Kənd Təsərrüfatı Nazirliyinin dotasiya fırıldağı - təfsilat

25-04-2016, 13:40           
Kənd Təsərrüfatı Nazirliyinin dotasiya fırıldağı - təfsilat
Heydər Əsədov fermerlərə 40 manatın verilməsini dayandırıb

Azərbaycanda ötən il kənd təsərrüfatı ili elan edilsə də, Kənd Təsərrüfatı Nazirliyi (KTN) bununla bağlı heç bir tutarlı addım atmadı. Bakunews.az Politika.Az-a istinadən xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədovun qudası olan nazir Heydər Əsədovun özü üçün yaratdığı komanda sözün həqiqi mənasında bacarıqsızlığını ortaya qoydu.

Bildirək ki, Əsədov və komandası əsasən büdcə pullarını dağıtmaqla məşğul olublar. Onların əsas missiyası müxtəlif layihələr adı altında pulların silinməsini həyata keçirməkdən ibarət olub. Məhz bu səbəbdəndir ki, taxıl əkən fermerlərə hər hektar üçün ayrılmış 40 manatlıq kompensasiya dayandırılıb. Fermerlərin verdiyi məlumata görə, hal hazırda fermerlər həmin pulları ala bilmirlər. Üstəlik, durum o qədər qəliz şəkil alıb ki, taxıl əkən vətəndaşlar nə edəcəklərini bilmirlər. Çünki yaranmış borcları qarşılamaq üçün əllərində tutarlı vəsaitləri yoxdur.

Heydər Əsədovun yarıtmaz fəaliyyətinin məntiqi nəticəsi olaraq, artıq bir çox əkin sahələri istismar edilmir. Bunun üçün nazirlik tərəfindən gübrələrin ayrılması, toxumların verilməsi prosesindəki yaranmış durğunluğun müstəsna rolu var. Elə bu səbəbdəndir ki, KTN-ə ümid edən fermerlər əkinçiliyə qol qoysalar da, yardımları görmədiklərindən işlərini yarımçıq saxlamalı olublar.

Gələn xəbərlərə görə, ötən illərdən fərqli olaraq, bu il məhsul istehsalının həcmi nəzərəçarpacaq qədər aşağı düşəcək. Belə ki, fermerlərin çoxu sərf etmədiyindən əkin-biçin işlərini dayandırıblar. Yalnız xırda təsərrüfatların əkinçiliyə davam etməsi isə daxili təlabatı ödəmək gücündə deyil. Halbuki KTN zəruri tədbirlər görərək, vətəndaşlara yardımçı olsaydı, bu il Azərbaycanda bol məhsul əldə edib, təkcə daxili təlabatı deyil, xaricə də çoxlu miqdarda satmaq olardı. Ki, bu da xarici valyuta axını üçün lazımi şərait yaradardı.

Heydər Əsədovun hazırda başı büdcə vəsaitlərinin necə silinməsinə qarışıb. Elə bu səbəbdəndir ki, KTN-in müxtəlif idarələri və şöbələri əsasən kağız üzərində işlər görür, reallıqda isə vəziyyət dramatik şəkil almaqdadır. Məhz büdcədən fermerlər üçün hər hektarın əkilməsi üçün ayrılmış 40 manatlıq dotasiya məsələsi də artıq maxinasiyaya çevrilib. İddia olunur ki, bu pullar büdcədən ayrılsa da, nazirlik onu ödəməkdən imtina edir. Və ya mənimsədiyindən fermerlərə qədər gedib çatmır.

Mənbələr bildirir ki, Heydər Əsədovun bu fəaliyyətindən artıq rəsmi dairələr də məlumat alıblar. Onların bildirdiyinə görə, KTN rəhbərini bununla bağlı yaxın günlərdə çağıraraq, hesabatını istəyəcəkləri gözlənilir. İddia olunur ki, həmin qurumlar korrupsiya halları müşahidə edəcəkləri təqdirdə, nazir üçün heç də yaxşı olmayacaq. Ona görə ki, onun arxasında dayanan qudası Ziya Məmmədovun mövqeləri çoxdan zəifləyib. Hakimiyyət dairələrinin etimadını itirmiş Məmmədova görə, qudasına da hər hansı bir güzəşt olunacağı inandırıcı görünmür.Baku.news/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.