Bakıda polisdən şikayət: - sakinlər evinin önündə cərimələnirlər

1-04-2016, 20:13           
Bakıda polisdən şikayət: - sakinlər evinin önündə cərimələnirlər
Ələkbər Kərimov 30 ildən çoxdur Azadlıq prospekti 114 ünvanlında yaşayır. Həmin ünvanda mənzil alan gündən də avtomobilini binanın arxasındakı meydançada saxlayıb. Heç vaxt da yol polisi ilə problemi olmayıb. Amma son bir ildə nəinki Ələkbər, həmin ərazidə yaşayan və işləyən avtomobil sahiblərinin hamısı əməlli başlı problemlə üzləşib.

Yol polisiləri az qala eni 10 metrdən çox olan meydançanı səki hesab edərək orada saxlanılan avtomobil sahiblərini 20 AZN miqdarında cərimələyir. Məsələn təkcə Ələkbər son bir ayda eyni qayda pozuntusuna görə 120 AZN cərimə ödəyib.

- Əgər avtomobil saxlamaq qadağandırsa, bir nişan qoysunlar, meydançaya qalxan yolu bağlasınlar. Amma bunlar nə nişan qoyurlar, nə də yolu bağlayırlar. Gündə iki üç dəfə gəlib maşınların şəklini çəkir, cərimə yazıb gedirlər, - Ələkbər bildirir.

teref.az baku.ws-ə istinadən bildirir ki, onun sözlərinə görə, bu problemlə Avropa Oyunlarından sonra üzləşiblər. O vaxtadək heç bir qadağa olmayıb. Həmin ərəfədə Azadlıq Prospekti ilə paralel Möhsün Sənani küçəsinə parkomat quraşdırlan gündən meydança səki hesab olunaraq maşınların saxlanılması qadağan edilib.

Bu problemlə üzləşən təkcə orada yaşayan sakinlər deyil. Həmin ünvandakı ticarət və iaşə obyektlərində işləyənlər də eyni problemlə üzləşirlər. Obyektin müştəriləri və işçiləri dəfələrlə eyni qayda pozuntusuna görə cərimələnib.

"Music Gallery" mağazalar şəbəkəsində işləyən Ramiz İsmayılov deyir ki, bu hal mağazanın müştərilərini narazı salır. Mağazanın qarşısında cərimə olunan müştəri ikinci dəfə bura gəlmir:

- Dayanacaq qiymətləri isə bahadı. Müştərilər saxlaya bilər dayanacaqda. Ilk 15 dəqiqə pulsuzdu. 15 dəqiqədən sonra isə saatı 50 qəpik. Bu qiymət müştəriyə sərf edər. Amma mən 10 saat mağazada oluram. 300 AZN əmək haqqı alıram. Az qala maaşımın 50 faizi edir aylıq dayanacaq pulu. 100 AZN-də yanacağa verirəm ayda. Belə çıxır ki mən ancaq yanacaq və dayanacaq üçün işləməliyəm?!

- Bəs harada saxlayırsız maşınınızı?

- Binanın həyətində, harada boş yer tapsam orada. Bir gözümüz də maşında olur. Bilmirik müştərilərlə maraqanaq, yoxsa maşını gözləyək. Küçədə polis görən kimi qaçırıq maşını götürürük, polis gedən kimi yerinə qaytarırıq, - Ramiz əlavə edir. - Polislə siçan pişik oyunu oynayırıq az qala.

- Mən 6-7 ildi burada yaşayıram. Hazırda da heç yerdə işləmirəm. Maşınım da bütün günü binanın qarşısında olur. Pullu dayanacağın da bir saatı 50 qəpikdir. Belə çıxır ki, mən gündə 11 manat dayanacağa pul ödəməliyəm. Yoxsa maşını özümlə evə qaldırım?, - Nizami adlı sakin söhbətə müdaxilə edir.

Nizami deyir ki, buna görə dəfələrlə yol polisləri ilə mübahisələri olub.

- Polis deyir ki, biz qanunu icra edirik, nə dərdniz var rəisə şikayət edin.

Sakinlər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə şikayət etsələr də, problem öz həllini tapmayıb.

- 10 nəfərdən çox sakin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Polisdən bizi arxayın etdilər ki, məsələ həll olunacaq. Doğrudan da bir-iki ay heç kəs cərimə olunmadı. Amma iki aydan sonra yenidən meydançada avtomobil saxlayanlar cərimə olunmağa başladı, - Ələkbər yenidən söhbətə qoşulur.

