı bilirdi ki, videoya baxan hər bir erməni ailəsi qəddar oğullarını tezliklə tanıyıb. Təbii ki, başqa dəstələrdən yenicə komplektləşdirlən dəstə ilkin olaraq müxtəlif formalarda olmalı idi. Yəni dəstə yenidən komplektləşdirilsə də, sistemli şəkildə hələ formalaşmamışdı. Düşünürəm ki, yuxarıda göstərilənlərə aydınlıq gətirmək üçün döyüş zamanı və sonra baş verən prosesləri təhlil etməliyik.
Xatırladım ki, 1992 ci il iyun ayının sonunda keçmiş Ağdərə rayonunun şimal-şərq istiqamətində aşağıdakı dəstələr cəmləşib:
• Manvel Yeğiazaryanın komandanlığında Arabo dəstəsi
• Aşot Ğulyanın komandanlığında birinci rota
• Armavirdən Rubik Yeğoyanın komandanlığında Аrtsiv-13 dəstəsi
• Yaşa Şeluntsun komandanlığında Zeytun dəstəsi
• Armenak Armenakyanın komandanlığında Tiqran Mets dəstəsi
• Jora Poğosyanın (Həsənqayalı Jora) komandanlığında qarabağlı ermənilərdən ibarət dəstə
• Avedis Qriqoryanın komandanlığında Zoravar Andranik dəstəsi
• Aram Toqromyanın komandanlığında Aramo dəstəsi
• Ya. Melkonyanın komandanlığında Artsap (Meqradzor) dəstəsi
• Armen Martirosyanın komandanlığında Nikol Duman dəstəsi
• Şıxarx (Leninavan), Oratağ və digər kəndlərdən ibarət dəstələr
Belə ki, 25 iyunda Qızıloba kəndini əks hücumla ələ keçirən Manvel Yeğiazaryan bərabərindəki qüvvələr 27-28 iyunda sıxışdırılaraq oradan çıxarılıb. Kəndən çıxarılmalarına baxmayaraq, ermənilər ilk əks hücumdan ruhlanaraq növbəti əməliyyat planını hazırladı. Əməliyyata rəhbərlik edən Manvel Yeğiazaryan Qızılobadan çıxan Arabo, Aramo, Artsiv-13, Zeytun, Craberd, Meğradzor və digər dəstələri saat üçdə Kimya anbarları adlı ərazidə bölüb. Əməliyyat planına əsasən, Tərtər rayonunun (keçmiş Ağdərə) Şıxarx (Marağa, Leninavan) qəsəbəsi, Həsənqaya və Çaylı kəndləri işğal edilməli idi.
Əməliyyat zamanı dəstələr üç hissəyə bölünüb.
• Birinci dəstə Manvel Yeğiazaryanın komandanlığı altında Şıxarxa hücum edərək qəsəbəni ələ keçirməli
• İkinci dəstə Aşot Ğulyanın (Askolka, Bekor Aşot) komandanlığı altında sol qanaddan hücum edərək Çaylını ələ keçirməli
• Üçüncü, komplektləşdirlən Arabo (Artsiv-13, Zeytun, Craberd, Həsənqaya, Leninavan və Ağdərənin digər kəndlərindən döyüşçülər daxil olub) dəstəsi, Çiləbürtdən səhər hücuma keçən qüvvələrin ehtiyyat dəstəsi olaraq, Həsənqaya yaxınlığında gizli mövqe tutmalı, Şıxarxın ələ keçirilməsi, o cümlədən digər dəstənin Çaylı kəndinə doğru hərtəkət etməsi anında müdafiə xəttini təmin etməli və lazım gələrsə sağ Tərtər kanalı boyunca mövqelərə gözlənilmədən zərbə vurmaqla Çaylı istiqamətinə həmlə etməli idi.
