Ordu üzü görməyən Rusiya “hərbi analitiki” ordumuzun “sirləri”ni açır

16-03-2016, 13:31           
Ordu üzü görməyən Rusiya “hərbi analitiki” ordumuzun “sirləri”ni açır
Rusiyanın Hərbi-Siyasi Analiz İnstitutunun direktor müavini, bir neçə gün əvvəl Ermənistan ordusunun birləşmələrinin dislokasiyası, sərəncamındakı texnika və silahlar barədə yazan Aleksandr Xramçixin bu dəfə Azərbaycan ordusunu analiz edib.

Virtualaz.org xəbər verir ki, Xramçixinin “Bir müharibənin ordusu” adlı məqaləsi “Hərbi-siyasi kuryer” (vpk-news.ru) portalında dərc edilib.

Xatırladaq ki, Xramçixinin Ermənistan ordusundan bəhs edən məqaləsi bu ölkədə səs-küyə səbəb olub. Mətbuat rusiyalı eksperti Ermənistan ordusuna dair hərbi sirləri yaymaqda və beləliklə də “müttəfiq ölkəyə zərbə vurmaqda” günahlandırıb. Ermənistan Müdafiə Nazirliyi isə Xramçixinin açıqladığı məlumatları şərh etməyib. Əslində isə ekspertin həmin məlumatları açıq mənbələrdən cəmləşdirdiyi təxmin edilir. Yəni məlumatlar “hərbi sirr” kimi peşəkarlar üçün az əhəmiyyət kəsb edir.

Xramçixin indiki məqaləsində yazır ki, Azərbaycan Ermənistanla müharibədə ərazilərinin bir hissəsini itirib. Ona görə də ərazilərini geri qaytarmaq üçün müharibəyə hazırlaşır. Erməni ordusunun birləşmələri işğal altındakı ərazilərdə möhkəmləndirilmiş mövqelərdə dayandığı üçün hücum edən tərəf əzici hərbi üstünlüyə malik olmalıdır. Ona görə də Azərbaycan Rusiya, Ukrayna, Belarus, İsrail, Türkiyə və CAR-dan kütləvi şəkildə döyüş texnikası alır. Habelə sıfırdan özünün hərbi-sənaye kompleksini qurub və müxtəlif texnikaların yığılmasını həyata keçirir. Daha sonra ekspert Azərbaycan ordusunun canlı qüvvəsi, hərbi hissələrin nömrələri və dislokasiya yerləri, silahlı qüvvələrin sərəncamındakı texnika və silahlar barədə məlumatları sadalayır.

Lakin belə görünür ki, bu dəfə də Xramçixinin sadaladığı məlumatlar mötəbər qaynaqlara əsaslanmır, xeyli hissəsi yanlışdır, yaxud köhnəlmiş məlumatlardır, çox güman ki, ayrı-ayrı vaxtlarda açıq mənbələrdən götürülüb.

Xramçixinə görə Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməyəcəyi aydındır. Və indiki status-kvo Azərbaycandan başqa hamını qane edir. Ona görə də Azərbaycan öz silahlı qüvvələrini Ermənistan birləşmələrinin müdafiə xəttini yarıb keçməyə yetəcək qədər gücləndirməyə çalışır.

Məqalədə daha sonra Türkiyə ilə Rusiya arasında müharibənin başlayacağı təqdirdə Azərbaycanı Qarabağı geri almaq üçün hücuma keçə biləcəyi ehtimalı araşdırılır.

Dərhal qeyd etmək lazımdır ki, peşəkarlar Xramçixinin analizini ciddi qarsalamırlar və onun irəli sürdüyü versiyalar, gəldiyi nəticələr bu ekspertin hərbi tematikada təhlil aparmaq qabiliyyətinin yüksək səviyyədə olmadığını deyirlər. Xramçixin heç orduda xidmət etməyib, Bədən Tərbiyəsi institutunu bitirib. Onun hərbi və hərbi-siyasi mövzularda verdiyi şərhlər Rusiyanın özündə ciddi tənqidlərə məruz qalır. Xramçixin Rusiyada daha çox “çinlilərin Rusiyanı işğal etməsi təhlükəsi”ni hər fürsətdə qabartması ilə tanınır. Onun FTX-yə yaxın olduğu haqda məlumatlar da var.

Virtualaz.org saytı Xramçixinin məqaləsində Azərbaycan silahlı qüvvələrinin silah və texnikası barədə yer alan məlumatlarla bağlı Müdafiə Nazirliyindən şərh almağa çalışıb. Ancaq hələlik buna müvəffəq olmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.