Yol polisi adətən Yol Hərəkəti Haqqında qanunun 52 maddəsinə istinad edərək ərazidə dayanan maşın sahiblərini cərimələyir. Rafael Hüseynov adlı sakin isə iddia edir ki, orada maşın saxlamaqla heç bir qayda pozuntusu baş vermir.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib ki, bu məsələdə yol polisini qınamaq doğru deyil. Yol Hərəkəti Haqqında Qabnunun tələbləri baxımından polis düzgün hərəkət edir:

"DYP əməkdaşı formal olaraq düz edir. 52-ci maddənin IV hissəsinin 9-cu bəndinə əsasən, səkidə parklanma qadağandır və yalnız bir halda 5.15 nişanı 7.6 lövhəciyindən uyğun olanı ilə birgə qoyulduqda olar. Əgər belə nişanlar yoxdursa, DYP nəinki ayda 5-6 dəfə, gündə 5-6 dəfə də eyni avtomobil sahibinə cərimə tətbiq edə bilər".

- O maddədə yazılıb ki, piyadaların hərəkətinə mane olmursa, səkidə maşın saxlamaq olar. Amma yol polisləri deyirlər ki, bu, bizim problem deyil, harada istəyirsiz saxlayın, səkidə olmaz, - Rafael Hüseynov əlavə edir.

O ki qaldı konkret həmin ünvanda avtomobillərin səkidə dayanmasının piyadaların hərəkətinə mane olmamasına, hqüquqşünas Ərşad Hüseynov hesab edir ki, belə olan təqdirdə problemi həll etməyin bir yolu var.

- Orada yaşayan və işləyən şəxslər adından DYP-yə və Nazirlər Kabineti yanında Yol hərəkəti təhlükəsizliyi komissiyasına müraciət edib müvafiq nişanların qoyulmasına nail olmaq olar.

Ümumilikdə bu problemlə qarşılaşan təkcə Azadlıq Prospektində deyil, Bakının əksər küçə və prospektlərində rast gəlmək mümkündür. Hələ ötən il, Avropa Oyunları ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına məktub ünvanlanıb. Məktubda qeyd olunub ki, şəhərin mərkəzi küçələrində parklanma və durma qəti qadağandır. Qeyd olunan ərazilərdə bununla bağlı müvafiq yol nişanları da quraşdırılıb.Bunlara Neftçilər, Rəşid Behbudov, Azadlıq, Azərbaycan prospektləri və G.Səfərəliyeva, Üzeyir Hacıbəyov, İstiqlaliyyət, Əziz Əliyev, Ə.Cavad, 28 May, Bülbül, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Füzuli, Nizami küçələri və "Nizami" metro stansiyasının qarşısında yerləşən Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsindən Ə.Hüseynzadə küçəsinə qədər olan hissə, Hökumət Evinin ətrafı, (Gənclər meydanı, Qoşa Qala Qapısı), Xaqani adına bağın ətrafı və mərkəzdə yerləşən digər küçələr aiddir. Sadalanan ərazilərdə maşın park edildikdə onlar evakuatorlar vasitəsilə təxliyyə olunurlar. Nəqliyyat vasitəsinin təxliyyəsi mümkün olmadıqda, onların fotoşəkli çəkilir və mərkəzi informasiya sisteminin məlumatı əsasında yerindəcə protokol tərtib edilir. Prokotokolun bir nüsxəsi avtomobilin ön şüşəsinə vurulur, digər nüsxəsi barəsində protokol tərtib olunmuş şəxsin yaşayış üzrə qeydiyyatda olduğu ünvana göndərilir.

Bununla belə avtomobillərin uyğunsuz yerlərdə park edilməsinin tam qarşısının alınması hələlik mümkün olmayıb.

Ekspertlərin qənaətinə görə, bunun əsas səbəbi dayanacaqlarda qiymətlərin yüksək olmasıdır.

Məsələn, Mərkəzi Park Avtodayanacağı, yəni Qış bulvarının altındakı avtomobil dayanacağında 1 saatlıq parkinq qiyməti 50 qəpikdir. "Park Bulvar"ın yeraltı dayanacağında 1 saat 1 AZN, "Nizami" metro stansiyası tərəfdə yeni tikilən çoxmərtəbəli dayanacağın 6 saatı 1 AZN, "Park Center" ticarət mərkəzindəki avtomobil dayanacağının 1 saatı 1 AZN-dir ki, bu da həmin ərazilərdə yaşayan və ya işləyən insanların büdcəsinə uyğun deyil.

Mütəxəssilər hesab edirlər ki, bu problemin kökündən həll etmək üçün dayanacaq xidmətlərində qiymətlər aşağı endirilməli və həmin ərazidə yaşayan və işləyənlər üçün müəyyən saatlarda güzəştlər edilməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.