Üçüncü dəstənin digər məqsədi isə, Şıxarxın ələ keçiriləcəyi və ya orada gedən döyüşlərdə erməni dəstələrinin üstünlük qazandığı zamanda döyüş sahəsinin genişlənmədiyi hissədən asanlıqla keçərək ətrafındakı boşluğu doldurmalı və geri çəkilən qüvvələrimizi pusquya salmalı idi.
Həsənqaya-Çaylı istiqamətində irəlləyən dəstənin məxfiliyini qorumaq üçün, Manvel Yeğiazaryan onlara kiçik qarşıdurmalar istisna olmaqla qəti olaraq döyüşə daxil olmamağı əmr edib. Dəstənin tərkibində əsasən Arabo, Zeytun, Craberd, Alik Petrosyan və Artyuşa Harutyunyanın hazırladığı Artsiv-13 (Armavir) adlı dəstə olub. Xatırladım ki, Arabo dəstəsinin bir hissəsi, birinci dəstə tərkibində döyüşdə iştirak edib.
Bütün bu tədbirlərə baxmayaraq, Şıxarxa hücum anında Həsənqayada yerləşən Arabo dəstəsi birinci dəstənin arxasında aşkar edili.
İyunun 29-da sübh tezdən kanal üzərindən keçməklə üzüm bağlarında mübarizə başlayır. Onları adi kəşfiyyat reydi zamanı səhərə yaxın həm Gəncə batalyonun daşkəsənli könüllülərdən ibarət (17- 18 nəfər) kəşfiyyat tağım komandiri Vaqif Həmidov (Daşkəsənli Vaqif), həm də Tərtər batalyonundan Mütalib adlı döyüşçü ilk görüb. Belə ki, onlar (3 nəfər) ermənilərlə üzümlükdə təsadüfən rast gəliblər. Erməni döyüşçüləri də üç nəfər olublar. Mütalib rus dilində hansı batalyondan olduqlarını soruşduqda ermənilər 7-ci cavabını verib. O zaman həm döyüşçülərimiz, həm də ermənilər anında vəziyyəti anlayıb. Mütalibi vurmaq istəyən ermənini, dərhal Mütalibin arxasında olan döyüşçü yoldaşı zərərsizləşdirib. Nəticə etibarı ilə, döyüş bu şəkildə başlayıb. Atəş səslərinə Tərtər batalyonundan döyüşçülər gəlməyə başlayıb. Vəzir Orucov üç nəfər döyüşçü ilə ermənilərin arxasına keçib və xəndəyi PK-lardan atəşə tutmağa başlayıb.
Hər iki tərəf də, baş verən hadisələri dərhal rabitə ilə Gəncə özünümüdafiə batalyonun 1-ci bölməsi, kəşfiyyat qrupu komandiri Mehman Ələkbərova məruzə edib və ermənilərin geriyə yolunu kəsməyə başlayıblar. Tərtər batalyonun döyüşçüləri döyüşün ilkin hissəsində dağınıq olduğundan Mehman Ələkbərov dərhal Tərtər batalyonu ilə əlaqə saxlayıb. Tərtər batalyonu da öz növbəsində Tərtərdə və Cəmillidə olan döyüşçülərinə təbil siqnalı verib. Ermənilər tərtərlilər dayandığı 37-ci postun (Ağdərə çöl yolu) arxasından Tərtər batalyonun mövqeləri ilə Gəncə batalyonun mövqelərin arasına keçiblər. Döyüş zamanı Arabo dəstəsi öndən və cinahlardan güclü atəşə tutulub.
Nəticədə, Gəncə özünümüdafiə batalyonun 1-ci bölməsi (144 nəfər), kəşfiyyat qrupu komandiri Mehman Ələkbərovun bilavasitə rəhbərliyi ilə batalyonun kəşfiyyat tağımı (17-18 nəfər) komandir Vaqif Həmidovun (Daşkəsənli Vaqif) və Tərtər batalyonunun (100 nəfər) komandir əvəzedicisi mayor Elman Hüseynovun (həmin zaman kombat Boris Zöhrabov yaralı olduğundan, komandir əvəzi olub) apardığı 5 saatlıq (düşmənə görə, döyüş təxminən iki saat davam edib) əməliyyatla Arabo terror dəstəsinin böyük bir hissəsini məhv edildi.
