İnformasiya savaşına “ağır toplar” qoşulur - gəlişmə...

6-05-2015, 10:58           
İnformasiya savaşına “ağır toplar” qoşulur - gəlişmə...
Xəbər verildiyi kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisi tərəfindən Azərbaycan əleyhinə kampaniya aparıldığı barədə yayılan məlumatlara münasibət bildirib. Nazir ABŞ-a münasibətdə gözlənilmədən və yetərincə sərt tonda Vaşinqtonu qınayıb.

Sitat: “Bu vəziyyət təəccüb və ciddi narahatlıq doğurur. Təhlillər onu sübut edir ki, ABŞ-da olan müəyyən insanlar ”insan hüquqlarının müdafiəsi"ni yalnız vasitə kimi istifadə edərək, məqsədyönlü şəkildə Azərbaycana qarşı əks-təbliğat kampaniyası aparırlar. Anti-Azərbaycan kampaniyası müxtəlif ictimai və media təzyiq vasitələri ilə yalnız Azərbaycanın beynəlxalq imicinə ziyan vurmaqla məhdudlaşmır, eyni zamanda ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönəlib".

Və ən önəmlisi, XİN başçısı ABŞ-a əslində ultimatum xarakterli tələb irəli sürüb: “Ciddi narahatlığa səbəb - sənədlərdə adıçəkilən bütün QHT və digər təsisatların ABŞ-ın rəsmi strukturları ilə yaxından işləməsi və dövlət büdcəsi hesabına maliyyələşdirilməsidir. ABŞ-ın erməni lobbisi ilə sıx əlaqələri olan bəzi fərdlər də bu prosesə cəlb olunublar. ABŞ administrasiyasından gözləntimiz bu dövlət büdcəsi hesabına maliyyələşən təsisatların anti-Azərbaycan kampaniyasına aydınlığın gətirilməsidir. İndiyə olan təəssürat ondan ibarətdir ki, bu, Azərbaycan-ABŞ əlaqələrinin inkişafını istəməyən şəxslər tərəfindən idarə olunur və hətta onlar əvvəlki administrasiyaların dövründə qazanılmış ikitərəfli əlaqələrə daha çox zərbə vururlar”.

* * *
Təbii ki, bu, yalnız cənab Məmmədyarovun, XİN-in və yaxud iqtidar mediasının ənənəvi mövqeyi deyil, ümumən Azərbaycanda qarışıqlıq ssenarilərdən ciddi narahatlıq keçirən hakimiyyətin yanaşmasıdır. Bu xüsusda diqqəti ən əvvəl belə demək mümkünsə, ABŞ-la təbliğati savaşa ilk dəfə olaraq iqtidarın “ağır topları”nın cəlb edilməsi çəkir. Hər halda, indiyədək belə şey olmayıb. Digər bir özəllik prosesin Avropa Birliyinin (AB) mayın 21-də başlayacaq Riqa sammiti ərəfəsində vüsət almasıdır. Bəllidir ki, həmin sammitə Azərbaycan da ən yüksək iştirak dəvəti alıb.

Maraqlıdır ki, Azərbaycan XİN rəhbərinin yuxarıdakı ultimatum xarakterli açıqlaması Birləşmiş Ştatların səfirliyinin, ardınca isə ABŞ Dövlət Departamentinin Kerriyə ünvanlı ittihamları rədd eləməsindən sonraya təsadüf edir. Demək, rəsmi Vaşinqtonun açıqlamaları Bakıda qaneedici sayılmayıb.

Bütün bunlardan sonra istər-istəməz belə bir sual doğur: Rəsmi Bakı Amerika ilə münasibətləri niyə daha da kəskinləşdirir? Azərbaycan iqtidarında hansı narahatedici məlumatlar var ki, prezidenti xarici siyasətdə təmsil edən əsas adamın - Məmmədyarovun dilindən bu cür açıqlamalar səsləndirilir? Bütün bunlardan sonra Azərbaycan Amerika münasibətlərinin taleyi necə olacaq? Və bu prosesdə Rusiya amili nə dərəcədə rol oynayır?
Bu sualları ekspertlərə verməmişdən əvvəl onu deyək ki, üzdə Ağ Ev sanki ölkəmizə xeyli önəm verir. Rusiya isə, əksinə, hər zaman suverenlik və müstəqilliyimizə təhdid faktoru olub.

Bəs bütün bunların fonunda, anti - Rusiya deyil, anti - Amerika ritorikasının səbəbləri nədir?
Bu məqamda xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan da daxil, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının üzvü olan 5 ölkəni hədələmiş, onların rəhbərlərini qurumun Riqada keçiriləcək sammitində iştirakdan çəkinməyə çağırmışdı, əks təqdirdə, “müvafiq tədbirlər görüləcəyini” bəyan eləmişdi. Çünki XİN-in mövqeyinə görə bu, bir anti-Rusiya sammiti olacaq.

