Ermənistan hansı pulla Hindistandan silah alır? - AKTUAL

29-09-2022, 19:04           
Ermənistan hansı pulla Hindistandan silah alır? - AKTUAL
Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, Hindistan Ermənistana 270 milyon ABŞ dolları dəyərində silah və hərbi texnika satıb. Sentyabrın əvvəlində Ermənistan ordusunu fasiləsiz silah və sursatla təchiz etmək üçün rəsmi İrəvanla Dehli arasında dövlətlərarası müqavilə imzalanıb.

Əslində ciddi siyasi və iqtisadi əlaqələri olmayan, coğrafi baxımdan da xeyli uzaq olan Hindistan və Ermənistan arasında yeni münasibətlər düşünməyə vadar edir.

Hindistan-Ermənistan münasibətlərini təhlil etmək üçün mövzuya bir neçə prizmadan baxaq. İlk olaraq Rusiya ilə münasibətləri son günlər gərginləşən rəsmi İrəvanın uzaq diyarlardan silah istəməsinin səbəblərini araşdıraq.

Hindistanın silahı var?!

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya müsahibəsi zamanı Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Hindistanın Ermənistana silah satmasında daha çox Ermənistanın hansı pullarla bu silahları alması suallar doğurur:

“Hindistan Ermənistana niyə silah satır? Bu sual çoxlarını çaşqınlığa salır. Burada bunun öz məntiqi var. Fakt budur ki, Hindistan yüksək kompüter texnologiyaları sahəsində müasir məhsullar istehsal etməyə başlayan, böyük irəliləyişlərə malik olan, sürətlə inkişaf edən bir ölkədir. Amma indi Hindistan tədricən hərbi-sənaye kompleksini inkişaf etdirir. Və bu səbəbdən Hindistan öz silahlarını satmaqla və silahlarını reklam etməklə qazanc əldə etməkdə çox maraqlıdır. Çünki hələ də Hindistanın öz silahı olmadığına dair (sahib olmadığı) fikirləri gəzir. Və əslində belədir. İndi Hindistan hamının silah istehsal etdiyini və hər kəsin bu müqavilələrdən xəbər bilməsini istəyir. Bu, məsələnin bir tərəfidir.

Sualın digər tərəfi də budur ki, Ermənistan hansı pulla silah alır? Niyə məhz Hindistandan alır?

Düşünürəm ki, Ermənistanın maliyyəsi olmadığını nəzərə alsaq, silahlar Fransa və ya Amerikanın pulları ilə alınır. Fransa və ABŞ (Amerika Birləşmiş Ştatları) istəmir ki, onların pulu Rusiya silahlarının alınmasına getsin. Məhz bu səbəbdən onlar Paşinyana qadağa qoyublar ki, Rusiyadan silah almasınlar. Başqa yerlərdən və Hindistandan silah almağa isə icazə veriblər”, - deyə S.Markov əlavə edib.

Bəs Hindistanın Ermənistana dəstək çıxmasına əsas səbəblər nələrdir? Təbii ki, Hindistan daxilində baş verən proseslərə baxdığımızdan məsələnin bir hissəsi başadüşülən olur. Xüsusən ölkədə yaşayan müsəlmanlara qarşı daxili təxribatların baş verməsi müsəlman ölkəsi kimi tanınan Azərbaycana da aqresiya yaranmasına səbəb olur.

Digər tərəfdən Pakistanın Azərbaycanla qardaşlığı da rəsmi Dehlinin haqq yanında deyil, şəxsi maraqlarından çıxış etməsini sübut edir.

Açından intihara edən Hindistan ordusu Ermənistana necə yardım edə bilər?

Pakistanlı siyasi şərhçi, İslam Gənclər Təşkilatının Prezidenti Hammad Xan Kakar Bizim.Media-ya bildirib ki, hazırda Hindistan regionda ikiüzlü siyasət yürüdür.

“Hindistan regionda həmişə ikiüzlü oyun oynayır. Hindistanın hazırkı hökuməti müsəlmanlara nifrət edir və buna görə də Ermənistanı dəstəkləyirlər, çünki Azərbaycan müsəlman ölkəsidir. Hindistanın Ermənistanı dəstəkləməsinin əsas səbəbi Pakistanın Azərbaycanın yanında olmasıdır. Pakistan həmişə olduğu kimi, hər çətin anında Azərbaycanın yanında olacaq”, - deyə H.Kakar qeyd edib.

Hindistanın istehsal etdiyi silahlara gəldikdə isə H.Kakar ölkənin xüsusi hərbi arsenalının olmadığını qeyd edir.

“Hindistan ordusu o qədər də yaxşı təchiz olunmur və cəsur deyil, hətta hind əsgərləri də aclıqdan intihar edir. Pakistan və Türkiyənin müasir silahları olduğu kimi Hindistan silahları o qədər də müasir ola bilməz”, - deyə o, əlavə edib.

Görünən budur ki, rəsmi Dehli şəxsi maraqlarına görə siyasət oyununu dəyişməyə çalışır. Lakin Hindistanın Ermənistana istər 250 milyon, istərsə də 2 milyardlıq silah satmasından asılı olmayaraq reallıq dəyişməyəcək. Məhv olan erməni ordusunun və Ermənistan vətəndaşının bu gün silaha yox, sabitliyi və yaxşı yaşayışa ehtiyacı var. Bunun təminatçısı isə yalnız Odlar Yurdu Azərbaycandır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.