PUTİN RUSİYANI MƏHVƏ SÜRÜKLƏYİR! – “Türkiyəyə sanksiyalar bumeranq kimi özünə qayıdır”

29-03-2016, 01:12           

Rusiyanın gözlənilmədən Ukraynaya soxulmasından və Suriyaya hərbi müdaxilədən sonra Vladimir Putin sürpriz edə biləcək şəxs kimi qəbul olunur. Bəli, elə olur ki, həqiqətən də o, gözlənilməz hərəkətlərə yol verir. Amma Putinin atdığı addımları öncədən bilmək də mümkündür. Rusiyanın qonşusu Ukrayna Kremlin təcavüzünə qarşı duruş gətirmək üçün, NATO ilə əlaqələr yaratmağa çalışanda və həmçinin Moskvanın enerji məsələsindəki təzyiqlərinə qarşı cavab verəndə, Putin bu ölkənin Rusiya iqtisadiyyatına girişini bağlayır. Putin bu cür hərəkətləri təkcə Ukraynaya qarşı həyata keçirmir. Onun son hədəfi Türkiyə olub. Türkiyə Suriya ilə öz sərhəddi yaxınlığında Rusiyanın “Su-24” qırıcısını vurandan sonra, Putin bu ölkəni əvvəlki standart tədbirlərlə cəzalandırmaq qərarına gəldi.

Dekabr ayında Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvadakı dörd türk bankında, guya ki, orada çirkli pulların yuyulması adıyla axtarış aparmışdı. Sonradan isə türk biznesi ilə əlaqədar olan 20 Rusiya bankında da yoxlama reydləri keçirilmişdi. FTX nə sənədləri, nə də banka məxsus əşayaları müsadirə etməmişdi ki, bu da onların əslində bankları ifşa edə biləcək heç bir dəlil tapa bilməmələrindən irəli gəlirdi. Həmin axtarışların ardından, rəsmi cəza tədbirləri başladı. Putin Türkiyəyə uçan çarter təyyarə reyslərinə qadağa qoydu və iki ölkə arasındakı visasız rejimi ləğv etdi.

Bunlardan başqa Putin öz fərmanı ilə bir sıra türk mallarına qadağa qoyub. Rusiya turist şirkətlərinə Türkiyəyə turist göndərməyə icazə verilmir. Əlavə olaraq Rusiyadakı tikinti və turist şirkətlərinin fəaliyyətinə də icazə verilməməsi qərarına gəlinib. Putin türk vətəndaşlarını və şirkətlərini Rusiya bazarından məhrum etməklə, bu ölkəyə ziyan vurmaq istəyir. O, bu taktikadan dəfələrlə istifadə edib. Ən bariz nümunə isə Ukrayna ilə bağlıdır. Avropa ilə yaxınlıqdan Kiyevin imtina etməsi üçün, Putin 2013-cü ildə qəflətən gömrük nəzarəti keçirərək Yanukoviç rejiminə təzyiq göstərməyə başlamışdı. Bu isə Ukraynanın ixrac məhsullarına əngəl yaradaraq, Rusiya sərhəddində ciddi ləngimələrə yol açmışdı ki, nəticədə Ukrayna şirkətləri yüz miyonlarla dollar itirmişdilər. Ukraynanı cəzalandırmaq cəhdləri Viktor Yanukoviç rejimi devrildikdən sonra daha da gücləndirildi.

Rusiya tərəfindən irəli sürülən üç layihə – əvvəlcə “Cənub axını”, sonra “Türk axını”, indi isə “Şimal axını-2” funksional nöqteyi nəzərdən lazımsız bir şeydir, kommersiya baxımından isə rentabelli sayıla bilməz. Ancaq Kiyevə qarşı öz təsir imkanlarını gücləndirmək məqsədi ilə Putin bunlardan birini reallaşdırmaq niyyətindədir.
Kremlin “Cənub axını” layihəsində iştirakdan Bolqarıstan imtina etdi. Avropa Birliyi Bolqarıstana əhəmiyyətli şəkildə təzyiq göstərib. “Cənub axını” uğursuzluğa düçar olduqdan sonra Rusiya “Türk axını”nın tikiləcəyi barədə bəyənat verməyə başladı. Belə olan halda bu layihə üzrə Türkiyə Moskvanın ən yaxın tərəfdaşı olacaqdı. Lakin Ankara Rusiya təyyarəsini vurandan və üzr istəməkdən imtina etdikdən sonra Putin bu layihəni də dayandırdı.

