Məmurlar əlillərin məlumatsızlığından istifadə edirlər, nazirlik isə...

4-03-2016, 16:36           
Məmurlar əlillərin məlumatsızlığından istifadə edirlər, nazirlik isə...
İkinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddətinin 5 il uzadılması ilə bağlı qərar verilsə də, xüsusilə bölgələrdə bu qruplardan təkrar müayinədən keçmək tələb olunur. Belə ki, yerli məmurlar əlillərin məlumatsızlığından istifadə etməyə çalışırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə belə hallarla qarşılaşan əlillərə nazirliyə müraciət etmələrini tövsiyə edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirib ki, ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti nazirlikdə qurulmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 il müddətinə uzadılıb.

Prezident İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də müvafiq dəyişikliklər aparılıb və Nazirlər Kabinetinin 6 yanvar 2016-cı il tarixli, 413 nömrəli qərarı ilə yeni əsasnamə təsdiq edilib. Yeni əsasnaməyə görə, sənədin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti 5 il müddətinə uzadılıb.

“Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi isə TSERAS tərəfindən müddətsiz müəyyən edilib. Həmçinin əsasnamənin 3.1.1 - 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və bu əsasnamənin təsdiq edildiyi günədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu da 18 yaşından yuxarı olmamaqla 3 il müddətinə uzadılıb”, - deyə E.Babayev qeyd edib.

Onun sözlərinə görə, əlilliyi olan şəxslərin əlillik müddətlərinin başa çatması səbəbindən təkrar əlillik müayinəsinin aparılması üçün səhiyyə müəssisələrindən müvafiq göndəriş forması (88 nömrəli forma) almalarına və Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) müraciət etmələrinə ehtiyac yoxdur. Çünki avtomatlaşdırılmış sistem vasitəsilə əlilliyi olan şəxslərin əlillik təyinatının müddəti beş ilədək, 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu da üç ilədək uzadılıb: “Bununla yanaşı, TSERAS vasitəsilə birinci dərəcə əlillik təyin olunmuş və əlillik müddəti başa çatmış şəxslər avtomatik olaraq ömürlük birinci qrup əlilliyi olan şəxs kimi qeydiyyata alınırlar. Bu dəyişikliklərdən sonra müavinət alma müddətinin uzadılması üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə , pensiya alma müddətinə görə isə Dövlət Sosial Müdafiə Fonduna məlumat verilib”.

Şöbə rəhbəri əlavə edib ki, bu islahat tədbiri əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli dərəcədə azaldılmasında, şəffaf tibbi-sosial ekspertiza mühitinin formalaşmasında, əlilliyi olan şəxslərin hər il təkrar əlillik üçün müraciət etmələri səbəbindən onlarda yaranan narazılığın aradan qaldırılmasında mühüm rol oynayıb.

Digər tərəfdən, ilkin əlilliyin təyin olunması prosesinə nəzarət gücləndirilməsi işlərinin davamı kimi, yeni, avtomatlaşdırılmış idarəetmə modeli tətbiq olunanadək ilkin əlillik təyinatları barədə qərarlar yerli TSEK-lər tərəfindən deyil, nazirlikdə yaradılmış, tibbi-sosial ekspertiza mütəxəssislərindən ibarət səyyar komissiyalar tərəfindən qəbul edilir. Həmin səyyar komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə zona TSEK-lərdə olaraq, ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların əlilliyinin müayinəsini aparır. Müayinələrin nəticələrinə uyğun olaraq əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edilir və bu barədə vətəndaşa dərhal rəsmi məlumat təqdim olunur.

E.Babayev bildirib ki, aparılmış əlillik müayinələrinin nəticələri TSERAS-dakı informasiya bazasına daxil edilir. Həmin informasiya bazasından istifadə olunmaqla, vətəndaşların aparılmış əlillik müayinələrinin nəticələrinə dair elektron qaydada məlumat əldə edə bilmələri üçün 2015-ci ilin dekabrında “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti “Elektron hökumət” portalı üzərindən istifadəyə verilib. İstifadəçi bu e-xidmətdən istifadə etməklə aparılmış əlillik müayinəsinin nəticəsinə dair elektron qaydada məlumat almaq, eləcə də bu və ya digər quruma təqdim etmək, yaxud göndərmək üçün pdf formasında elektron arayış əldə edə bilir.

“Bu xidmətdən vətəndaşların daha asan və rahat şəkildə, heç bir autentifikasiya vasitəsinə ehtiyac olmadan yararlana bilmələri üçün isə cari ilin yanvar ayında “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı yeni e-xidməti işə salınıb. Artıq vətəndaş “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətini seçərək, müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini, doğum tarixini qeyd etməklə, keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi, əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması ilə bağlı məlumat ala bilir”,-E.Babayev belə deyib.

O, əlavə edib ki, vətəndaşların aparılmış əlillik müayinəsinin nəticəsi barədə məlumatı sadəcə telefon vasitəsilə, yəni nazirliyin 142-“Çağrı mərkəzi”nə zəng etməklə də əldə edə bilmələrinə imkan yaradılıb. Yəni vətəndaş 142-“Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini yığdıqdan və özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil etdikdən sonra onun əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi ilə bağlı aparılmış müayinənin nəticəsi barədə sistem tərəfindən avtomatik (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) məlumat verilir. Şəxsə əlilllik təyin olunmadığı halda ona informasiya sistemində onunla bağlı məlumat olmadığı bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.