Həmin döyüşdə Tərtər batalyonundan batalyon komandiri müavini Vaqif Abdullayev, sıravi Mütalib(Mütüş) Səfərov, rota başçısı Paşayev İlham, tağım komandiri Vəzir Orucov, onunla birgə sıravi Mahir, Fazil adlı döyüşçülər iştirak edib. Beləliklə, Manvel Yeğiazryanın iyunun 29-u səhər tezdən Çiləbürtdən (Crabert) Köyarx (Levonarx)-Həsənqaya- Şıxarx (Leninavan) sektoruna doğru başlatdığı böyük əks əməliyyatlar uğursuzluqla başa çatdı. Qüvvələrimiz itgi verməsə də, 12 nəfər yaralı (biri ağır yaralı olub) vardı. Belə ki, Tərtər batalyonundan Etibar adlı döyüşçü erməni döyüşçüsünü yoxlayan zaman, ölümcül yaralı erməni əlində qumbaranı açıb. Partlayış nəticəsində Etibar ona atəş açsa da, ayağından yaralanıb. Xatırladım ki, həmin gün ermənilərin Ağdam rayonu Papravənd baza nöqtələrinə apardığı əməliyyat da uğursuzluqla başa çatıb.
Bu zaman Köyarxda vəziyyət necə idi?
Belə ki, ehtiyatda olan polis baş leytenantı, XTPD-nin Çevik Zirehli Dəstəsində tağım komandiri olmuş Rauf İbrahimov 29 iyun səhər Köyarx (Levonarx) istiqamətində baş vermiş döyüşləri bu şəkildə canlandırır: “1992-ci ilin mayında XTPD-nin Çevik Zirehli Dəstəsində komandirimiz olmuş Nazim Bayramov Milli Orduya, 123-cü alayın tank batalyonuna komandir təyin olundu. XTPD komandiri rəhmətlik Rövşən Cavadov öz əmriylə Çevik Zirehli Dəstəni tam tərkibdə Nazimin tank batalyonuna ezam etdi. Biz müharibəni həmin tərkibdə davam edirdik. Goranboy əməliyatından sonra biz Ağdərə əməliyatında iştirak etdik. Ağdərə şəhəri hələ alınmamışdı. Ordumuz Ağdərənin şərqində və şimal-şərqindəki kəndləri almışdı və döyüş mövqelərində şəhərin özünə hücuma hazır vəziyyətdə idi. Tank batalyonun tankları hücum cəbhəsi boyunca müxtəlif batalyonların gücləndirilməsi üçün verildi. Nazim Bayramov onları olduqları mövqelərdə mütəmadi yoxlayırdı.
Belə yoxlamalardan birinə Köyarx kəndinə o, mənimlə, idarə etdiyim PDM-lə getdi. Köyarxda, səhv etmirəmsə, 1-ci Göranboy batalyonun 1-ci bölməsi dayanırdı. Onları gücləndirmək üçün onlara bir tankımız verildi. Biz tankı və ekipajı yoxlamağa gedirdik. Yeni çatmışdıq. Gördük ki, Çiləbürt istiqamətindən düşmənin 6 tankdan və iki yük maşını piyadalardan ibarət kolonu Şıxarx istiqamətində sürətlə hərəkət edir.
