Milli Məclisin yeni heyətində bu deputatlar olmaya bilər... - Kimlərdən söhbət gedir...

5-05-2015, 12:30           
Milli Məclisin yeni heyətində bu deputatlar olmaya bilər... - Kimlərdən söhbət gedir...
Bu ilin noyabr ayında ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Seçkiyə aylar qalsa da, bəzi millət vəkilləri mandat uğrunda iddialarını yenidən ortaya qoymağa başlayıblar. Son günlər yerli mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri də indiki deputatlardan hansılarının növbəti seçkidə namizədliyini verib-verməyəcəyidir.

Amma daha çox diqqət çəkən isə adı bu vaxta kimi müxtəlif biznes layihələrində hallandırılan deputatların məsələsidir. Milli Məclisdə deputat olduğu vaxtdan bəri heç bir çıxışı ilə yadda qalmayan, iqtidarın siyasətinin əhali arasında təbliğində yetərincə iştirak etməyən, xarici təşkilatların Azərbaycanla bağlı haqsız mövqelərinə qarşı əks mövqe belə sərgiləməyi düşünməyən bir neçə deputat builki seçkilərdə mandatsız qala bilər. Bu gün sizə onlardan bir neçəsi haqda məlumat vermək istəyirik. Parlament seçkilərində şansları az dəyərləndirilən şəxslərdən biri də Milli Məclisdə İmişli rayonunu təmsil edən Əsabil Qasımovdur. Məlumat üçün bildirək ki, millət vəkili ölkədə bir çox sahələri nəzarətdə saxlayan "Karmen" şirkətini idarə edir. Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının saytında deputat "Karat Holding" şirkətinin direktoru kimi qeydiyyatdan keçib. Şirkətdən də bunu təsdiqləyiblər. Deputatın rəhbərlik etdiyi müəssisələr arasında "Dimes-Qafqaz" şirkəti adı ilə fəaliyyət göstərən və məhsulların satışı "Ramse" şirkəti tərəfindən həyata keçirilən "Dimes" meyvə şirələri zavodunun olduğu da deyilir. Bundan başqa, "Karat" MTK, "İdeal" MMC, "İzmir" MMC (tikinti şirkətləri), "Azinvest" tikinti şirkəti, "Everest-M", "Şin Servis" (armatur alqı-satqısı), "Karmen" MMC (dəyirman və un alqı-satqısı), Hökməlidə makaron, kisə fabriki, "ASTEL" MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri), taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində), "Gəncə Fatoğlu" (un dəyirmanı), Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza" hoteli, bu küçədə iki mərtəbəli restoran, Səməd Vurğun küçəsində "Ağ saray" binası, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina, İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina, Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market"in də Əsabil müəllimə aid olduğu yayılan məlumatlar arasındadır. Bizneslə məşğul olduğu deyilən deputatlardan biri də Ərəstun Cavadovdur. Qeyd edək ki, o Mərkəzi Univermağın İdarə Heyətinin sədridir. Deyilənə görə, paytaxtın bir neçə küçəsində iri ticarət obyektləri mövcuddur. Amma biznes işlərindən fərqli olaraq bu şəxs Milli Məclisdə o qədər də fəal deyil. Buna görə də onun qarşıdan gələn seçkilərdə mandatsız qalacağı gözlənilir. Kürdəmir rayonundan deputat seçilən Fərhad Qəribovun barəsində də kifayət qədər sərt ittihamlar səsləndirilib. Bizə çatan məlumatlara görə, parlamentdə qeyri-fəallığı ilə seçilən deputatın biznes imperiyasına Bakıda yerləşən "Çıraq Plaza", "Şəki" restoranlar şəbəkəsi, "İrşad Telecom" və Kürdəmir rayonundakı çoxsaylı obyektlər daxildir. Deyilənə görə, millət vəkili məhz biznes işlərinə daha çox vaxt ayırdığından təmsil etdiyi rayonun sakinlərinin problemləri onu bir o qədər də narahat etmir. Qanunvericilikdə deputat fəaliyyəti ilə birgə biznes işinin həyata keçirilməsinin qadağan olunduğu göstərilsə də, millət vəkili buna məhəl qoymur. Milli Məclisin danışmayan deputatlarından biri də Ağalar Vəliyevdir. Qeyd edək ki, bu şəxs millət vəkili seçiləndən bəri bir dəfə də olsa qanunların, eləcə də digər məsələlərin müzakirəsi zamanı fəallıq göstərməyib. Yayılan məlumatlara inansaq, deputat paytaxtda aparılan tikinti işlərinin yetərli hissəsinə nəzarət edir. Başqa sözlə desək, o rəhbəri olduğu "Azəraqrartikinti" ASC tikinti sektorunda böyük paya sahibdir. Onun builki parlament seçkilərində mandatsız qalması ehtimal edilir. Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Lənkəranın deputatı Hadı Rəcəblinin də fəaliyyəti dövründə özünə yaxşı biznes qurduğu deyilir. Hərçənd ki, deputat bunu inkar etsə də, Lənkəranda dəniz kənarında yerləşən möhtəşəm "Palıdlı Sahil" ailəvi istirahət mərkəzinin ona məxsus olması haqda mətbuatda dəfələrlə məlumat yayılıb. Bundan əlavə deputatın Lənkəran və paytaxt Bakıda da bir neçə biznes obyektlərinin olduğu deyilir. Liman şəhərinin digər deputatı Rüfət Quliyevin də adı biznesmen deputatlar sırasında çəkilir. Qeyd edək ki, o, "European Tobacco Baku" ASC-nin İdarə Heyətinin sədridir. "European Tobacco Baku" ASC ölkəmizdə tütün məmulatlarının istehsalını yerinə yetirir. "European Tobacco"nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir. Ki, bu da deputatın maliyyə vəziyyətinin hansı səviyyədə olması haqda hər birimizdə təsəvvür yarada bilər. Deyilənə görə, növbəti parlament seçkilərində həm Hadı Rəcəbli, həm də Rüfət Quliyev mandat qazanmaya bilər. Milli Məclisin digər üzvü Xanlar Fətiyev deputat olmaqla yanaşı, həm də Gəncə Avtomobil Zavodunun direktorudur. Onun Gəncə şəhərində, həmçinin Bakıda bir neçə biznes obyektinin olduğu söylənilir. Qüvvədə olan konstitusiyaya görə isə deputat sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olursa, onun deputatlıq fəaliyyətinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən xitam verilməlidir. Həmçinin onlar Cinayət Məcəlləsində göstərilən müvafiq maddələrlə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Amma... \\ gundelik-baku.com \\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.