Batan banklar deyil, ölkədir

6-04-2016, 12:02           
Batan banklar deyil, ölkədir
Bankların mövqeləri ona görə zəifləyib ki…

“Son proseslər nəticəsində bankların likvidliyi və kapital mövqeləri zəifləyib”. Bunu yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib. R.Aslanlı bildirib ki, görülən tədbirlərə baxmayaraq, mövcud mənfi tendensiyalar davam edir.

Göründüyü kimi, vəziyyətin nə qədər kritik olduğu hər addımda etiraf olunur. Bir daha təsdiqlənir ki, yeni qurumlar yaratmaq, qulağa xoş gələn sərəncamlar vermək vəziyyəti dəyişə bilməz. Nə qədər ki, hökumət real addımlar atmayıb, əhali öz arxasında dövlətin qayğısını hiss etməyib mənfi tendensiyalar davam edəcək. Süni manat qıtlığı yaratmaq, dolların ucuzlaşdığını tirajlamaq, üç bankı birləşdirmək nəticəni dəyişməyəcək. Bütün bunlar vəziyyətdən çıxmaq üçün yetərli deyil. Maliyyə siyasəti iflasa uğrayıbsa, Maliyyə Bazarlarına Nəzarət Palatası müsbət tendensiya yarada bilməz. Bankların likvidliyi azalmayıb, əhalinin vəziyyəti ağırlaşıb, dolanışıq səviyyəsi aşağı düşüb, banklara etimad ölüb və s. 01.03.2016 tarixinə əhalinin banklardakı əmanətləri 8 milyard 77,3 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, bu rəqəm fevral ayının əvvəli ilə müqayisədə 566 milyon manat azdır. Yanvarda əhalinin əmanətləri 830,6 milyon manat azalmışdı. Beləliklə, 2 ayda azalma 1 milyard 396 milyon manatdan çoxdur.


Şuranın sədr müavini Nigar Məmmədova isə deyib ki, əhalidən məsuliyyətli borclanma təmin edilməlidir.ÿƏhalidən hansı əsaslarla məsuliyyətli borclanma təmin ediləcək? Bu ölkədə borclunun borcu qaytarmasına zəmanət varmı?

Hökumətin maliyyə siyasəti məsuliyyətsizlik üzərində qurulubsa, vətəndaş hökumətin məsuliyyətsizliyi səbəbindən bir ildə iki dəfə devlavasiyanın zərərini çəkibsə, hansı məsuliyyətli borclanmadan danışmaq olar. Əhalinin ödəniş qabiliyyəti zəifləyib, problemli kreditlərin həcmi sürətlə artır və beləliklə, hökumətin yarıtmaz siyasəti bank sektorunu məhv edir.

Bütün bunlardan sonra bankların mövqeyinin zəifləməsi təbidir və bu tendensiyanın qarşısını almaq üçün effektli addımlar hiss olunmur. Yəni batan banklar deyil, ölkədir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.