Nazim dərhal düşmənin koordinatlarını rabitə ilə 703-ün artileriyasına verdi. Özü isə tankın mexanik-sürücüsü Rəşidə (Bərdədən, soyadını unutmuşam) hansı küçəyə necə sürəcəyini, hansı evin arxasında necə dayanacağını, sonra mövqeyini dəyişib hara sürəcəyini və harada yeni mövqe tutacağını tez başa saldı və piyadalara da müvafiq əmrlər verdi. Mən PDM-i gizlətdim evlərin arxasında və tanka komandir yerinə mindim (Nazim nişançı yerini tutdu). Biz şlemofonları geyinib, rabitəni işə salan kimi Nazim Rəşidə “irəli!” komandasını verdi. Rəşid əvvəldən göstərilmiş mövqeyə çıxdı və biz dərhal atdıq, düşmənin qabağda gələn tankını vurduq. Bu zaman 703-ün artilleriyası da düşmənə atəş açdı. Rəşid sürüb, tankın mövqeyini dəyişdi. Düşmən bizim atəşi görüncə, Leninavana istiqamətini dəyişdi və bizim üstümüzə Levonarxa hücum etdi. Biz mövqelərimizi dəyişərək, atəş açırdıq. Ermənilər kəndi tanklarla müasirəyə almağa cəhd etsələr də, biz onlarla sanki qaçı-tutdu oynayır, kəndin içindən hər dəfə yeni mövqedən atəş açırdıq. Nəticədə, ermənilər elə bildilər ki, kənddə tank çoxdur və geri döndülər. Onlar geri çəkiləndə 703-ün artilleriyası daha bir erməni tankını vurdu.”
Döyüş zamanı nə qədər cinayətkar zərərsizləşdirilib?
Ümumiyyətlə, 2008-ci ildə ortaya çıxan video materialda əsgərimizin biri düşmənin 124 cəsədinin olduğunu bildirir. Daha sonra, bəziləri bu rəqəmi 135 cəsədə qaldırıb. Belə ki, həmin zaman döyüş ərazisində olan Tərtər batalyonunun qərargah rəisi Pənah Məmmədovun bildirdiyinə görə, ermənilərin sayı 87 cəsəddən ibarət olub. 135 nəfər erməni cəsədi isə məhv edilən ermənilərdən yığılan silahların (müxtəlif atcı silahlar və qumbaraatanlar) sayına görə bildirilib. Silahları Vəzir Orucov və sıravi Mahir, Fazil adlı döyüşçülər yığaraq 703-cü briqadanın silah-sursat üzrə müavini Fəqan Hüseynova, Fəqan Hüseynov isə briqadanın anbarına təhvil verib. Manvel Yegizaryan isə, 29 iyunda rabitə vasitəsilə dəstəsi ilə əlaqə yaratmaq istəsə də buna müvəffəq olmayıb.
Nəticədə, başlanğıcda 200 nəfərə qədər şəxsi heyəti olan Arabo dəstəsi, Həsənqaya əməliyyatından sonra Yeğiazaryanın rəhbərliyində qalan kiçik hissələrlə aşağıdakı ərazilərdə terror-təxribat və işğal əməliyyatlarında iştirak edib.
• 1992-ci il. Çəmbərək (Cambarak) rayonu, Orconokidze (Vahan):
• 1992-ci il. Laçının azad edilmə əməliyyatına qarşı fəaliyyət:
• 1992-ci il. Zəngəzur rayonlarında təxribat:
• 1993-cü il. Gorus rayonu, Şurnux, Xəzinəvar (Xoznavar), Qafan rayonu, Zeyvə (Davit-Bek):
• 1994-cü il. Ömər aşırımının işğalı
Qayıdaq bir qədər başlığa, belə ki, burada qeyd ediləsi vacib bir məqam var. Bildirdik ki, döyüş zamanı ermənilərdən 87 nəfər zərərsizləşdirilib.
Bəs ermənilər döyüşə neçə nəfərlə yollanıblar ?