* * *
Bu məsələ ilə bağlı rəyini aldığımız Milli Məclis sədrinin müavini Bahar Muradova “Yeni Müsavat”a açıqlamasında deyib ki, öncə bir məqamı dilə gətirmək lazımdır ki, Amerikada və Qərb ölkələrində bəzi dairələr Azərbaycanla Qərbin, eləcə də Azərbaycan-Amerika münasibətlərini korlamaq istəyirlər. Azərbaycan rəsmiləri də bu prosesə cavab verirlər: “Azərbaycanın xarici siyasət idarəsinə rəhbərlik edən, cavabdehlik daşıyan şəxslərin, eləcə də Azərbaycanın ictimai-siyasi elitasında olan hər kəsin ölkəmizə yönəlik bu cür kampaniyalara, beynəlxalq təşkilatların rəsmilərinin, lap elə ictimai-siyasi xadimlərinin açıqlamalarına cavab vermək hüququ var”.

B.Muradova qeyd edib ki, Azərbaycanla bağlı qərəzli hesabatlar yayanlar, “... ölkəmizə qarşı qara piar kampaniyasını həm təşkil edənlər, həm də onun elementinə çevrilənlər məlumatsızlıqdan, yaxud da məlumatlarının yalnız bu xarakterli olmasından belə açıqlamalarla çıxış edirlər. Aydındır ki, bunun arxasında müəyyən maraqlar və seçilmiş formada da qərəz var. Ona görə də biz bunun qərəzli olduğunu, həqiqətə söykənmədiyini, bu məlumatların meydana çıxması üçün faktların, ciddi arqumentlərin olmadığını, əksinə, Azərbaycana qarşı obyektiv olmayan, qərəzə söykənən, bu və ya digər maraqları güdən münasibətlərin olduğunu vurğulamalıyıq. Azərbaycan rəsmiləri də məhz bu vəzifəni yerinə yetirirlər”.

Vitse-spiker dedi ki, rəsmilərimiz münasibətləri korlamaq üçün yox, əksinə, onu aydınlaşdırmaq üçün bu açıqlamaları verir: “Gözlə görüləsi bir halda Azərbaycana qarşı qaralama kampaniyasını aparanların cavabını vermək bizim vəzifəmiz və borcumuzdur”.

Xanım vitse-spiker ölkəmizdə rəsmi səviyyədə anti-Amerika ritorikasının olması barədə fikirləri də əsassız sayır: “Biz öz siyasətimizi yeridirik. Azərbaycan prezidenti, ölkənin müvafiq dövlət qurumları mövcud durumda lazım bildiyi, vacib olanı və məqsədəmüvafiq bildiyi addımları atır. Bunu kim necə dəyərləndirir, hansı məqamlara bağlayır, izah etmək üçün hansı arqumentlər gətirir, bu, onun öz işidir. Amma o siyasətin mahiyyəti o siyasəti yeridənlərə məlumdur və onlar da bu münasibətlərin, bu siyasətin doğruluğuna inanırlar. Zaman da bu siyasətin doğruluğunu sübut etməkdədir.

Azərbaycan yaxın-uzaq qonşuları, müttəfiqləri, istənilən ölkə ilə münasibətlərini öz ölkəsinin, xalqının maraqlarına uyğun şəkildə, eləcə də qarşı tərəfin mövqelərini nəzərə almaqla qurur. Bir ölkə ilə olan münasibətlər üçüncü bir ölkə ilə münasibətlərdə nə şərt kimi götürülür, nə də ona təsir etməsinə Azərbaycan imkan vermir. Yürüdülən bu siyasətin özəlliyi də ondan ibarətdir ki, Azərbaycan bu məsələləri bir-birinə qarışdırmamaqla ona qarşı olan münasibətlərdə də üçüncü bir mövqenin əsas götürülməsinə imkan verməməyə çalışır.

Beynəlxalq hüququn prinsipləri və tərəfdaşlığı ikitərəfli münasibətlərin əsas məzmununu təşkil etməlidir. Çox təəssüf ki, biz beynəlxalq ictimai-siyasi münasibətlərdə çox zaman bu halların pozulduğunu, təhrif olunduğunu görürük”. Vitse-spiker əlavə edib ki, bu səbəbdən Azərbaycan haqlı olaraq öz mövqeyindən çəkilmir və öz yeritdiyi siyasətin mahiyyətinə, məzmununa uyğun açıqlamalar, mövqelər sərgiləyir.

Müşahidə olunan gərginliyə rəğmən B. Muradova güman etmir ki, Azərbaycan-ABŞ münasibətləri Amerikada, yaxud Azərbaycanda olan bəzi “xırda-para adamların”, yaxud kənardan, üçüncü ölkə ərazisindən, tamam başqa dairələrdən bu münasibətləri korlamaq istəyən insanların istəyinə rəğmən pisləşməyə doğru gedəcək: “Düşünmürəm ki, biz strateji müttəfiqliyi ayrı-ayrı şəxslərin cılız maraqlarına qurban verəcəyik. Bu, qətiyyən belə olmayacaq və bu sahədə də məsələlər öz yerini tapacaq. Amma əlbəttə ki, hər kəsə kimliyindən, dövlətdə rəsmi mövqe tutub-tutmasından asılı olmayaraq, yeritdiyi siyasətə, atdığı addımlara, verdiyi açıqlamalara uyğun mövqe bildirilməlidir. Azərbaycan da bununla məşğuldur”. \\musavat.com \\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.