21-ci əsrin “bank qulları” –Hökumət onlara kömək edəcəkmi?

15-03-2016, 09:27           
21-ci əsrin “bank qulları” –Hökumət onlara kömək edəcəkmi?
Bugünlərdə kreditini ödəyə bilməyən bir şəxsin özünü dənizə ataraq öldürməsi xəbəri az-çox insani hisslərini mühafizə etmiş hər kəsi sarsıtdı. Yəqin ki, bu xəbəri ölkənin maliyyə-kredit siyasəti ilə bağlı qərar qəbul edən məmurlar da oxuyub. Onların nə düşündüyü barədə ehtimallarım olmasa da, əminəm ki, kredit borcu olan 2.5 milyon nəfərin ən azı 80%-i beli bükülmüş, gözləri dolmuş orta yaşlı bir kişinin ağır-ağır, tərəddüdlə dənizə – ölümə tərəf necə addımlamasını təsəvvür ediblər…

Ola bilsin ki, maliyyə-kredit siyasəti ilə bağlı qərarları verən məmurlara komfortlu, katibəli, zər-zibalı, yumşaq kürsülü iş otaqlarında bu mənzərə hansısa romanın bir fraqmenti təsirini bağışlayır və virtual olaraq qəbul olunur. Yaxud sadəcə bir statistika kimi… Məsələn, kredit borcuna görə intihar edən neçənci adam qeydə alındı…

Lakin hər gün kecdikcə kredit intiharlarının sayı artır və banklarla borclu vətəndaşlar arasında “vətəndaş müharibəsi” daha da gərgin xarakter alır. Bəli, mübaliğəsiz bu qarşıdurmanı “müharibə” adlandırmaq olar. Hələ ki, itki verən borclulardır və bu qarşıdurmada hələ də dövlət kənar müşahidəçi mövqeyini tutmağa çalışır. Maliyyə naziri, baş bankir, digər səlahiyyətlilərin açıqlamaları isə vəziyyətə aydınlıq gətirməkdən daha çox əlavə suallar yaradır. Çox qəribədir ki, məmurlar kreditlərlə bağlı izahat vermək, sualları cavablandırmaq əvəzinə, özləri sual verirlər. Maliyyə naziri "Hökumət 5000 dollara qədər olan kreditlərə güzəşt edə bilərmi?" sualına cavab verərkən, “Dövlət niyə bankla müştəri arasına girməlidir? Vaxtilə yüksək faizlə kredit verəndə, gəlir əldə edəndə, heç dövlət yada düşmürdü. Banklar öz müştəriləri ilə bağlı məsələni öz aralarında həll etsin. Faizlərdən azaltsın, ödəniş müddətini uzatsın və s. Bu məsələdə Mərkəzi Bank da banklara güzəşt edə bilər", – deyir.

Bununla maliyyə naziri, faktiki, məsuliyyəti əhalinin və bankların üzərinə qoyaraq, onları öz aralarında “dil tapmağa” dəvət edib.

Ardınca Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov da bankları tənqid etdi: “Banklar cəlb etdiyi vəsaiti mütləq real sektorda yerləşdirmək məcburiyyətindədir. Bu gün kreditlərin qaytarılmasında problemlər var. Bu problemə banklar tərəfindən kredit siyasətinin düzgün aparılmaması səbəb olub. Açıq demək lazımdır ki, bəzi bankların sahibləri banklara bir mağaza kimi baxır. Həmin şəxslər konkret adamlara kreditlərin verilməsi ilə bağlı göstərişlər verir.

Bankların idarə olunmasında problemlər var. Bu gün biz bankları qorumalıyıq, özü də birinci növbədə onların sahiblərindən qorumalıyıq. Kreditlər və depozitlər üzrə faiz dərəcələri optimallaşdırılmalıdır”.

Bu açıqlamalar əslində hökumətin indiyə qədər banklara ərkəsöyün münasibət göstərdiyinin etirafıdır. Amma bankları hədəf göstərən məmurlar çıxış yolunu qeyd etmirlər. Heç kim vətəndaşı banklardan qorumaqdan danışmır. Axı 2.5 milyon nəfər ölkə əhalisinin dörddə birini əhatə edir. Üstəlik, devalvasiyadan əvvəl kreditlərin qaytarılmasında elə ciddi problemlər də müşahidə olunmurdu. Bu insanlar elə həmin insanlardı, sadəcə iqtisadi vəziyyət pisləşdiyindən, gəlirlər azaldığından banklara borclarını ödəyə bilmirlər. Xüsusən dollarla kredit götürənlər acınacaqlı vəziyyətə düşüblər.

