“”Bomba”lar 3-5 il sonra partlayacaq…” –Ekspertdən bankların durumu ilə bağlı təhlil

4-05-2016, 01:04           

Rövşən AĞAYEV, İqtisadçı

Dünya fond və maliyyə bazarlarında "balon partlaması" haqda çox eşitmisiniz. Sonuncu belə partlama 2007-2008-ci illərdə ABŞ-da ipoteka bazarı ilə paralel maliyyə bazarlarını əhatə edən tarixçəni hamı xatırlayır.

Spekulyativ qiymətlər – öz real dəyərindən yüksək qiymətə üfürdülmüş "balon qiymətləri" – əmlak bazarında yüksək qiymətlər yaratmışdı. Risk menecmentinə fikir vermədən həddən artıq böyük həcmdə ipoteka kreditləri ayrılmışdı, fond və maliyyə bazarlarında başlanan böhran əmlak bazarına keçən kimi qiymətlər sürətlə enməyə, ipotek kreditlərinin qaytarılmasında kəskin problem yaranan kimi Fannie Mae və Freddie Mac kimi ipoteka kreditləri çökməyə başladı.

Azərbaycanda "bank balonu"nun yüksək neft qiymətləri yaratdı. 2005-2014-cü ildə Azərbaycanın mənzil bazarında qiymətlər ən azı 6-7 dəfə bahalandı. 2000-2003-cü illərdə Azərbaycanda ildə maksimum 500-600 min kvmetr mənzil tikilirdi, 2006-2014-cü illərdə həmin göstərici 2-2.4 milyon kvmetr aralığında dəyşdi. Bank sektoru şişirdilmiş qiymətlərlə vətəndaşlara mənzil satan, ofis binası, ticarət-xidmət obyekti tikən tikinti şirkətlərini səxavətlə, amma sələmçi soyğunçuluğu ilə kreditləşdirməyə başladı. 2004-cü ilin sonuna olan məlumata görə, bankların inşaat sektoruna verdiyi kreditlər bütün kreditlərin 4%-dən də bir az çox idi – təxminən 200 milyon manat. Artıq 2014-cü ilin sonunda 15%-ə (təxminən 2.6 milyard manata) çatmışdı.
Köpüyü yaradan 2-ci mənbə istehlak kreditləri oldu – böyük neft pullarının stimullaşdırdığı nəhəng tikinti layihələri, bu layihələrin yaratdığı müvəqqəti və ya mövsümi də olsa, çoxsaylı iş yerləri, həmin iş yerlərindən alınan əmək haqlarının səxavətlə üz tutduğu istehlak kreditləri… 2004-cü ildə istehlak kreditlərinin ölkənin əmək qabiliyyətli əhalisinin hər nəfəri hesabı ilə həcmi 300 manat ətrafında idi, 2014-cü ildə 1600 manatı ötürdü. 2004-də bütün kreditlərin 27%-i, artıq 2014-də 42%-i istehlak kreditinin payına düşmüşdü. Bir bank sektorunun ki, kreditlərinin 60%-i spekulyativ və inhisarçı qiymətlərin formalaşdığı bazarlara məxsus məhsulların (və ya xidmətlərin) istehlakının genişləndirilməsinə xidmət edir, həmin bazarlardakı balonlar partlayan kimi, bank sektoru da onun ardınca partlamalıdır – başqa alternativ yoxdu. Başqa alternativ o olardı ki, kreditlərin 100 manatından azı 60 manatı dəyər yaradan real sektoru maliyyələşdirmiş olsun…
Bundan artıq uzun və yoruculuq olmasın deyə məsələnin məğzini qısa ümumiləşdirim. İllər uzunu yüksək faizlərlə insanları soyan "balonlar" indi də büdcənin üzərinə oturub. Beynəlxalq Bankın "zəhərli aktivləri"ni təmizləmək üçün büdcədən 3 milyard manat yardım edildi, söhbətlər var ki, əlavə 2-3 milyard manat da ayrıla bilər. Əlavə olaraq, Mərkəzi Bankın iri məbləğli mərkəzləşdirilmiş kredit resursarını nasos kimi sorur. İndi bu bankın ölkə iqtisadiyyatına bu qədər ziyan vurması müqabilində verdiyi faydaları da keyfiyyət göstəriciləri əsasında hesabat olaraq təqdim edən hökumət lazımdır.

İndi növbə daha bir banka yardım əlinin uzadılmasına çatdı – söhbət "Standartbank"dan gedir. İlkin olaraq hökumətin banka 6 ay müdətinə 15 milyon manat borc verdiyi deyilir. Məsələ verilən borcun məbləğindn deyil – prosesin nə dərəcədə şəffaf getməsindədi.

Problem ondadır ki, sağlamlaşdırmaya ehtiyac olan tək bu bank deyil. Ona görə də hökumət bank sektorunun sağlamlaşdırılması üçün parlamentdə və cəmiyyətdə müzakirə olunmaq şərtilə strategiyasını açıqlamalı, sağlamlaşdırmanın prinsip və meyarları, dəstəyin həcm və formalarıi, gözlənilən risklər və onların önlənməsi yolları, gözlənilən nəticələr – hamısı həmin sənəddə dəiqiq əks edirilməli və əsaslandırılmalıdır. Problemli kreditlər, kreditlərin yüksək konsetrasiyası (portfelin böyük hissəsinin az sayda borcgötürənlərin əlində cəmlənməsi), banklarda səmərəsiz xərcləmələr hesabına izafi xərclər səhv menecmentin, Mərkəzi Bank tərəfindən prusensial nəzarət tədbirlərinin effektiv olmasının nəticəsidi. Yanlış menecmentə görə məsuliyyət və cəza olmayacaqmı?

Ona görə də heç olmazsa, indiki prosesdə cəmiyyət üçün bütün məqamlar açıq olmalıdır: bank xilas olmaq üçün dövlətdən yardım almaq istəyirsə, rəsmi sahiblərini açıqlamağa borcludur (benefsiar sahiblər).

Problemli kreditlərinin həcmi, risk menecmentindən yol verilmiş yanlışlıqlar hesabat formasında ictimaiyyət üçün tam açıq olmalıdır. Dövlətdən dəstək alan bankların yaxın 5 ildə kredit strategiyası, risk menecmentinə yanaşması, bank xidmətlərinin inkişafı istiqamətində atacağı addımlar açıq müzakirlərdə ortaya qoyulmalıdır.
Belə şəffaf mühit olmayacaqsa, bank sektorunu xilas etmək mümkün olmayacaq.

İndi "balon partlaması"nı müşahidə edirik, indi "qaranlıq otaqlar"da qoyulan "bomba"lar 3-5 il sonra partlayacaq…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.