Gestapoda sovetlərin adamı – həqiqi Ştirlits olubmu? məxfi sənədlər

16-05-2015, 00:03           
Gestapoda sovetlərin adamı – həqiqi Ştirlits olubmu? məxfi sənədlər
Uzun illər Leonid İliç Brejnevin köməkçisi işləmiş Andrey Andreyeviç Aleksandrov-Agentov artıq qocalmış şefi haqqında maraqlı əhvalat danışmışdı: “Brejnev kinoya baxmağı çox sevirdi, xüsusilə rejissor Tatyana Lioznovanın məşhur "Baharın on yeddi anı" filmini dəfələrələ izləyirdi. Həyatının sonuna yaxın Brejnev artıq xəstəliyi səbəbindən çox vaxt reallıqla xəyal arasındakı həddi görə bilmirdi. Bir dəfə sevdiyi "Baharın on yeddi anı" filminin növbəti nümayişindən sonra soruşur ki, biz kəşfiyyatçı Ştirlitsi necə mükafatlandırmışıq? Brejnevin sualı çaşqın sükutla müşaiyət olunur. Bu süküta Brejnev özünəməxsus cavab verib: "Sizin sükutunuzdan belə başa düşdüm ki, təltif edilməyib. Ştirlitsə Sovet İttifaqı Qəhrəmanı adı verilməsini təklif edirəm". Yaranmış çətin vəziyyətdən o zaman sovet rərbərliyi çıxış yolunu SSRİ Xalq artisti Vyaçeslav Tixonova Sosialist Əməyi Qəhrəmanı adı verməklə çıxır...



Bu filmi təkcə böyük sovet rəhbəri sevmirdi. Gözəl aktyor Vyaçeslav Tixonovun yaratdığı bu obraz bütün sovet vətəndaşlarının qəlbini fəth etmişdi. Filmin tamaşaçıları tez-tez soruşurdular: “Real həyatda Maksim İsayev, qeyri-leqal kəşfiyyatçı Ştirlits və ya onun prototipi mövcud olubmu? “Baharın on yeddi anı" əsərinə son söz olaraq, müəllif Yulian Semyonov yazmışdı: "Şübhəsiz ki, Ştirlits bədii ümumiləşdirmiş obrazdır, daha doğrusu uydurmadır. Bütün bu hadisələrdə yalnız Ştirlits yox idi. Qərb müttəfiqlərinin almanlarla danışıqları faktı isə həqiqətdə olub."

Maksim İsayev heç bir halda yüksək rütbəli SS hərbi qulluqçusu ola bilməzdi. Əslində alman komandanlığı belə yüksək xidməti pilləyə yaxınlaşan hər kəsi diqqətlə yoxlayırdı. Adamın tərcümeyi-halındakı bütün qaranlıq məqamlar, irqin təmizliyi, qohumları yoxlanılırdı. Hətta yüz il əvvəlin arxivlərı qaldırılırdı. SSRİ-də anadan olan Sovet kəşfiyyatçısı heç vaxt Gestaponun aparıcı fiqurlarından biri ola bilməzdi. Ancaq real həyatda bu aparatda işləmiş və onun sirlərini yaxşı bilən adam mövcud olub. O, peşəkar sovet kəşfiyyatçısı olmasa da, etibarlı casus idi. Bu, damarlarında təmiz alman qanı axan, təxəllüsü “Braytenbax” olan Vilhelm Leman idi. Villi Lemanın adı ictimaiyyətə bu yaxınlarda məlum olub. Gestapoda faşist Almaniyasının müdafiə sənayesi və ordu quruculuğuna başçılıq edən bu heyrətamiz insan, 12 il Moskvaya faşizmin dünyada hökmranlığını bərqərar etmək üçün hazırladığı irimiqyaslı planlarını, həmçinin yeni texniki tədqiqatlar haqda qiymətli məlumatlar ötürür.
Əks-kəşfiyyatçı



