Qarabağ separatçısı sərsəmlədi və aprel itkilərini “unutdu”

29-04-2016, 12:21           
Qarabağ separatçısı sərsəmlədi və aprel itkilərini “unutdu”
Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan yerli əhaliyə müraciəti zamanı ərazilərin qaytarılması ilə bağlı aparılan “əsassız müzakirələri” dayandırmağa çağırıb.

“Bu illər ərzində dəfələrlə deyilib ki, biz keçmişə qayıtmayacağıq, həmçinin torpaqların qaytarılmasına razı olmayacağıq”-deyə, baş separatçı Xankəndi televiziyasına müsahibəsində bildirib. Onun iddiasına görə, Xankəndi özünün “rəsmi” mövqeyini ifadə etmək şansı qazanıb.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Saakyan Dağlıq Qarabağla Ermənistan arasında ziddiyyətlər axtarışına son qoymağa da çağırıb.

Özünü “real qüvvə” kimi təqdim etməyə və danışıqlar masası arxasında oturmağa çalışan separatçı “lider” bir az da irəli gedərək “hələ Azərbaycandan əsas suala cavab alınmayıb ki, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq, ya yox. Əgər yox, onda bizim nəyisə müzakirə etməyimiz mənasızdır”-deyə, sərsəmləyib. Saakyan iddia edib ki, Dağlıq Qarabağın danışıqlarda iştirakı təmin olunmadan münaqişənin həlli mümkün deyil. Bununla belə, o, əlavə edib ki, istənilən formatlı danışıqlar hərbi əməliyyatların aparılmasından yaxşıdır.

Özünü “sülhpərvər” kimi göstərib atəşkəsin pozulmasına görə Azərbaycanı günahlandıran oyuncaq “prezident” Qarabağ silahlılarının itkilərini də açıqlayıb. Ancaq yekə-yekə danışan baş terrorçu aprel itkilərini “unudub”. Yalnız bunu deyib ki, 2015-ci ilin iyulundan 2016-cı ilin 1 aprelinə qədər təmas xəttində 21 erməni ölüb, 113 nəfər yaralanıb. Separatçı lider aprelin 2-dən sonrakı döyüşlərində Qarabağ ermənilərinin nə qədər itki verdiyinə isə şübhəli şəkildə toxunmayıb. Xatırladaq ki, son hərbi toqquşmalarda məhv edilən 100 yaxın erməninin meyiti Ermənistanda basdırılsa da, Qarabağ silahlılarının itkiləri barədə məlumatlar bu günə qədər açıqlanmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.