Ölmüş müxalifəti diriltməyə uğursuz cəhd etmək əvəzinə yeni, gənc müxalifətin yaranmasına yardım etmək lazım gəlir.

15-05-2015, 21:24           
Ölmüş müxalifəti diriltməyə uğursuz cəhd etmək əvəzinə yeni, gənc müxalifətin yaranmasına yardım etmək lazım gəlir.
Müxalifət son həbslərin fonunda yenidən reanimasiya olunmağa cəhd göstərməkdədir. İqtidar opponentləri hesab edirlər ki, vurulmaqda olan oliqarxiya ilə birlik onların revenşına səbəb ola bilər. Suda batan insan saman çöpündən yapışdığı kimi, müxalifət də vurulmuş oliqarxların maliyyə kisələrindən yapışmağı arzulayır. Ortada 6 milyard manatın mənimsənilməsindən söhbət gedir. 6 milyardın bir hissəsi müxalifətə axsa, iqtidar opponentləri revanşa cəhd göstərə biləcəklərin düşünürlər. Lakin burada bir nüans mövcuddur. Nə bu pulları müxalifətə verməyə hazırlaşan var, nə də ki müxalifət ciddi siyasi revanşa hazırlaşır.

Sadəcə olaraq, ortada pul yemək prinsipinin durduğu bəlliidir. Səbəb də göründüyü qədər sadədir.Artıq Azərbaycanda müxalifət yoxdur. Heç kəs ənənəvi müxalifəti reanimə etmək gücündə və həvəsində deyil. Əslində bu yeni xəbər deyil. 2005-ci ildən sonra sözün politoloji mənasında Azərbaycanda müxalifət siyasi güc mərkəzi kimi yoxa çıxıb. Bir çoxları müxalifətin ölümünün, qətlinin, intiharının, bir sözlə yoxluğunun hansı anlama gəldiyinin fərqinə belə varmırlar. Amma düşünməyə dəyər. Lakin ölkədə müxalifətsiz də etiraz edənlərin sayı az deyil. Prinsip etibarilə, bu yeni dönəmin başlanğıcıdır.Yeni dönəmin başlanğıcının sübutu olan əhalinin sosial tələbləri müxalifətin ölümünün səbəbini də izah edir. Əslində şahidi olduğumuz olay, yəni müxalifətin ölümü səbəb-nəticə əlaqəsi qanunauyğunluğunun son təzahürüdür. Məsələ ondadır ki, müxalifət üçün insan amilinin önəmi yoxdur. Yəni, konkret insanın sıradan bir normal fərd, ağıllı, ağıllı dəli, ya da sadəcə dəli olması iqtidar opponentləri üçün önəmsizdir.

Azərbaycanda insanların intiharını da siyasi alver predmetinə çevirmək cəhdləri az olmayıb. Bu iyrəncdir. Çünki bütün hallarda konkret insanın, hətta ən ağır ruhi xəstənin belə atdığı addımların izahı olmalıdır. Yəni insanı hərəkətə keçməyə məcbur edən bir motivi siyasi alverə çevirmək olmaz. Bir sözlə, belə metodların sonu gəlməli idi.

Əslində, insan yalnız bir halda səbəbsiz olaraq intihar edə bilər: yaşamaq, hərəkətə keçmək üçün bütün stimulları itirəndə, yəni mütləq xoşbəxtlik məqamına yüksələndə. Deməli, Azərbaycan cəmiyyətində mütləq xoşbəxt insanlar yaranmağa başlayıb. Bu qanunauyğunluq bütünlükdə cəmiyyət üçün də keçərlidir. Lakin yer boş qalmır. Odur ki, müxalifətsiz cəmiyyət ola bilməz.

Hətta totalitar rejimlərin, avtoritar diktaturaların mövcud olduğu ölkələrdə belə, ümumiyyətlə insan deyilən bir varlığın olduğu bütün ortamlarda müxalifətin mövcudluğu qaçılmazdır. Əks təqdirdə heç nə dəyişməzdi, hər şey olduğu kimi qalardı.

Söhbət müxalifətə öz mövcudiyyətini nümayiş etdirməyə maneçilik törədən demokratik ortamın yoxluğundan getmir. Söhbət müxalifətin, məhz, ölümündən gedir. Bunlar fəqli şeylərdir. Bir də ki, deyilənə görə, Azərbaycan demokratiyanın səviyyəsinə görə bütün dünyaya nümunə ola bilər və örnəkdir. Demokratiyanın səviyyəsinə görə bütün dünyaya örnək ola biləcək bir ölkədə müxalifət ölüb.

Bu acınacaqlıdır. Lakin faciə deyil. Ölmüş müxalifəti diriltməyə uğursuz cəhd etmək əvəzinə yeni, gənc müxalifətin yaranmasına yardım etmək lazım gəlir.

Avropa.info-nun ekspert qrupu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.