O, 1884-cü il martın 15-də Leypsiqdə dünyaya gəlib. Lemanın valideynləri təmiz alman idilər, atası müəllim işləyirdi və ailələri ziyalı ailəsi hesab olunurdu. On yeddi yaşına çatan gənc Leman könüllü surətdə hərbi-dəniz donanmasına daxil olaraq, orada on ilə yaxın xidmət göstərir. O, bu müddət ərzində çoxsaylı uzaq səfərlərdə iştirak edir və hətta ruslarla yaponlar arasındakı Çemulpo döyüşünün də şahidi olur. Villi Leman ordudan artileriyaçı-felfebel rütbəsində tərxis olunduqdan sonra Berlin polisində işə düzəlir. Oradakı vicdanlı və bacarıqlı işınə görə onu Berlin polis-prezidiumundakı əks-kəşfiyyat bölümünə köçürürlər. Birinci Dünya Müharibəsi zamanı və ondan sonrakı dövrlərdə də Villi Leman özünü ağıllı və qabiliyyətli kəşfiyyatçı kimi göstərərək, vəzifəsində yüksəlir, çox mühüm təhqiqatlar aparır və həmin bölmənin bütün işləri barəsində tam praktik məlumata malik olur.

Tezliklə Birinci Dünya müharibəsi başlayır. Leman bu müharibədə 3-cü dərəcəli Dəmir Xaçla təltif olunur. Bununla rəhbərlik onun qeyri-qanuni xarici casusların aşkarlanıb həbs edilməsi sahəsində xidmətlərini dəyərləndirmiş oldu. O dövrdə Leman artıq əks-kəşfiyyatda işləyirdi. Villi Leman 1929-cu ildən Sovet İttifaqı üçün casusluq edib. Onun bunu pula hərislikdən və ya nasistlərə qarşı kəskin nifrətindən etdiyini demək çox çətindir. Qeyd edək ki, sovetlər o dövrdə onun xeyrinə casusluaq edənləri yaxşı mükafatlandırırdı. Bir müddət sonra Almaniyada Lemanın böyük antipatiyayla yanaşdığı Hitler tərəfdarları fəallaşmağa başlayırlar. Lemanın məxfi əməkdaşlığa cəlb edilməsi işini, əvvəllər xeyli sayda qüsursuz əməliyyatlar və mürəkkəb işlərin öhdəsindən uğurla gəlmiş tanınmış sovet kəşfiyyatçısı Vasili Zarubin yerinə yetirirdi. 1929-cu ildə Moskva Lemana A-201 casus nömrəsini və gizli “Braytenbax” ləqəbini verir.


Gestapoda sovetlərin adamı



Villi Leman alman əks-kəşfiyyatında işə hələ yenicə başlamışdı. 1933-cü ildə nasistlər hakimiyyətə gəlir, ölkə böyük miqyaslı müharibə hazırlığına başlayır. Tezliklə Hitler gizli polisi – Gestaponu yaradır. Villi Lemanın başçılıq etdiyi əks-kəşfiyyat idarəsini isə Gestaponun tərkibinə keçirirlər. Bundan əlavə o, sovet nümayəndələrinin məsləhəti ilə nasist partiyasına üzv olur. Bir müddət sonra Lemanın rütbəsini artıraraq, SS-ə götürürlər. Beləliklə, alman Villi Leman Gestapoda SSRİ-nin adamına çevrilir. Sovet kəşfiyyatı alman casusunun mükafatını artırır, indi onun verəcəyi məlumat olduqca dəyərli idi. Leman SS-in əməliyyatları, şifrələr, kodlar, gizli yazışmalar və s. haqqında məlumatlar verirdi. Yazışma teleqraflarında istifadə olunan Gestapo şifrlərinə açarı Moskvaya məhz Leman çatdırıb. Bu şifrə açarları ilə Lubyankada Gestaponun xidməti yazışmalarını oxumaq imkanı qazanılır. Sovet səfirliyi onun təhlükəsizliyi haqqında da fikirləşir: Leman üçün ölkəni təcili tərk etməsi üçün pasport və lazımi təhlükəsizlik siqnalları da işlənib hazırlanmışdı. Bundan əlavə o, Almaniyada fəaliyyət göstərən sovet casuslarının bir çox əməliyyatlarda iştirakının təhlükəsizliyini təmin edirdi. 1935-ci ildə Leman SSRİ-ni mühəndis Verner fon Braunun maye yanacaqlı uzaqvuran raketlər üzərində işə başladığı haqda məlumatlandırmışdı. Həmçinin bu dəyərli casus sovet kəşfiyyatına Almaniyanın raket sınaqları üçün 5 poliqonu, xüsusilə gizli, ciddi qorunan Demerits düşərgəsi haqda məlumatlar ötürmüşdü.


