Rusiya niyə Qarabağda atəşkəs istəyir? - ŞƏRH

4-04-2016, 13:46           
Rusiya niyə Qarabağda atəşkəs istəyir? - ŞƏRH
Aprelin 3-də beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edib.

Buna rəğmən Azərbaycan tərəfi bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi və yaşayış məntəqələrimizi, mövqelərimizi təkrarən atəşə tutulmasını davam etdirəcəyi təqdirdə qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan düşməni darmadağın edərək işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcək.

Politoloq Qabil Hüseynli hesab edir ki, Azərbaycanın bu qərarına baxmayaraq, ermənilər bölgəyə yeni qüvvələr, raket tipli sistemlər, ağır artileriya toplayır, əks hücuma keçməyə hazırlaşır: “Əks-hücumdan öncə, ermənilər bölgədəki mülki əhalinin yaşadığı kəndləri artileriya, minaatanlarla atəşə tuturlar. Ordumuz atəşi dayandırsa da, ermənilərin atəşinə cavab vermək məcburiyyətindədir”.

Q.Hüseynli bildirib ki, hazırda ordumuz uğurlarını genişləndirmək imkanına malikdir: “Amma dünyanın bu məsələni sülh yolu ilə həll ediləcəyinə dair vədlərinə və ermənipərəst qüvvələrin fəallaşmasına cavab olaraq Azərbaycan çox riskə getmək istəmir. Ermənistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) subyektiv qaydada Azərbaycanı ittiham edən qərar çıxarıb. Halbuki, ermənilər hücuma keçib, Azərbayacan tərəfi cavab verib. Həmçinin, Azərbaycan öz ərazisini işğaldan azad etmək istiqamətində hərbi əməliyyat aparırsa, buna KTMT-yə heç bir aidiyyatı yoxdur. Bu gün dünyada hüquqi xaos var. Bu xaosdan müəyyən dövlətlər istifadə etməyə çalışır”.

Dünya ictimaiyyətinin cəbhədə vəziyyət gərginləşən kimi sülhə çağırış etməsinə nünasibət bildirən politoloq bildirib ki, belə çağırışa səbəb Azərbaycan ordusunun Ermənistandan dəfələrlə güclü olması ilə əlaqədardır: “Əgər müharibə genişlənərsə, Azərbaycan qısa müddətdə Dağlıq Qarabağı, digər işğal edilmiş əraziləri azad edə bilər. Buna görə də hazırda Dağlıq Qarabağda yaşayan ermənilər arasında böyük panika höküm sürür.

Birinci, Rusiya atəşkəsin olmasını istəyir. Onlar yaxşı başa düşür ki, atəşkəs olmasa, ermənilər qüvvələrini səfərbər edə bilməyəcək və lazımlı müdafiə amillərini işə sala bilməyəcək. Ona görə də qısamüddətli də olsa, pauza götürmək istəyirlər ki, bu müddət ərzində ermənilərin qorxu, xof əhval-ruhiyyəsi aradan qalxsın, eyni zamanda cəbhədəki müdafiə sistemlərini bərpa edə bilsinlər. Çünki, erməni qüvvələrinin möhkəmləndirilmiş istehkam xətləri dağıdılıb. Ondan sonrakı ərazilər isə sadəcə minalanıb və adi səngər belə yoxdur. Bu şərait isə ordumuza əlverişli şərait yaradır. İndiki şəraitdə ermənilərin atdığı addımlar müəyyən mərkəzlər tərəfindən idarə olunur”, -deyə Q.Hüseynli vurğulayıb.

Q.Hüseynli sabah keçiriləcək ATƏT-in ümumi yığıncağının münaqişənin həllinə təsiri barədə məsələni də şərh edib: “Bu çağırış ermənilər üçün edilib. ATƏT-in Minsk qrupu etimadı itirib. Orada, ABŞ-dan olan həmsədrdən başqa, digərləri açıq ermənipərəst mövqe sərgiləyirlər. Həmçinin, ATƏT-in Minsk Qrupuna elə səlahiyyətlər verilməlidir ki, onlar tərəflərə təsir, təzyiq göstərmək mexanizminə malik olsunlar. Tövsiyələrlə heç nə əldə etmək mümkün deyil. Dünya bir həqiqəti başa düşür, ancaq ifadə etmək istəmir ki, döyüşlər işğal olunmuş Azərbaycan torpaqlarında gedir. İşğalçı ilə işğala məruz qalanı ayırd etmək istəməyənlər tərəflər arasında sülh yaratmaq istəyirlər ki, bu da mümkün deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.