SSRİ-nin ən dəyərli kəşfiyyatçısı kim idi? - Tarixdən

4-05-2015, 17:54           
SSRİ-nin ən dəyərli kəşfiyyatçısı kim idi? - Tarixdən
Dumanlı Albiona sahillərində SSRİ üçün uzun və səmərəli iş aparan, "Kembric beşliyi" adlandırılan, beş gizli agentdən ibarət olan qrup, sovet kəşfiyyatının bu gün də fəxri olaraq qalır. Ona Mİ-6 kral xüsusi kəşfiyyat xidmətinin əməkdaşı, bu gün ingilislərin dərin nifrət bəslədiyi Kim Filbi rəhbərlik edirdi. Qrupun üzvləri, Kembric universitetinin məzunları, aristokrat ailəsinə mənsub olan Qay Bercess, Donald Маklin, Entoni Blant və Con Kernkross daxil idi. Bu oğlanlar, hələ 1934-ci ildə yalnız və yalnız ideoloji baxışları səbəbindən SSRİ üçün könüllü işləməyə razılıq veriblər. Uzun illər Böyük Britaniyanın əsas xarici kəşfiyyat orqanı olan “MI-6”-da çalışan Kim Filbinin əslində Sovet İttifaqının casusu olması faktı 1963-cü ildə onun Moskvaya qaçmasından sonra məlum olacaq. Analitik.az məşhur “Kembric beşliyinin” ən tanınan agenti Kim Filbinin fəaliyyəti haqqında məlumatı təqdim edir.

1963-ci ilin yayında SSRİ-nin o zamankı rəsmi mətbuatında qısa məlumat getdi: "SSRİ Ali Sovetinin Rəyasət Heyətinə Britaniya vətəndaşı Kim Filbi tərəfindən ona sovet vətəndaşlığı vermək xahişi ilə müraciət daxil olub. Xahiş təmin edilib". Bu məlumat Britaniya xüsusi xidmət orqanlarının rəhbərliyini şoka saldı. O zaman Böyük Britaniyada qəzəb dalğasının necə coşduğunu təsəvvür etmək belə çətin idi. Baş nazir Harold Makmillan istefa verməyə məcbur oldu, kəşfiyyatIın rəhbərliyi də vəzifəsindən getdi. Zarafat deyildi: DTK-ya 30 illik fəaliyyəti ilə Filbi, Böyük Britaniya Məxfi kəşfiyyat xidmətinin (SIS) bütün fəaliyyətini heçə endirmişdi.

“Tayms” qəzetinin müxbiri - ingilis sovet casusu

Əsl adı Harold Adrian Rassell Filbi (1912-1988) olan Kim Filbi İngiltərə müstəmləkəsi olan Hindistanda ingilis idarəçi sinfinə aid ailədə doğulub. 1933 –cü il İtaliyada Mussolininin diktaturası, Almaniyada isə Hitler hakimiyyətə gəlir. Həmin il Amerika ciddi iqtisadi böhran keçirirdi. Məhz belə bir vaxtda qərbdə gənc sovetlər ölkəsinin ideologiyası -sosialist ideyaları çox dəbdə idi. 1933-ci ildə Filbi Kembricdə kollecdə təhsilini başa vurub, iqtisadçı diplomu alır. Kollecdə oxuyarkən, iqtisad müəllimi solçu ideyaların tərəfdarı Dobssin vasitəsi ilə almaniya faşizmin qurbanlarına yardım Beynəlxalq komitəsinin rəhbəri Müntserberqlə tanış olur. Müntserberq könüllü olaraq, Xalq Daxili İşlər Komissarlığı (NKVD) (1930-1935) ilə əməkdaşlıq edirdi. Bu işə 1934-cü ildə Filbini də cəlb edir. Elə həmin ildə Filbi Vyanada Kominternanın agenti olan Fridman (Kolman ) ilə evlənir. Vyanadan qayıtdıqdan sonra onun ilk tapşırığı agentlərinin ilkin özəyinin yaradılması olub: bu özəyin İlk əməkdaşı Kembric məzunu Qay Bercess olub, sonradan o, Donald Makleyni və Entoni Blantı da bu işə cəlb edib. Entoni də öz növbəsində Con Kernkrossu əməkdaşlığa çəkir. Beləcə, məşhur Kembric beşliyi yaranır. Onların heç biri özlərini casus hesab etmirlər. Onlar əmin idilər ki, faşizmlə mübarizə aparırlar və yalnız Sovet İttifaqı ona real olaraq, qalib gələ bilər. Bu gənclər inanclı kommunist olmaqla, Britaniya Kommunist partiyasının üzvləri idi. 1933-cü ildə Kim jurnalist fəaliyyətinə başlayır, polşalı kommunist qadınla evlənir. O, Filbini Kominternanın Moskva iqamətgahı ilə əməkdaşlığa cəlb edib. Kim SIS-in ( Böyük Britaniyanın xarici kəşfiyyat orqanı olan İngilis Gizli Xəbəralma Təşkilatı ) "Tayms" qəzetinin müxbiri kimi göndərildiyi İspaniyada respublikaçıların tapşırıqlarını yerinə yetirir... Onun bəxti gətirir, çünki general Franko özü onu qəbul edir. Və İspaniyada olarkən Filbi qərargahda atəş zamanı möcüzə nəticəsində salamat qalır. Franko ona igidliyə görə ordeni şəxsən təqdim edir. Halbuki Franko bilmirdi ki, britaniyalı ona sui-qəsd hazırlayır. Düzdür, London sonradan bu terror aktını ləğv etdi.