Onun ötürdüyü məlumatlar müharibə dövründə sovet hərbi texnikasının inkişafında böyük rol oynadı. Leman Moskvanı Almaniyada istehsal olunan yeni silah növləri – zirehli nəqliyyat vasitələri və özüyeriyən silahlar, tamamilə metaldan hazırlanmış qırıcılar, sinirləri iflic edən zəhərli maddələr kimi mühüm şeylər haqda məlumatlandırmışdı. Leman bir-birindən dəyərli məlumatlarını göndərməyə davam edərkən, qorxunc hadisələr baş verməyə başladı – SSRİ-də başlayan repressiya dalğası xarici kəşfiyyatdan da yan keçmir.



1938-ci ildə Sovet təhlükəsizlik orqanının rəhbəri Beriya, Lemanla əlaqəni təmin edən Zarubin və digər kəşfiyyatçıları geri çağırır. Zarubin sağ qalsa da, işdən uzaqlaşdırılır. Bir çox başqa kəşfiyyatçı ya güllələnir, ya da həbs düşərgələrinə göndərilir. Nəticədə Almaniyadakı sovet kəşfiyyatı alt-üst olur, Lemanla əlaqə pozulur. O özü isə bu zaman uğurla SS-dəki xidmətinə davam edirdi. Hitler höküməti onu yüksək qiymətləndirirdi. Qeyd edək ki, Leman birbaşa Gestaponun rəhbəri Henrix Müllerə tabe idi. Bununla da Lemanın sovetlərlə əlaqəsi kəsilir.




Bir müddət sonra Leman həyatını təhlükə altında qoyaraq, sovet səfirliyinin poçt qutusuna bir məktub atır və onunla əlaqə yaradılmasını xahiş edir. Məktub Kremlə çatdırılır və 1940-cı ilin avqustunda Lemanla əlaqə yaratmaq üçün sovet kəşfiyyatçısı Aleksandr Korotkov Berlinə göndərilir. Görüş zamanı Leman Korotkova bir sıra mühüm materiallar verir. Daha sonra isəLemanla kəşfiyyatçı Boris Juravlyov əlaqə yaradır. Leman mütəmadi olaraq ona gizli məlumatlar göndərir. 1941-ci ildə o, SSRİ-nın ərazisində aparılacaq müharibəyə hazırlıq, həmçinin Sovet İttifaqı ilə qonşu ölkələrin sərhədinə ordu cəmləşdirilməsi haqda məlumatlar verir. Sovet İttifaqına hücumdan üç gün əvvəl Juravlyov Lemanla yenidən görüşür. Leman alman ordusunun SSRİ-yə hücum edəcəyi vaxtı da deyir – 22 iyun 1941-ci il, saat 3-də. O, həmçinin Berlindəki sovet səfirliyinin zəbt olunacağını da bildirir. Juravlyov dərhal məlumatı Mərkəzə çatdırır, məlumat həmin dəqiqə Stalinə verilir. Lakin, növbəti dəfə o, casusun məlumatını şübhə altına alır, dəyərli məlumat hədər gedir. Lemanın dedikləri öz sübutunu tapdıqca onun məlumatlarının 100 faiz doğru olduğu ortaya çıxdı. Lakin artıq gec idi, müharibənin başlanması ilə Lemanla əlaqə həmişəlik pozuldu.