İndi Putin öz diqqətini şimala yönəldib. Onun məqsədi Almaniyaya ”Şimal axını-2” adlanan ikinci qaz xəttini çəkməkdir. Həmin qaz kəməri nəinki Ukraynadan, eləcədə Polşa və Pribaltika respublikalarından yan keçmək şərti ilə Almaniyaya çatmalıdır. Bu isə Rusiyanın hərəkətlərinə qarşı çıxan bu ölkələrin əlindən qaz tranzitindən bir əks təsir mexanizmi kimi istifadənin alınması mənasına gəlir.

Enerji resursları üzərində təzyiqlə yanaşı, Kreml Rusiyaya ixrac edilən Ukrayna malları üzərində yeni rüsumlar tətbiq edib. Digər yandan isə Ukraynadan gətirilən qida məhsullarına qadağa qoyub. Səbəb kimi Kiyev ilə Avropa Birliyinin sərbəst ticarət haqqındakı müqaviləsi göstərilir. Moskva Kiyevə bildirib ki, tətbiq etdiyi tədbirlərin ləğv olunması üçün Ukrayna AB ilə sərbəst ticarət haqqında müqaviləyə yenidən baxmalıdır.

Ukraynadan öncə Gürcüstan hadisələri vardı. ”Qızıl gül” inqilabından sonra Rusiya Gürcüstana göndərilən qazın qiymətini qaldıraraq, bəyan etdi ki, qaz və elektrik kəsilməsi terror aktları nəticəsində baş verib. 2006-cı ildə Moskva Gürcüstana satdığı qazın qiymətini iki dəfə yüksəldərək, 1000 kub metr üçün 235 dollara çatdırdı. Ancaq Gürcüstanın qonşusu Ermənistan qazı 110 dollardan alırdı.

Həmin il Putin sanitar normaları bəhanə gətirərək Gürcüstan şərablarının Rusiya bazarına yolunu bağladı. O dövrdə Gürcüstanın ümumi şərab istehsalı ixracının 90% Rusiyanın payına düşürdü.

Təxminən həmin vaxtlarda Putin Polşadan gətirilən ət məhsullarına, meyvə və tərəvəzə qadağa qoydu. Moskva Polşanı cəzalandırmaq istəyirdi. Çünki seçkilər nəticəsində Polşada hakimiyyətə Rusiyaya qarşı tarixi ərazi iddiası irəli sürən “Hüquq və ədalət” partiyası gəlmişdi.

Moskva anoloji tədbirləri Pribaltika ölkələrinə və Moldovaya qarşı da tətbiq edib. 10 ildən artıq müddət ərzində Rusiya müntəzəm olaraq, Litva, Latviya və Estoniyaya müxtəlif iqtisadi məhdudiyyətlər – gömrük nəzarəti, ticari qadağalar, süd məhsullarına qarşı çoxsaylı embarqolar və sairə tətbiq edib. Rusiya dəfələrlə Moldovadan gətirilən şərablara qadağalar qoyub.

Putin hətta, bəzən özünün nominal müttəfiqləri olan Belarus, Ermənistan və Tacikistan kimi ölkələrə qarşı da cəza tədbirləri həyata keçirərək, onları Rusiya bazarına girişdən məhrum edir.

Nominal olaraq, Belarus Rusiyanın ən yaxın müttəfiqi sayılır. Amma hərdən elə təsəvvür yaranır ki, bu iki ölkə sankı düşməndirlər. 2004-cü ildə Minsk öz qaz-nəqliyyat şəbəkəsini çox ucuz qiymətə “Qazprom” şirkətinə satmaqdan imtina etdiyinə görə, Kreml əvvəlcə Belarusa satdığı qazın qiymətini qaldırmış, sonra isə ümumiyyətlə qaz tədarükünü tam dayandırmışdı. Bir qədər sonra isə Kreml Belaruun Gömrük İttifaqına daxil olmağa məcbur etməkdən ötrü qaz nəqlini yenidən kəsmişdi.

Putinin problemi ondan ibarətdir ki, bu cür yanaşma gəlirlərin azalması ilə nəticələnir. Nə vaxt ki, bu və ya digər ixracatçı ölkə ixrac bazarından siyasi səbəblərə görə məhrum olursa, onda həmin ölkə Rusiya ilə əməkdaşlıq zamanı onu gələcəkdə hansı əngəllərin gözləyəcəyi barəsində fikirləşir. Rusiya ilə ticarət edən ölkələr, bu bazara şübhə ilə yanaşırlar və öz bizneslərinin Rusiyada genişlənməsini istəmirlər. Bu ölkələr öz səhvlərindən öyrənirlər. Ona görə də ölkələr iqtisadiyyatlarının müxtəlif sahələrini və ixrac bazarını diversifikasiya etmək üçün stimullaşdırır və nəticədə onların məhsulunun keyfiyyəti yüksəlir.

