Oliqarxlarla vergilər naziri arasında savaşın yeni təfərrüatları

25-04-2016, 10:26           
Oliqarxlarla vergilər naziri arasında savaşın yeni təfərrüatları
Fazil Məmmədov niyə qəzəblənib?
“Həqiqətən də biz daha əvvəllər biznesin optimallaşdırılması ilə bağlı düşünürdük. Lakin dövlət başçısının yanvardakı çıxışından sonra bu qərarı təxirə salaraq optimallaşdırma planında dəyişiklik etdik və ixtisarlar həyata keçirmədik. Lakin bu iqtisadiyyatdır. Təəssüflər olsun ki, bizim möhkəmliyimizin ehtiyatı sonsuz deyil.

Yeni bazar şərtlərinə uyğunlaşmağa çalışırıq”. Bu sözləri 1news.az saytına “RAHAT MARKET” supermarketlər şəbəkəsinin rəhbəri Cəlal Babakişiyev şəbəkəyə daxil olan 10 mağazanın bağlanmasından danışarkən bildirib. Onun sözlərinə görə, bu addım qaçılmaz olub: “Etiraf edim ki, mağazaların bağlanması ilə əlaqədar verdiyimiz qərar bizə çox çətin oldu. Lakin bu, faktiki olaraq qaçılmaz idi. Belə ki, bir ildir ki, bu mağazalar gəlirliliyini itirmişdi. Hələlik bizim həmin mağazaların toplaya bilmədiklərini digər mağazalar hesabına təmin etməyə imkanımız vardı. Amma indi o imkanlar da yoxdur. Əlbəttə ki, həmin mağazaların əməkdaşları ilə vidalaşmağımıza təəssüf edirəm. Ümid edirəm ki, onlar tez bir zamanlada işlə təmin olunacaqlar. Hazırda bir neçə marketimizin fəaliyyətinin yenilənməsilə bağlı plan hazırlayırıq. Təbii ki, bu planlar bazarın reallığını nəzərə alacaq”, – deyə Cəlal Babakişiyev bildirib.

Iri pərakəndəçilərin hər hansı bir dövlət orqanına köməklə bağlı müraciət etməsi sualını cavablandırarkən, “RAHAT MARKET” şəbəkəsinin rəhbəri qeyd edib ki, bazar nümayəndələrini iqtisadiyyat naziri Şahin Mustafayev qəbul edib: “Iqtisadiyyat Nazirliyinin rəhbərinin diqqətini yüksək qiymətləndiririk və onu anlayırıq. Sirr deyil ki, fəaliyyət sahəmiz istənilən ölkə üçün strateji cəhətdən əhəmiyyətlidir. Belə ki, supermarketlərin istənilən problemi piştaxtalarda əks olunur. Bu da nəticə etibarilə istehlakçılarda, yəni əhalinin ən geniş qatlarında özünü biruzə verir. Görüşdən sonra mən demək olar ki, jurnalistlərdən qaçırdım. Hər kəs nəticələri bilmək istəyirdi. Belə deyim, çox məhsuldar görüş oldu. Bu görüşdə biz, bir sıra məsələləri, daha çox vergi tutma ilə bağlı suallara toxunduq.

Mən bütün həmkarlarım adından cənab nazirə operativ müdaxilə və problemlərimizi həll etmək istəyilə bağlı minnətdarlığımı bildirirəm. Eləcə də, sizə və sizin redaksiyaya əhalini düzgün məlumatlandırmaq, hadisələrin olduğu kimi təqdim etdilməsilə bağlı təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Rahat”, “Bizim”, “Fresko”, “Səbət”, “Makromart”, “Araz”, “Neptun”, “Bolmart”, “Favorit” supermarketlər şəbəkəsinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət etmişdi. Onlar vergi yükünün azaldılmasını xahiş edirdi. Maraqlıdır ki, bu müraciətdən sonra Vergilər Nazirliyi “Neptun” və “Grand”ın mağazalarında yoxlamalara başladı. “Azadlıq” bunu vergilər naziri Fazil Məmmədovla oliqarxlar arasında savaş kimi qiymətləndirmişdi. Bu qiymətləndirmə əsassız deyildi. Çünki adıçəkilən supermarketlər şəbəkəsinin bir çoxu məmurların nəzarətindədir. Məlumatlara görə, Fazil Məmmədovu daha çox hiddətlənirən iş adamlarının Şahin Mustafayevə müraciəti olub. Bunun bir səbəbi Şahin Mustafayevin vaxtilə Fazil Məmmədovun tabeliyində işləməsidirsə, digər səbəbi iqtisadiyyat nazirinin rəqib qruplaşmada təmsil olunmasıdır. Ehtimallara görə, Fazil Məmmədov yoxlamaları davam etdirəcək. Çünki məsələ artıq qrup savaşına çevrilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.