Uzun müddət Lemanın sonrakı taleyi sirr olaraq qalır. Müharibə bitdikdən sonra itmiş qiymətli agent yenidən yada düşür. Müharibədən sonra, sovet kəşfiyyatçıları nasist arxivlərini araşdırarkən, SS-in hauptşturmfüreri Villi Lemanın yarıyanmış qeydiyyat kartını tapırlar. Ordakı qeydlər Lemanın həbsi və o dövrün ən qorxunc həbsxanası sayılan “Plettsenzee”yə göndərilməsi ilə bitir. Lakin yəqin ki, Leman bu qorxunc yerdə uzun müddət əzab-işgəncə görməyib, güman ki, SSRİ ilə əməkdaşlıq edən yüksək çinli SS hərbi qulluqçusu haqda məlumatın yayılmaması üçün onu dərhal güllələyiblər. Gestapo arxivlərində sənədlərin içindən ”Braytenbax” işi ilə əlaqədar olan arayışda deyilir ki, o, Sovetlərin Almaniyanın arxa cəbhəsinə atdığı və gestapo tərəfindən yaxalanmış ”Bek”adlı casus tərəfindən ələ verilib.


Sonralar məlum olacaq ki, onu ələ verən sovetlər tərəfindən Leman ilə yenidən əlaqə qurmaq üçün Almaniyaya göndərilən sovet kəşfiyyatçılarından biri idi. Sonralar axtarış zamanı gestaponun sənədləri içində Villi Lemanla əlaqədar heç bir istintaq və ya məhkəmə işinə rast gəlinməyib. Onun izi tamamilə itirilib. Müharibədən sonra Lemanın həyat yoldaşı Marqarita Sovet əməkdaşlarına söyləyib ki, 1942-ci ilin dekabrında onun ərini təcili işə çağırırlar və o, bir daha geri qayıtmayır. Sonradan onun xidməti yoldaşlarından biri Villinin Gestapoda güllələndiyini bildirmişdi.


Həqiqi Ştirlits – Villi Leman


Sovet İttigaqında da onun kimliyi və casus fəaliyyəti gizli saxlanılıb. ”Braytenbax” agentinin fəaliyyəti haqda sənədlər yalnız 2009-cu ildə məxfilikdən azad edilib. Faşizm üzərində qələbənin 65-ci ildönümü ərəfəsində bu məxfi sənədlər tanınmış tarixçi, kəşfiyyat sahəsində ekspert Teodor Qladkovun işıq üzü görmüş "Əlahəzrət agent" kitabına daxil edilib. Lakin doğrudanmı Villi Leman Yulian Semyonovun məşhur qəhrəmanının prototipi idi? Axı yazıçı bu əsəri yazanda Leman haqda sənədlər hələ məxfilik qrifi altında saxlanılırdı və təbii ki, müəllifin bu sənədlərdən xəbəri ola bilməzdi...

Lakin burda iki vacib nüans var. Ola bilər ki, onun ifşa olunması Gestaponun rəsmi sənədlərində yazıldığı kimi deyil. Çünki, Valter Şellenberq öz memuarlarında yazır ki, gestaponun özəyində uzun illər Reyxin düşmənlərinə mühüm məlumatlar ötürən sovet cacusu ifşa olunmuşdu. Onu təsadüfən ifşa ediblər: belə ki, onun rabitəçisinin həkimə ehtiyacı olub və narkoz altında bilmədən, Moskva əlaqələri haqda danışıb. Həkimlər isə dərhal bu barədə Gestapoya xəbər veriblər. Semyonov Şellenberqin memuarları ilə tanış idi. Əgər xatırlayırsınızsa, Ştirlits də rabitəçisinin həkim müdaxiləsindən sonra çox çətin vəziyyətə düşmüşdü... Bundan başqa, bütün həqiqi sovet agentlərindən məhz Leman, Maksim İsayev kimi, yüksək vəzifə tutmuş və Almaniyanın taleyini həll edənlərlə əhatə olunmuşdu...
Analitik.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.