Yaxşı nümunə kimi Gürcüstanı göstərmək olar. Rusiya gürcü şərablarına qadağa qoyduqdan sonra, Gürcüstanın şərab istehsalçıları Qərbi Avropa və ABŞ-da özləri üçün yaxşı bazar yarada bildilər. Bu gün ABŞ mağazaları Gürcüstan şərab markaları ilə doludur. Amma bir neçə il bundan öncə belə bir şeyə rast gəlinmirdi. Digər tərəfdən isə Tbilisi artıq Rusiyadan qaz almır.

Bu yaxınlara kimi Ukrayna istehlak etdiyi bütün qazı Rusiyadan nəql edirdi. Ancaq keçən il Ukraynanın qazının 60%-i Avropadan gəlib. Yerdə qalan 40% isə Rusiyadan nəql olunub. ”Qazprom” qazın qiymətini qaldırdığına görə Kiyev Rusiyadan idxal etdiyi 50 milyard kub metr qazın həcmini 20 milyard kub metrə qədər azaldıb. Enerji əldə etmək üçün qazla işləyən bir çox müəssisələr kömürə keçiblər.

Putinin tətbiq etdiyi taktika onun özünə qarşı çevrilib. Onun cəza üsulları qısamüddətli perspektivdə cəza verilməsi nəzərdə tutulan ölkələrə ziyan vursa da, bu cür taktika müəyyən vaxt keçdikdən sonra Rusiyanın özünə zərbə vurur.
Rusiyanın sanksiyalar tətbiq etdiyi ölkələr içərisində Türkiyə də yer alıb. Kreml bildirir ki, hal-hazırda Rusiyada 200 min nəfər türk işləyir. Bu rəqəm rəsmi məhdudiyyətlərin qoyulmasından və bir çox türkün qorxu hissi keçirb ölkəni tərk etməsi sonra daha da azalıb.

Belə vəziyyət kimə daha çox ziyan verəcək? 75 milyon nəfər əhalisi olan bir ölkə, bir neçə yüz işçinin geri qaytarılması ilə yalnız kiçik bir narahatlıq yaşaya bilər. Amma bəs, ciddi demoqrafik problemlər yaşayan və dayanıqlı iqtisadi böyümə üçün xarıcı işçi qüvvəsinə böyük ehtiyac duyan ölkənin ziyanları necə ola bilər? Demoqrafik problem yaşayan ölkə isə Rusiyadır.

FTX–nin axtarış keçirdiyi Türkiyə bankları iflas olmayacaqlar. Amma maliyyə likvidliyi çatışmadıqda və xarici banklar Rusiyanı tərk etdiyi təqdirdə nə olacaq? Hər dəfə Putin bu cür addımlar atdıqca, o, bu ölkələrin şirkətləri və biznesmenlərini kənara itələmiş olur. Belə olduqda isə həmin şirkətlər bir daha Rusiya bazarlarına çox nadir hallarda qayıdacaqlar. Beləliklə, xarici ölkələrin iqtisadi oyunçuları Rusiyada işləməklə özlərini riskə atmaq istəməyəcəklər.
Bu gün Türkiyənin Rusiya enerji daşıyıcılarından asılılığı, Ukraynanın, Gürcüstanın və digər ölkələrinki kimi deyil. Ümumi həcmdə təbii qaz Türkiyənin enerji istehlakında 35% yer tutur. İl ərzində Türkiyə 55 milyard kub metr qaz istehlak edir. 2000-ci illərin ortasında Ukraynanın istehlak etdiyi qazın həcmi 75 milyard kub metr idi. Əgər adam başına düşən qaz istehlakını hesablasaq, onda bu rəqəm Ukrayna üçün 1630 kub metr olduğu halda, Türkiyə üçün 733 kub metr təşkil edəcək.

Türkiyənin qaz idxalatında Rusiyanın payı bu gün 55 %-dir, lakin perspektivdə Türkiyənin Moskvadan enerji asılılığı yəqin ki, azalacaq. 2018-ci il ildə maliyyə dəyəri 10 milyard dollar olan Transanadolu qaz kəməri ilə Xəzər dənizi rayonundan və Azərbaycandan Türkiyəyə qaz gedəcək. Ümumi yekunda bu xəttin buraxılış imkanları 60 milyard kub metr olmalıdır. Amma bu Türkmənistanın zəngin yataqlarındakı qazın həmin kəmərə qoşulması zamanı baş tuta bilər. Bunun üçün isə Transxəzər boru kəmərinin tikintisi həyata keçirilməlidir.