Müharibə illərində kəşfiyyatçı Moskvaya 914 məxfi sənəd verib. Onlardan ən qiymətlisi Hitlerin SSRİ -yə hücum vaxtı, almanların Stallinqrada hücumu, Kursk döyüşünün başlanması və s. Idi. Xatirələrində Filbi yazır ki, o, şəxsən Çörçilin etimadını qazanmışdı. O, bu etimadı Hitlerin müavini Rudolf Hessin İngiltərəyə gizli uçuşu barədə ona məlumat verdikdən sonra qazanmışdı. Filbi Böyük Britaniya baş nazirinin bütün planlarını mərkəzə - Moskvaya göndərirdi. Sənədlərin surətləri baş nazirin masasından Krıma ötürülürdü. Çörçill kəşfiyyat zabitinə o qədər inanırdı ki, ona təxribat işləri üzrə idarəyə rəhbərlik etməyi tapşırır. Beləcə Stalin "əziz Uinston"un planlarından dərhal xəbər tuturdu. Filbinin nüfuzu sürətlə yüksəlirdi. 1947-ci ildə onu İstanbula, səfirliyin birinci katibi olaraq göndərirlər. Kim Filbi Türkiyədə də casus kimi fəaliyyətini davam etdirir. Belə ki, o, SSRİ-nin İstanbuldakı Baş Konsulluğunda çalışan Konstantin Volkov adlı diplomatın İngiltərəyə qaçırılması üçün gizli hazırlıq işləri aparıldığını öyrənən kimi dərhal SSRİ-nin müvafiq orqanlarına xəbər verir. Çünki həmin vaxt Kim Filbi öyrənir ki, Konstantin Volkov ingilis kəşfiyyatına içərisində özünün də adı olduğu və SSRİ-yə çalışan casusların siyahısını təqdim edəcək. Amma Kim Filbinin çevik reaksiyası nəticəsində ingilislərin bu planı ifşa olunur və rus diplomatı Konstantin Volkov Moskvaya gətirilərək öldürülür.

İki il sonra isə o, Böyük Britaniya səfirliyinin birinci katibi vəzifəsinə, Vaşinqtona köçürülür . Orada kəşfiyyatçının Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon və Dövlət Departamentinin əməkdaşları ilə dostluğu başlayır. Bir çox insanlar, xüsusilə xanımlar yüksək cəmiyyətin nümayəndəsi olan səxavətli britaniyalı ilə dost olmaq istəyirdilər. Lakin hardan biləydilər ki, onun köməyi ilə SSRİ-də yüzlərlə agentlər zərərsizləşdirilir!