Hökumət isə dollarla krediti olanların acınacaqlı vəziyyətinin yaxşılaşması üçün heç nə etmək istəmir. Baxmayaraq ki, 21 fevral və 21 dekabr 2015-ci il tarixli devalvasiya qərarları dollarla kredit götürənlərin borclarının manatla ifadəsində iki dəfə artmasına səbəb olub. Halbuki, devalvasiya qərarını hökumət verib və hər dəfə də publik olaraq, açıq şəkildə deyilib ki, vətəndaşların milli valyutaya etibar etməsində heç bir problem yoxdur, məzənnədə “kəskin dalğalanmalar olmaycaq”.

21 fevralda milli valyuta 35% ucuzlaşdı, 21 dekabrdan sonra 47%-dən çox dəyərdən düşdü. Hazırda isə 21 fevrala qədər olan dövrlə müqayisədə manat 100% dəyərdən düşüb. Buna baxmayaraq, hökumət, hələ də günahı vətəndaşda görür. Ən azı, maliyyə nazirinin dediklərindən belə anlaşılır.

Hökumət heç bir halda insanların gəlirlərinin azalması müqabilində kompensasiya tədbirləri görmək istəmir. Halbuki, banklar, dövlət şirkətləri üçün güzəştlər tətbiq olunur, borcları silinir. Rəsmi statistika da insanların gəlirlərinin azalması müqabilində onların xərclərinin artdığını qeydə alır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar ayında 2015-ci ilin yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 17,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 4,6 faiz bahalaşıb. 2016-cı ilin yanvar ayında gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 321,2 manat təşkil edib. 321 manatla insanlar güzəranlarını necə təmin etsinlər, necə kreditləri və xüsusən, dollar kreditlərini ödəsinlər?.

Hökumətin bu məsələlərdə inadla susması, yaxsını kənara çəkməsindən isə banklar çox ustalıqla faydalanırlar. Onlar kredit müqaviləsinin müddətini uzadır, ödənilən vəsaitləri isə cərimə və fazilərə silir, əsas borc isə vətəndaşın üzərindən “Domokl qılıncı” kimi asılı qalır. Beləcə, 21-ci əsrdə “bank qulları” yaranır.

Reallıq budur. Belə getsə, bu kredit müqavilələri sonsuzadək uzadılacaq və əhalinin böyük hissəsi ömürlərinin qalan hissəsini “bank qulları”ı kimi yaşamaq məcburiyyətində qalacaqlar.

Hökumət kompensasiya tədbirləri görmək istəmirsə, ən azı, kreditlərin ödənilməsi qaydalarını daha ədalətli edilməsi üçün hərəkətə keçməlidir. Bir dəfə yazmışdıq, bir daha xatırladaq: Qazaxıstanda kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı addımlar atılıb. Ötən ilin noyabr ayında prezident Nursultan Nazarbayevin imzalaması ilə “İşləməyən kreditlər və ikinci səviyyəli bankların aktivləri, Qazaxıstan Milli Bankı və maliyyə təşkilatlarının göstəridiyi maliyyə xidmətləri və fəaliyyətləri ilə bağlı bir sıra qanunvercilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında” qanun qüvvəyə minib. Bu qanun kredit borcu olanların borclarını qaytarması qaydasını da müəyəyn edir. Qanuna görə, əvvəlcə 1) əsas borc, 2) kredit faizi, 3) cərimə və penyalar, 4) borcun qaytarılması xərcləri ödənilir.

Belə ki, bundan əvvəl kredit gecikməyə düşəndə ilk növbədə penya ödənilirdi, sonra kredit faizi, daha sonra isə əsas məbləğə görə borc ödənilirdi. Beləliklə, vətəndaşların əksəriyyəti elə penya və faiz borclarını ödəyə bilir, daim banklardan asılı vəziyyətdə qalırdılar. İndi isə əksinə vəziyyət yaranıb və vətəndaş ilk növbədə əsas borcunu qaytarmaq imkanı əldə edib.

Ukraynada, Gürcüstanda da buna bənzər addımlar atılıb.

Azərbaycan hökuməti inadla susmaqda davam etdiyi bir vaxtda isə, banklar borclu vətəndaşlar üzərində daha bir qələbəni qeydə edə bilərlər. Bu gün kreditə zamin duran bir vətəndaş həbs olunub…

Hökumət susmaqda davam etsə, kreditlərə görə həbs olunanların sayı sürətlə artacaq. Yəqin ki, bundan sonra Avropa Şurası ölkələri arasında adambaşına düşən məhbus sayına görə 4-cü yeri tutan Azərbaycan, bu göstəricilərlə daha da irəliləyəcək…

Amma bununla belə, hökumət rəsmiləri sonda qeyd etmək istədiyimiz daha bir Qədim Roma kəlamını da unutmamalıdırlar: "Leve fit, quod bene fertus onus" ("Yük itaətlə daşınanda daha yüngül olur").

Strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.