Yanvarda Türkiyənin BOTAŞ şirkəti Qatari Petroleum firması ilə Qatardan Türkiyəyə sıxılmış təbii qazın nəql olunması ilə bağlı niyyət protokolu imzalayıb.

İsrail ilə Türkiyənin yaxınlaşması isə yaxın gələcəkdə Ankaranın İsraildən qaz alması ilə nəticələnə bilər. Kipr mübahisəsinin həll edilməsi, Türkiyə üçün daha bir alternativ qaz mənbəsinə yol açar (Kiprin dəniz sahillərində qaz yataqları var). Buna görə adanın birləşdirilməsi üçün Kipr, Yunanıstan və Türkiyə üçün məsələnin məqbul həlli yolu tapılmalıdır. Nəzəri baxımdan Türkiyə iki tərəfli münasibətlərin ümumi normallaşması olmadan da Kipr ilə enerji əlaqələri qura bilər.

Türkiyənin önümüzdəki illərdə Rusiyanın enerji şantajı ilə qarşılaşmaması üçün Litva, Polşa və digər dövlətlər kimi, öz sıxılmış qaz obyektlərini və lazımı boru kəməri infrastrukturunu inkişaf etdirəcək. Lazımı anda Rusiya qazının Qatar, İsrail, Kipr və həm də ABŞ sıxılmış qazı il əvəzləmək üçün Türkiyə özünün qaz anbarlarını böyütməyə məcburdur. Hazırda Ankaranın bu istiqamətdə aktiv işləməsinə heç bir şübhə yoxdur. Türkiyə istehlak etdiyi neftin 30 %-ni Rusiyadan alır. Amma qaza nisbətən neftin əvəzlənməsi xeyli dərəcədə asandır.

Putinin türizm sektoruna tətbiq etdiyi sanksiyalar, Türkiyəyə müyyən zərbə vuracaq. Çünki yay aylarında Türkiyənin dəniz kənarı rayonlarında hər il milyonlarla rusiyalı dincəlir. Amma bu məsələdə Ankaraya nisbətən daha çox ziyanı Moskva çəkəcək. Ruslar Türkiyəyə səbəbsiz getmirlər. Bu ölkə onların xoşuna gəlir. Putinin siyasəti nəticəsində isə rusiyalıların üzünə daha bir ölkə bağlanacaq.

Terroristlər Misir səmasında Rusiyanın sərnişin təyyarəsini partlatdıqdan sonra, ruslar başa düşdülər ki, onların bu ölkəyə yolu artıq qapanıb. Səyahətlərə qoyulan formal və qeyri-formal məhdudiyyətlər və həmçinin də beynəlxalq sanksiyaların iqtisadi və psixoloji təsirləri, əksər rusiyalılarda azadlığın məhdudlaşması narahatlığı yaradır. Müəyyən bir vaxtdan sonra isə bütün bunların hamısı Kremlə qarşı narazlıqla nəticələnəcək.

Analoji şəkildə Putinin ixrac məhsullarına qoyduğu qadağalar türklərə nisbətən, sıravi rusiyalılara daha çox zərər vuracaq. Düzdür, Türkiyə və Avropa ixracatçıları müəyyən qədər ziyan çəkiblər, lakin onların məsrəfləri Rusiya xalqına vurulan zərbənin yanında xeyli minimaldır.

Putinin sürprizlərə meylli olmasına baxmayaraq, onun Ankaraya qarşı tətbiq etdiyi sanksiyalar, əvvəlki repertuarlarından götürülmüş tədbirlərindən biridir. Amma bu cür siyasətin effektivliyi və onun yenidən təkrar olunması imkanları hər dəfə zəifləməyə doğru gedir. Putinin cəzalandırmaq istədiyi ölkələr Rusiya iqtisadiyyatından yan keçməklə başqa bazarlara üz tututurlar. Kreml tətbiq etdiyi sanksiyaları qaldırdıqdan sonra isə, bu ölkələrin şirkətlərinin əksəriyyəti yenidən Rusiyaya qayıtmaq istəmirlər. Putinin Türkiyəni cəzalandırmaq cəhdi bumeranq kimi onun özünə doğru qayıdır. Bu Rusiya iqtisadiyyatına ziyan vurur və ümumi yekunda isə Putin rejimini zəiflədir.

(American İnterest)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.