SSRİ-yə qaçış

Tədricən Filbinin başının üzərini buludlar almağa başlayır. ABŞ xüsusi xidmət orqanları planlarının dərhal Kremlə məlum olmasından şübhələnirlər. Bu zaman yada Filbinin nə vaxtsa kommunist olmağı düşür. 1950-cı illərin əvvəlində MKİ ABŞ-dan Filbini çıxarmağı tələb edir. Qalmaqal yaranır. Bu şübhələri SSRİ DTK-nın iki agenti Qay Berceessin və Donald Maklinin sovetlərə qaçması daha da artırır. Lakin Filbi özünü təmizə çıxarmağı bacarır. Dindirmə zamanı Filbi onlarla tələbə vaxtı dost olduğunu inkar etmir, axı o vaxtdan çox illər keçib. Əslində isə Filbi onların hər ikisinin qaçmasına həqiqətən kömək etmışdi.

Axırda ona inanırlar. 1955-ci ildə, tam reabilitasiyadan sonra SIS Filbini müxbir adı altında Beyruta göndərir. 1962-ci isə ildə yeni qalmaqal yaranır. Filbinin nə vaxtsa dostluq etdiyi Flora Solomon İsraildəki Britaniya səfirinə bildirir ki, 1937-ci ildə Filbi onu sovet kəşfiyyatı üçün işləməyə cəlb etməyə çalışırdı. Beyruta dindirmə aparmaq üçün peşəkar müstəntiq göndərmək əvəzinə, Мİ-5 son anda bu işi aparmağı Filbinin dostu Elliota taşırmaq qərarına gəlir.

İflasa uğrayacağından qorxan Filbi xilas olmağın yollarıını axtarmağa başlayır. Onun yeni ailəsi - Elionor və iki uşağı ilə birgə yaşamağı vəziyyəti bir az da çətinləşdirir. Yeri gəlmişkən, Filbi SIS-ə daxil olmaq üçün kommunist partiaysından çıxmışdı. Birinci arvadı bunu ona bağışlaya bilmir və onların nikahı pozulur. Ümumiyyətlə, Kim Filbi deyilənlərə görə, dörd dəfə evlənib və bütün evllilkləri uğusuz olub... Kəşfiyyatçı arvadına deyir ki, Yaxın Şərq ölkələrinə ezamiyyətə göndərilir. Dindirilmə 1963-ci il yanvarın ortalarında baş tutur, yanvarın 23-də isə Filbi yoxa çıxır. Elionor sonralar SIS agentlərini və mətbuatı israrla inandırmağa çalışır ki, Kim qayıdacaq - axı o, hətta əşyalarını da özü ilə götürməmişdi. Nəhayət, bir həftədən sonra Filbi arvadına gizli məktub çatdıraraq, Beyrutdan onun uşaqlarla birgə qaçış planını izah edir. Qadın üç gün necə qərar verəcəyini düşünür: Ərinin ardınca SSRİ-yə getmək, yoxsa bütün olanları hakimiyyətə etiraf etmək. Elionor vicdanlı katolik kimi ikincisini seçir...

SSRİ-də yaşadığı müddətdə Filbi "Mənim sakit müharibəm" adlı xatirələr kitabını yazır. O, 1965-cü ildə Lenin ordeni ilə təltif edilir. 1971-ci ildə Filbi sovet vətəndaşı ilə dördüncü dəfə ailə qurur. Amma , bu evliliyi də ona rahatlıq gətirmir.

Əqidəcə dönməz kommunist olan Kim yenidənqurma ideyalarını mənfi qarşılayır və M. Qorbaçovun kəskin tənqidçilərindən biri olur. Ömrünün sonunadək, Kim Filbi DTK məsləhətçisi kimi çalışır. Sovetlərin ən qiymətli agentlərindən biri olan Kim Filbi 1988-ci ildə ürək tutmasından dünyasını dəyişir. Onun SSRi-yə qaçma xəbəri kimi, haqqındakı son məlumat da çox qısa olur, 1988-ci il mayın 11-də Rusiyanın dövlət xəbər agentliyi olan “ITAR-TASS” Kim Filbinin ölümü barədə kiçik xəbər dərc edir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.