Belə ki, erməni tərəfi və Manvel Yeğiazaryan ciddi cəhdlə Arabo dəstəsinin hər bir istiqamətdən mühasirəyə alındıqlarını və onların son ana qədər vuruşduqlarını fəxrlə təbliğ edir. Lakin, 21 may 2008-ci ildə verdiyi məlumatda bildirir ki, döyüşə gedən dəstədən 6 nəfər bələdçi geri qayıdıb. Həmin il Hcav.am portalına verdiyi müsahibəsində isə, döyüşün başa çatmasından sonra həmin mövqelərdə olduğunu, bir gün sonra isə 8 cəsədin qazılaraq çıxarılması haqqında məlumatlar verib. Daha sonra onlardan üçünün Ermənistana köçürülməsi haqqında bildirir.
Qısa arşdırmadan sonra, çıxarılan cəsədlərdən üçünün adını müəyyən edə bildim. Bunlar Artsiv-13 dətəsinin komandiri Rubik Yeğoyan (Armavirdə basdırılıb), həmin dəstənin üzvü Svedisyan Sergey və Ağdərədən erməni dəstə komandiri Jora Poğosyan olub. Deməli Arabo dəstəsi əraziyə 93 nəfərlə gəlib, onlardan 6-ı bələdçi olmaqla ərazidən qaçıb, 8 nəfərin cəsədini isə ermənilər döyüş başa çatdıqdan sonra xəndəklərdən qazaraq çıxara bilib. Belə ki, bu məlumatları Tərtər batalyonu qərargah rəisi Pənah Məmmədovun bildirdiyi 87 cəsəd sayı ilə tutuşdurarsaq doğru hesab etmək olar.
Nəticədə, düşünürəm ki, ermənilərin öldürülən döyüşçülərinin hansı səbəbə görə, sayının 79 (onlara aid çəkilmiş sənədli film daxilində isə Arabo dəstəsi 22 nəfər, komandir Avedis Avedisyan, Artsiv-13 Armavir dəstəsi 24 nəfər, komandir Rubik Yeğoyan, Zeytun dəstəsi 4 nəfər, komandir Şelunts Yaşa, Craberd dəstəsindən 19 nəfər olmaqla, ümumi şəxsi heyət az göstərilib ) nəfər göstərilməsi aydınlaşdı.
Beləliklə, vaxtilə Ermənistanda erməniləri üç günlük matəmə batıran bu əməliyyat, İrəvan və Xankəndidə üç gün müharibə əleyhinə mitinqlərin baş verməsinə səbəb oldu. Nəticədə, cəsədləri Ermənistan rəhbərliyi tələb etməyə başladı. Cinayətkar dəstəyə aid cəsədlərin qaytarılması üçün aparılan danışıqlar prosesi isə İlham Əliyevin prezident seçilməsindən sonra doğru bir addım olaraq dayandırıldı.
Ümumiyyətlə, tərəfimizdən yalnız 12 nəfər yaralı olması, hazırlanan döyüş planının, Gəncə və Tərtər batalyonu döyüşçülərinin əməliyyatı tam yerinə yetirməsi, döyüş qabiliyyətinin və hazırlığının düşməndən daha yüksək olduğunu göstərdi.
4 iyun 1993-cü ildə Gəncədə qardaş qırğınının qarşısını almaq istəyən Mehman Ələkbərov isə əlində ağ bayraqla güllələndi. 18 güllə yarası alan igid komandir 36 yaşında yerindəcə həlak oldu.
Araşdırmalara görə, Xocalı və Qaradağlı soyqırımlarının təşkilatçısı, hərbi cinayətkar terrorçu Manvel Yeğiazaryan Vasili oğlu Azərbaycan nemətləri ilə böyüyüb. Erməni mənbələrinə görə, Yevlax rayonu, Nemətabad kəndindən olan Manvel Yeğiazaryan 9 aprel 1960-cı ildə (Mingəçevir şəhərində doğulması güman edilir) anadan olub. Mehmandan fəqli olaraq, Manvel hazırda Ermənistanda rahat bir şəkildə yaşayır... Doğrudur arada Armavir küçələrində döyülür... Şahin QOCAYEV


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.